SEPAH-dan elektrik stansiyaları ilə bağlı xəbərdarlıq
İranın elektrik stansiyalarına hücum olarsa, Tehran İsraildə və regionda ABŞ bazalarını elektrik enerjisi ilə təmin edən obyektləri hədəf götürəcək. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.
ABŞ prezidenti Donald Tramp martın 21-də Tehrandan Hörmüz boğazını 48 saat ərzində tam açmağı tələb edib, əks halda, İranın elektrik stansiyalarının vurulub məhv ediləcəyini deyib.
Bu arada "The Wall Street Journal" qəzetinin yazdığına görə, Körfəzdəki ərəb dövlətləri ABŞ administrasiyasına xəbərdarlıq edib ki, İranın elektrik stansiyalarının hədəfə alınması onların enerji və su obyektlərinə qarşı qisas tədbirlərinə yol açar.
Netanyahu: SEPAH komandirləri şəxsən təqib olunacaq
İsrailin baş naziri Binyamin Netanyahu martın 22-də bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli komandirləri şəxsən təqib ediləcək.
"Biz rejimi təqib edirik. SEPAH-ı, bu cinayətkar dəstəni təqib edirik", – Netanyahu ölkənin cənubundakı Arad şəhərinə İranın raket zərbəsindən bir gün sonra etdiyi səfəri zamanı deyib.
"Onları, onların liderlərini, obyektlərini, iqtisadi aktivlərini şəxsən təqib edirik", – o əlavə edib.
İsrail ordusu bildirib ki, İran müharibənin ilk üç həftəsi ərzində İsrailə 400-dən çox ballistik raket atıb, onların təxminən 92 faizi zərərsizləşdirilib.
İsrail hərbçisi İrana casusluq ittihamı ilə həbs edilib
İsrailin "Dəmir Qübbə" kimi tanınan hava hücumundan müdafiə sistemini idarə edən ehtiyatda olan hərbçi İrana məlumat ötürməsi şübhəsi ilə həbs olunub. Onun 26-yaşlı Qüds sakini Raz Koen olduğu müəyyən edilib.
Rəsmi versiyaya görə, o, bir neçə ay İran kəşfiyyatı agentləri ilə əlaqə saxlayıb və onların göstərişi ilə məxfi məlumatların ötürülməsi də daxil, təhlükəsizliklə bağlı müxtəlif tapşırıqları yerinə yetirib.
"The Times of Israel" yazır ki, Koen Telegram vasitəsilə "verbovka" olunub, bazaların koordinatlarını və məsul şəxslərin adlarını ötürüb.
İranda SEPAH-ın sözçüsü öldürülüb
İsrailin hava hücumu zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi sözçüsü Əli Məhəmməd Naini həlak olub.
"Naini martın 20-si səhər ABŞ və İsrailin cinayətkar və qorxaq hücumu nəticəsində şəhid olub", - SEPAH-ın məlumatında bildirilir.
Bundan bir neçə saat əvvəl SEPAH-a yaxın "Fars" agentliyi Naininin bəyanatını yayımlamışdı. Orada o, İranın hətta müharibə şəraitində belə raket istehsalını davam etdirdiyini və silah ehtiyatları ilə bağlı problem olmadığını bildirirdi.
İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq İran ABŞ hərbi bazalarına və Vaşinqtonun Fars körfəzindəki müttəfiqlərinin infrastrukturuna zərbələr endirir.
İranda hava zərbələri nəticəsində Ali lider Əli Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, kəşfiyyat naziri İsmayıl Xətib və yarımhərbi "Bəsic" qüvvələrinin komandiri Qulamrza Süleymani həlak olub.
Bundan əlavə, ölkənin yeni Ali lideri Müctəba Xamenei yaralanıb. Xəsarətlərinin yüngül olduğu deyilir. İran Xarici İşlər Nazirliyi (XİN) ötən həftə onun özünü yaxşı hiss etdiyini bildirib.