İranı indi əslində kimlər idarə edir
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin iddia edir ki, Ali lider Əli Xameneinin ölümündən sonra İranda "yumşaq çevriliş" baş verib. Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu dövlət hakimiyyətinin, demək olar ki, bütün rıçaqlarını ələ keçirib.
'The New York Times': ABŞ xüsusi təyinatlıları Yaxın Şərqə çatıb
ABŞ-nin bir neçə yüz xüsusi əməliyyat qüvvəsi Yaxın Şərqə çatıb. Onlar İranla müharibədə prezident Donald Trampa və orduya əlavə seçim imkanı verir. Bu haqda martın 29-da "The New York Times" qəzeti yazıb.
Xəbər adı çəkilməyən iki ABŞ rəsmisinə istinadla yayılıb. Komandolara hələlik münaqişədə konkret rollar verilməyib. Onların artıq regionda olan 50 min əsgərə qoşulacağı, regiona minlərlə dəniz piyadası və elit desantçının da göndərildiyi bildirilir.
Qəzet komandolara "Army Rangers" və "Naval SEALs" qüvvələrinin daxil olduğunu yazır.
Tramp, dövlət katibi Marko Rubio daxil, ABŞ liderləri daha öncə deyiblər ki, əlavə qoşunların yerləşdirilməsi prezidentə İranla bağlı daha çox seçim imkanı verəcək.
Variantlar arasında İranın əsas neft terminalı olan Xarq adasının ələ keçirilməsi ehtimalı da var. ABŞ ordusu həmçinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün yollar axtara bilər. Fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan İran boğazı faktiki bağlayıb.
"Times" yazır ki, xüsusi qüvvələrdən daha bir potensial istifadə İranın İsfahan nüvə obyektində yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi missiyası olacaq.
Xəbərə görə, hərbi ekspertlər xəbərdarlıq edirlər ki, hətta 50 minlik əsgər belə böyük quru əməliyyatı üçün azdır. 2003-cü ildə İraqı işğal edən ABŞ koalisiyasının sayı başlanğıcda 250 minə yaxın idi, - "Times" yazır.
SEPAH 'düşmənlə əməkdaşlıq' ittihamı ilə 103 nəfərin saxlandığını bildirir
ABŞ-İsrail müharibəsi başlayandan İranda "düşmənlə əməkdaşlıq" ittihamı ilə 103 nəfərin həbs olunduğu açıqlanıb. Məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı yayıb.
ABŞ SEPAH-ı terror təşkilatı kimi tanıyır.
Martın 26-da yayılan xəbərdə deyilir ki, saxlanılanlardan 13-ü "təxribat, küçələri təhlükəli hala salmağı, nəzarət məntəqələrinə hücum" planlaşdırıb. Kəşfiyyat qurumu İslam Respublikasına qarşı çıxan media qurumlarına şəkillər göndərmək kimi ittihamlarla 90 nəfərin həbs olunduğunu bildirib.
Son bir ayda "Starlink" peyk internet cihazından istifadəyə görə 16 nəfərə, "filtrdən yayınma vasitələri" satan 400 nəfərə qarşı hüquqi addım atıldığı açıqlanıb.
Fevralın 28-də ABŞ və İsrail İrana hücuma başlayandan İranda oxşar ittihamlarla çoxsaylı həbslər barədə məlumat yayılıb. Məsələn, martın 26-da 466 nəfərin "milli təhlükəsizliyə zərbə vuran onlayn fəaliyyət" və digər ittihamlarla saxlandığı bildirilib.
Dövlət mediası bu müddətdə oxşar ittihamlarla azı min nəfərin saxlanıldığını xəbər verib.
İranda internet kəsildiyindən dövlət mediası bu tip xəbərlər üçün yeganə qaynaqdır. Detalları müstəqil dəqiqləşdirmək mümkün deyil.
İranda 28-ci gündür internet yoxdur
İranda artıq 28-ci gündür internet kəsilib. Bunu dünyada internet kəsintilərini izləyən "NetBlocks" qrupu bildirir.
"İranda internet 648 saatdan çoxdur, artıq 28-ci gündür kəsilib. İranlılar ilin yarısından çoxunu beynəlxalq şəbəkələrdən təcrid olunublar", – "NetBlocks" martın 27-də X-də yazıb.
İranda bu il ikinci dəfədir böyük rəqəmsal təcrid yaranır. Yanvarın 8-də ölkədə irimiqyaslı etirazlar fonunda internet bloklanmışdı.
Hazırda internet trafiki normalın 1 faizini təşkil edir, İranın təxminən 90 milyon əhalisinin əksəriyyəti təcrid olunub.
ABŞ-də yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İran mediasına istinadla bildirib ki, mərkəzi Yəzd əyalətində ""Starlink" avadanlıqlarından istifadə və xarici media qurumlarına xəbər göndərmək" ittihamı ilə altı vətəndaş həbs olunub. HRANA-nın martın 26-da bildirdiyinə görə, bu şəxslərə bağlı 61 bank hesabı dondurulub.