İran Qətərdə qaz habını ikinci dəfə vurur. Tramp xəbərdarlıq edir
ABŞ prezidenti Donald Tramp martın 18-də sosial mediada Tehrana xəbərdarlıq edib. Tramp yazıb ki, İran İsrailin "Cənubi Pars" qaz yatağına hücumuna görə yenidən qisas alsa, Tehran ağır nəticələrlə üzləşəcək. Bu yataq İranın Körfəzdəki enerji infrastrukturunun vacib hissəsidir.
Amma İran bu şərhdən sonra daha bir cavab addımı atıb, Qətərin Ras Laffan sənaye kompleksini 24 saat içində ikinci dəfə hədəfə alıb. Bu zərbələr dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı (LNG) zavodunda yanğınlara səbəb olub.
Tramp sosial mediada yazanda İranın ikinci hücumundan xəbərdar olub-olmadığı bəlli deyil.
Tramp İsrailin daha "Cənubi Pars"a hücum etməyəcəyini deyib, amma şərt kəsib ki, "İran Qətər kimi çox günahsız tərəfi vurmasın". Prezident hədələyib ki, belə hücum olarsa, ABŞ İsrailin köməyi, razılığı olmadan belə ""Cənubi Pars" qaz yatağını bütövlükdə partladar".
O, həmçinin İsrailin "Cənubi Pars"a hücumu haqda Vaşinqtonun öncədən bilgisi olmadığını əlavə edib. Bundan öncə İsrail mediası yazmışdı ki, İsrail qüvvələri hücumu ABŞ-nin razılığı ilə gerçəkləşdirib.
İranlıların küçələrə çıxmasına nə mane olur? 'İran kəşfiyyatı azərbaycanlıları hədələyir'
İsrailin baş naziri Binyamin Netanyahu martın 16-da yaydığı videoda iranlıların Novruz bayramını təbrik edib onları küçələrə çıxmağa çağırsa da, Tehran küçələrində sakitlik hökm sürür. İran Azərbaycanından olan milli fəal Saleh Kamrani deyir ki, İranda insanların bu cür çağırışlara etimadı qalmayıb: "Bombalar altında insanların ilk düşünəcəyi şey özünü, ailəsini, canını qorumasıdır".
İsrail Xəzər dənizində İran donanmasına hücum etdiyini bildirir
İsrail mediası ölkənin hava qüvvələrinin Xəzər dənizində İran hərbi gəmilərini ilk dəfə hədəf aldığını bildirib.
Martın 19-da N12 telekanalı İsrail təhlükəsizlik mənbələrinə istinadla İranın şimalındakı Bəndər liman şəhərinə "qeyri-adi hücum" barədə məlumat yayıb.
İsrail ordusu bu xəbərləri şərh etməyib, SAXAL isə İranın şimalındakı obyektlərə ilk dəfə zərbə endirdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda deyib ki, ABŞ ordusu İranın donanmasını bütünlükdə məhv edib.
İranın Şimal Donanması Bəndər-Ənzəlidə yerləşir.
N12 təhlükəsizlik mənbəyinə istinadla xəbər verir ki, "Biz İran hərbi gəmisinə hücum etdik, bu, dramatik hadisədir".
Vurğulanır ki, ilk dəfədir İsrail ordusu İran donanmasına bu qədər uzaqda, İsraildən 1300 kilometr məsafədə hücum edir.
İran kəşfiyyat nazirinin öldüyünü təsdiqləyib
İran prezidenti Məsud Pezeşkian ölkənin kəşfiyyat naziri İsmayıl Xətibin öldüyünü təsdiqləyib. İsrailin müdafiə naziri İsrael Kats Xətibin martın 18-nə gecə öldürüldüyünü demişdi.
Pezeşkian martın 18-də X paylaşımında Xətibin öldüyünü etiraf edib. O, öncəki hücumlarda həlak olmuş təhlükəsizlik rəisi Əli Laricaninin, müdafiə naziri Əziz Nəsirzadənin adlarını çəkib, onların "qorxaqcasına qətli bizi yasa qərq etdi” deyə yazıb.
Ağ ev isə Xətibin ölümünün ABŞ üçün "yaxşı bir şey" olduğunu bildirib.
Prezident Donald Trampın əsas sözçüsü Karolayn Levitt martın 18-də “Fox News”a Xətibin "tanınmış terrorçu" olduğunu deyib.
“Əlbəttə, bu adam artıq yer üzündə bizimlə deyil. Bu, ABŞ üçün yaxşı haldır. Bu, uzun müddətdir bu yaramaz terrorçu rejimin təhdid etdiyi Amerika xalqı üçün yaxşıdır”, – sözçü vurğulayıb.