Tramp Hörmüzdə hərbi dəniz köməyi istəyir
ABŞ prezidenti Donald Tramp ölkəsinin müttəfiqlərini Hörmüz boğazında gəmilərin hərəkətinin bərpasına kömək etmək üçün dəniz qüvvələri göndərməyə çağırıb. Prezident bu köməyi göstərməyən ölkələri tənqid edib.
"Bəzi ölkələrin qüvvələri artıq ora çatmaq üzrədir. Okeandan keçmək vaxt aparır, amma gerçəkdən buna həvəsi olanlar da var. Bəziləri o qədər də həvəsli deyil və güman edirəm, bəziləri bunu etməyəcək", – Tramp Ağ Evdə tədbirdə deyib, amma konkret ölkə adı çəkməyib.
ABŞ-İsrail fevralın 28-də İrana hava hücumlarına başlayıb. Tehran isə cavabında boğazda gəmiləri təhdid edərək silahlara əl atıb, bu boğaz vasitəsilə Fars körfəzindən keçidi faktiki olaraq dayandırıb. Dünyada neft və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri Hörmüzdən keçir. Boğazın bağlanması isə tədarükü çətinləşdirib, neftin qiymətini yüksəldib, müharibənin qlobal iqtisadiyyata, insanların cibinə daha çox təsir göstərəcəyi sarıda narahatlıqları gücləndirib.
Tramp onu da deyib ki, Fransa prezidenti Emmanuel Makronla boğazın təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaqdan danışıb. O, Makronun cavabını "10-luq şkala üzrə səkkiz" kimi təsvir edib, Fransanın kömək edəcəyinə əminliyini bildirib.
O, Britaniyanın "ən köhnə müttəfiqimiz" olmasına baxmayaraq dəstək verməkdən çəkinməsini tənqid edib. Tramp baş nazir Kir Starmerdən "narazı"lığını dilə gətirib, amma Birləşmiş Krallığın da qatılacağına inandığını deyib. Starmer daha öncə Hörmüzün yenidən açılması üçün "məqbul" variant istədiyini bildirmişdi.
Füceyrədə əməliyyatlar dayandırılıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə limanında neft yükləmə əməliyyatları dayandırılıb. Buna BƏƏ-nin neft sənayesi zonasına dron hücumundan sonrakı yanğın səbəb olub. Xəbəri "Reuters" agentliyi yayıb.
Füceyrə Oman körfəzində, Hörmüz boğazının kənarında yerləşir, günə təxminən 1 milyon barel xam neft bu limandan çıxır. Bu isə qlobal tələbatın təxminən 1 faizi deməkdir.
Hazırda müvafiq qurumların yanğını söndürməyə çalışdığı bildirilir, itki barədə məlumat yoxdur.
Son günlər bu limanda artıq ikinci dəfədir işə böyük fasilə verilir. Füceyrədə əməliyyatlar başqa bir dron hücumundan sonra kəsilmiş, martın 15-də bərpa olunmuşdu.
İran müharibə ilə bağlı azı 500 nəfərin saxlandığını bildirir
İranın təhlükəsizlik rəsmiləri müharibə ilə bağlı azı 500 nəfərin saxlandığını bildirirlər. Onların sırasında xarici xəbər qurumlarına foto və videolar ötürənlərin də olduğu deyilir.
Təhlükəsizlik qüvvələrinin komandiri Əhməd-Rza Radan saxlanılanların təxminən yarısının "ciddi hallar" ilə bağlı olduğunu deyib. Xəbəri "Fars" dövlət xəbər agentliyi yayıb.
Radan bildirib ki, saxlanılanlar arasında ölkə xaricində yaşayan iranlı mühacirlərin "Iran International" telekanalına məlumat ötürənlər, fevralın 28-dən bəri ABŞ-İsrail hava zərbələrində vurulan məkanların fotosunu çəkənlər var.
Ölkənin məhkəmə sistemi bəyan edib ki, həssas obyektlərin və dəyən ziyanın fotosunu çəkmək təhlükəsizliyin pozulması sayıla, buna görə sərt cəzalar tətbiq oluna bilər.
Saxlanılanlarla bağlı əlavə informasiya almaq mümkün deyil.
Bu ilin əvvəlində hökumətə qarşı kütləvi etirazlarda on minlərlə insan həbs olunub, minlərlə etirazçı amansızcasına öldürülüb.
'Axios': G7 liderləri Trampı İranla müharibəni bitirməyə çağırıblar
G7 ölkələrinin liderləri Hörmüz boğazında təhlükəsizliyin mümkün qədər tez təmin edilməsinin vacibliyini vurğulayaraq ABŞ prezidenti Donald Trampı İranla müharibəni təcili bitirməyə çağırıblar. "Axios" mənbələrə istinadən yazır ki, onlayn-söhbət martın 11-i səhər baş tutub.
Tramp cavabında Hörmüz boğazında vəziyyətin yaxşılaşdığını və ticarət gəmilərinin ərazidə hərəkəti bərpa etməli olduğunu bildirib. Martın 12-si gecə İraq sahillərində iki tankerə hücum edilib, bundan sonra hakimiyyət ölkənin bütün neft terminallarında işi dayandırıb.
"Axios"un mənbələrinə görə, Tramp hərbi əməliyyatların son tarixini açıqlamasa da, beş ildən sonra İranla yeni bir müharibəni önləmək üçün "işi bitirmək" lazım olduğunu bildirib.
Amerika prezidenti deyib ki, İran "təslim olmaq üzrədir". "Heç kim liderin kim olduğunu bilmir, buna görə heç kim kapitulyasiya elan edə bilmir", - Tramp sözlərinə əlavə edib.
Bir gün sonra ilk çıxışında İranın yeni Ali lideri Müctəba Xamenei mübarizəni davam etdirməyə və həlak olanların qisasını almağa söz verib. O, həmçinin dünya neftinin 1/5-nin keçdiyi Hörmüz boğazının "təzyiq aləti" kimi bağlı qalmalı olduğunu bildirib.