İranda SEPAH-ın sözçüsü öldürülüb
İsrailin hava hücumu zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi sözçüsü Əli Məhəmməd Naini həlak olub.
"Naini martın 20-si səhər ABŞ və İsrailin cinayətkar və qorxaq hücumu nəticəsində şəhid olub", - SEPAH-ın məlumatında bildirilir.
Bundan bir neçə saat əvvəl SEPAH-a yaxın "Fars" agentliyi Naininin bəyanatını yayımlamışdı. Orada o, İranın hətta müharibə şəraitində belə raket istehsalını davam etdirdiyini və silah ehtiyatları ilə bağlı problem olmadığını bildirirdi.
İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq İran ABŞ hərbi bazalarına və Vaşinqtonun Fars körfəzindəki müttəfiqlərinin infrastrukturuna zərbələr endirir.
İranda hava zərbələri nəticəsində Ali lider Əli Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, kəşfiyyat naziri İsmayıl Xətib və yarımhərbi "Bəsic" qüvvələrinin komandiri Qulamrza Süleymani həlak olub.
Bundan əlavə, ölkənin yeni Ali lideri Müctəba Xamenei yaralanıb. Xəsarətlərinin yüngül olduğu deyilir. İran Xarici İşlər Nazirliyi (XİN) ötən həftə onun özünü yaxşı hiss etdiyini bildirib.
İranda işçilər gəlirsiz qalıblar
Tikinti sənayesi nümayəndəsi deyir ki, inşaat layihələrinin dayandırılması səbəbindən bu sektorda çalışan işçilərin 80-90 faizi işsiz qalıb və bir çox tikinti sahələri bağlanıb.
Tikinti İşçiləri Assosiasiyası İdarə Heyətinin üzvü Mikayıl Sədiqi hökumətin lazımi dəstəyi göstərmədiyini, müharibə şəraitində işçilərin gəlir və dolanışıqsız qaldığını bildirib: "Düyü və bitki yağı kimi əsas malların həddindən artıq baha qiymətləri və 200-300 faizlik inflyasiya nəzərə alınmaqla, bu cüzi qazancın böyük hissəsi kirayə haqqına gedir".
"Bir işçinin belə bir maaşla belə bir şəraitdə necə yaşaması tamamilə anlaşılmazdır. Biz bu əməkhaqqı səviyyəsi ilə bağlı narazılığımızı açıq şəkildə bildirmişik", - o, sözlərinə əlavə edib.
Pentaqon İranla müharibə üçün 200 milyard dollar istəyir
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları maliyyələşdirmək üçün Konqresdən əlavə 200 milyard dollar istəyə biləcəyini təsdiqləyib. Pentaqonda belə bir sorğunun hazırlandığı barədə daha əvvəl "The Washington Post" və "The New York Times" xəbər vermişdi.
Hərbçiləri lazım olan hər şeylə təmin etmək üçün bu, "kiçik bir qiymətdir", - CNN Trampdan sitat gətirir. O qeyd edib ki, bu məbləğə İrana qarşı müharibə ilə bağlı olmayan digər xərclər də daxildir.
İranın neft tranziti üçün strateji əhəmiyyətli Hörmüz boğazını faktiki olaraq bağlaması fonunda Birləşmiş Ştatların mümkün quru əməliyyatı ilə bağlı xəbərlər yayılmağa başlayıb. Prezident Tramp jurnalistlərə deyib ki, heç yerə qoşun göndərmir, göndərmək qərarına gəlsəydi belə, jurnalistləri agah etməzdi.
İran İsrailin neft emalı zavodunu vurub
İran İsrailin şimalındakı Hayfa şəhərində neft emalı zavoduna zərbə endirib. İsrail mediası və şahidlərin məlumatına görə, zavodda yanğın baş verib, Hayfada elektrik kəsintiləri başlayıb.
Martın 18-də İsrail İrana qarşı hazırkı əməliyyatlar başlayandan bəri ilk dəfə ölkənin qaz infrastrukturu obyektlərinə, xüsusən də "Cənubi Pars" yatağına zərbə endirib. İran buna cavab olaraq region ölkələrinin, o cümlədən Qətər və Səudiyyə Ərəbistanın enerji obyektlərini vurmağa başlayıb.