ABŞ tankerlərdəki İran neftinə sanksiyaları qaldıra bilər
Vaşinqton tankerlərdə qalmış təxminən 140 milyon barel İran neftinə sanksiyaları tezliklə ləğv edə bilər. Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib. Məqsəd İranın Hörmüz boğazını bağlaması fonunda qlobal tədarükü artırmaq, qiymətləri aşağı salmaqdır.
Bessent martın 19-da “Fox Business Network”ə müsahibəsində deyib ki, əlavə neft "10 gündən iki həftəyə qədər tədarükü" qarşılaya, bazarların sabitləşməsinə kömək edə bilər.
Bessent əlavə edib ki, ABŞ Strateji Neft Ehtiyatından dövriyyəyə daha çox neft buraxa bilər. Onun sözlərinə görə, hökumət boğazdan təhlükəsiz keçidin təmin edilməsi üçün Yaponiya ilə danışıqlar aparır, Tokio da öz ehtiyatlarından neft buraxılmasını artıra bilər.
Maliyyə naziri Vaşinqtonun maliyyə bazarlarına müdaxilə etməyəcəyini deyib. Ancaq çatışmazlıqların kompensasiyası üçün fiziki təchizatın artırılmasına fokuslanacağını vurğulayıb.
Bessent xəbərdarlıq edib ki, Çin emal olunmuş yanacaqların "etibarsız" təchizatçısına çevrilib. O, reaktiv yanacaq kimi məhsulların ixracının azaldığını, bunun Asiyada təchizata təzyiqi artırdığını bildirib.
CENTCOM: İranın donanma hədəfləri vurulur
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X platformasında paylaşdığı videoda İranın donanma hədəflərinin vurulduğunu bildirir.
Qeyd edilir ki, ABŞ qüvvələri "Hörmüz boğazında və yaxınlığında beynəlxalq gəmiçiliyi təhdid edən donanma hədəflərini dağıdır".
Kallas: İranın Qətərə hücumları eskalasiyasını artırır
Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas xəbərdarlıq edir ki, İranın Qətərin enerji infrastrukturuna hücumları regionda qeyri-sabitliyi artırır.
"İranın Qətərin enerji infrastrukturuna hücumları xaosu gücləndirir. Aydındır ki, bu müharibədən çıxmaq lazımdır, eskalasiya yox", – o, martın 19-da Brüsseldə Aİ Şurasının iclasından öncə jurnalistlərə deyib.
"Bu, Ukrayna üçün də eyni dərəcədə vacibdir, çünki Rusiya İran müharibəsindən qazanc gözləyir", – Kallas X paylaşımında yazıb.
İran Dünya Kubokunda yarışacaq, amma ABŞ-ni boykot edəcək
İran futbol üzrə Dünya Kubokuna qatılmağı planlaşdırır, amma "Amerika Birləşmiş Ştatlarını boykot edəcək". Bunu İranın Futbol Federasiyasının rəhbəri Mehdi Tac deyib.
İranın qrup oyunlarını ABŞ-də keçirməsi nəzərdə tutulub. Ancaq rəsmilər oyunların başqa yerə keçirilməsi ilə bağlı FIFA ilə danışıqlara başlayıblar. Meksika bildirib ki, lazım gələrsə, İranın oyunlarına ev sahibliyi edə bilər.
FIFA turnir cədvəlini dəyişdirməyib. ABŞ prezidenti Donald Tramp isə xəbərdarlıq edib ki, İran futbolçuları bu ölkəyə gedərlərsə, təhlükəsizlik riskləri ilə üzləşə bilərlər. Tehran bu açıqlamanı rədd edib, komandasının oyunlardan xaric edilə bilməyəcəyini bildirib.
FIFA daha öncə İranın yarışlarda xoş qarşılanacağını vəd edib. Ancaq bu məsələ turnirdən öncə logistika, viza və təhlükəsizliklə bağlı suallar doğurub. Dünya Kubokuna ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək.
İran qrup mərhələsində Belçika, Misir və İtaliya ilə düşüb, Dünya Kubokuna getməsə, onu hansı ölkənin əvəzləyəcəyi bəlli deyil.