Tramp İranla razılaşma üçün 'çox ciddi fürsət' gördüyünü deyir
ABŞ prezidenti Donald Tramp deyir ki, Tehranla razılaşma əldə etmək üçün "çox ciddi fürsət" görür. O, həftəsonu tərəflərin danışıqlar apardığını, İranın enerji infrastrukturuna zərbələri beş günlüyə təxirə saldığını vurğulayıb.
Martın 23-də "Air Force One" təyyarəsinə minməzdən öncə jurnalistlərə danışan Tramp deyib ki, xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İranın "aparıcı" liderinin təşəbbüsü ilə danışıqlar aparıblar, razılaşma üçün "böyük məqamlar" əldə olunub. O, həmin şəxsin Ali lider Müctəba Xamenei olmadığını əlavə edib.
İran rəsmiləri və dövlətə bağlı media isə belə bir dialoqun baş tutmadığını bildirib.
Çin Hörmüzlə bağlı de-eskalasiya çağırışı edir
Hörmüz boğazında böhranın dərinləşməsi fonunda Çin "idarəolunmaz" vəziyyətlə bağlı xəbərdarlıq edib. Pekin tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.
Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cian martın 23-də Pekində jurnalistlərə deyib ki, münaqişə, Hörmüz ətrafında vəziyyət qlobal enerji təhlükəsizliyini, eləcə də Çinin neft tədarükünü təhdid edir.
"Müharibə daha da genişlənir, vəziyyət yenidən pisləşir, bütöv region idarəolunmaz vəziyyətə sürüklənə bilər", – Cian ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını açmaqdan ötrü İrana verdiyi 48 saatlıq möhlətlə bağlı deyib.
Pekinin İranla əlaqələri var, amma Tehranın ABŞ bazaları yerləşən Körfəz ölkələrinə hücumlarını dəstəkləmir, atəşkəsə çağırıb. İran fevralın sonundan ABŞ və İsrailin zərbələrinə cavab olaraq Körfəz ölkələrində hədəfləri vurur.
Tramp İranla "çox yaxşı" danışıqlardan yazdı
ABŞ prezidenti Donald Tramp İranın elektrik stansiyaları və enerji infrastrukturuna hərbi zərbələri beş günlüyə təxirə saldığını deyir. O, bunu "Truth Social" platformasında yazıb.
Prezident ABŞ və İranın son iki gündə Yaxın Şərqdəki hərbi əməliyyatların tamamilə həlli ilə bağlı "çox yaxşı və məhsuldar" söhbət aparıldığını bildirib.
Bu bəyanat Trampın Hörmüz boğazını açmaq üçün İrana verdiyi möhlət fonunda yayılıb. Daha öncə Vaşinqtonla Tehran arasında hər hansı danışıqlarla bağlı açıqlama verilməyib.
Hörmüzün "tam açılması" üçün Trampın qoyduğu möhlət martın 23-də axşam saat 7:44-də bitir. Hörmüzdən dünyanın neft-qaz tədarükünün təxminən 20 faizi keçir. ABŞ prezidenti deyirdi ki, İran tələbə əməl etməsə, elektrik stansiyaları məhv ediləcək.
İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Fars" xəbər agentliyi mənbələrə istinadla yazıb ki, "Tramp ilə nə birbaşa, nə də vasitəçilərlə kommunikasiya olub".
Yayılan xəbərlərə İsraildən reaksiya gəlməyib. Trampın açıqlamasından sonra İsrail İranın mərkəzinə hava zərbələri endirdiyini açıqlamışdı.
"Reuters" Britaniyanın baş naziri Kir Starmerin sözçüsünə istinadla yazıb ki, "ABŞ prezidenti Donald Tramp ilə İran arasında produktiv danışıqlar alqışlanır, Britaniya Yaxın Şərqdə de-eskalasiya və Hörmüz boğazının açılmasını istəyir".
Trampın sözlərinə görə, İran saziş bağlamağı çox istəyir və bu, beş gün ərzində, yaxud daha az müddətdə əldə oluna bilər. Tramp martın 23-də "Fox Business Network"ə telefonla müsahibəsində bu haqda danışıb. O iddia edir ki, bazar günü (martın 22-də) gecə ABŞ-nin elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə həmkarları arasında danışıqlar olub.
İran Fars körfəzini minalamaqla hədələyir
İranın Müdafiə Şurası, İran sahilləri və ya adaları hücuma məruz qalarsa, Fars körfəzini minalamaqla hədələyib. Bu şura müharibə dövründə qərar qəbulunu mərkəzləşdirmək üçün ötənilki 12 günlük müharibədən sonra 2025-ci ilin avqustunda qurulub.
ABŞ prezidenti Donald Tramp martın 21-də Hörmüz boğazını tam açmaqdan ötrü İrana 48 saatlıq möhlət verib.
Müdafiə Şurası isə bildirib ki, hücuma məruz qalacağı halda, körfəzdə və sahil boyunca bütün giriş yollarını, rabitə xətlərini müxtəlif növ dəniz minaları, sahildən buraxıla bilən üzən minalarla minalayacaq.
Şura əlavə edib ki, belə bir halda, Körfəz uzun müddət Hörmüz boğazına bənzər vəziyyətdə qalacaq - əslində bağlanacaq.