Kallas: İranın Qətərə hücumları eskalasiyasını artırır
Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas xəbərdarlıq edir ki, İranın Qətərin enerji infrastrukturuna hücumları regionda qeyri-sabitliyi artırır.
"İranın Qətərin enerji infrastrukturuna hücumları xaosu gücləndirir. Aydındır ki, bu müharibədən çıxmaq lazımdır, eskalasiya yox", – o, martın 19-da Brüsseldə Aİ Şurasının iclasından öncə jurnalistlərə deyib.
"Bu, Ukrayna üçün də eyni dərəcədə vacibdir, çünki Rusiya İran müharibəsindən qazanc gözləyir", – Kallas X paylaşımında yazıb.
İran Dünya Kubokunda yarışacaq, amma ABŞ-ni boykot edəcək
İran futbol üzrə Dünya Kubokuna qatılmağı planlaşdırır, amma "Amerika Birləşmiş Ştatlarını boykot edəcək". Bunu İranın Futbol Federasiyasının rəhbəri Mehdi Tac deyib.
İranın qrup oyunlarını ABŞ-də keçirməsi nəzərdə tutulub. Ancaq rəsmilər oyunların başqa yerə keçirilməsi ilə bağlı FIFA ilə danışıqlara başlayıblar. Meksika bildirib ki, lazım gələrsə, İranın oyunlarına ev sahibliyi edə bilər.
FIFA turnir cədvəlini dəyişdirməyib. ABŞ prezidenti Donald Tramp isə xəbərdarlıq edib ki, İran futbolçuları bu ölkəyə gedərlərsə, təhlükəsizlik riskləri ilə üzləşə bilərlər. Tehran bu açıqlamanı rədd edib, komandasının oyunlardan xaric edilə bilməyəcəyini bildirib.
FIFA daha öncə İranın yarışlarda xoş qarşılanacağını vəd edib. Ancaq bu məsələ turnirdən öncə logistika, viza və təhlükəsizliklə bağlı suallar doğurub. Dünya Kubokuna ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək.
İran qrup mərhələsində Belçika, Misir və İtaliya ilə düşüb, Dünya Kubokuna getməsə, onu hansı ölkənin əvəzləyəcəyi bəlli deyil.
Səudiyyədə emal zavodu vurulub
Martın 19-da Səudiyyənin "Aramco" şirkətinin SAMREF neft emalı zavoduna aviazərbə endirilib. Bu zavod Qırmızı dənizdəki Yanbu limanında yerləşir. Zavoda minimum təsir dəydiyi bildirilir.
Bu zərbədən öncə İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki enerji obyektlərindən təxliyə xəbərdarlığı edib. Buna isə İranın "Cənubi Pars" qaz yatağına hücum səbəb olub.
Yanbu Qırmızı dənizdə kritik ixrac mərkəzidir. İran Hörmüz boğazını faktiki bağlayandan Fars körfəzindən neft daşımaları üçün əsas alternativlərdən birinə çevrilib. Qlobal tədarükün təxminən beşdə biri Hörmüzdən keçir.
BƏƏ-nin Füceyrə limanı da hücumlara məruz qalıb və əməliyyatlar pozulub. Qətərin Ras Laffan LNG mərkəzi də vurulub. Bütün bunlar enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Səudiyyənin Yanbu limanında neft yükləmələri dayanıb. "Reuters" xəbəri martın 19-da iki mənbəyə istinadla yayıb. Səudiyyənin Müdafiə Nazirliyi isə şəhərin üzərində ballistik raketin vurulduğunu bildirib.
Qətərin qaz sənaye mərkəzində gəmiyə "naməlum" mərmi dəyib
Martın 19-da səhər saatlarında Qətərin Ras Laffan qaz sənayesi mərkəzi yaxınlığında bir gəmi vurulub. Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumu bu barədə məlumat aldığını bildirib.
"Bir gəmi naməlum mərmi ilə vurulub. Ekipaj üzvlərinin sağ-salamat olduğu bildirilir", – UKMTO X-də yazıb.
Qətər İranın regiondakı enerji obyektlərini hücumlarını pisləyib. Söhbət Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) enerji obyektlərinə son hücumlardan gedir. Əbu-Dabi bu hücumları beynəlxalq hüququn ciddi pozuntusu, qlobal enerji təhlükəsizliyi, naviqasiya və ətraf mühitə təhdid adlandırıb.
"İranın region ölkələrinə qəddar hücumları dinc şəxsləri, mülki obyektləri və həyati əhəmiyyətli obyektləri hədəf alaraq bütün qırmızı xətləri keçib", – Qətər Xarici İşlər Nazirliyi (XİN) martın 19-da bildirib.