Miçiqan ştatında sinaqoqa hücum olub
Naməlum silahlı şəxs Miçiqan ştatının Detroyt şəhəri yaxınlığındakı sinaqoqda mühafizəçilərə atəş açıb.
Oklend dairəsinin şerifi Maykl Buşar jurnalistlərə deyib ki, "atəş açan şəxsdən başqa kiminsə xəsarət aldığı barədə məlumat yoxdur".
"The Associated Press" xəbər verir ki, silahlı şəxs sinaqoqun mühafizəçiləri tərəfindən güllələnərək öldürülüb. Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.
WDIV-TV telekanalının polisdəki mənbələrinə görə, hücum zamanı o, yük maşını ilə sinaqoqa girib, maşın alovlanıb, sonra atışma başlayıb.
Hadisənin ABŞ və İsrailin İrandakı hərbi əməliyyatları ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.
İsraildə azərbaycanlılar İran raketlərindən necə qorunurlar
"Hücumların ilk günlərində yorğan-döşəyini də özü ilə götürüb metroya sığınanlar var idi".
Müctəba Xameneidən ilk açıqlama: 'Hörmüz boğazı bağlı qalmalıdır'
İranın ali lideri Müctəba Xamenei deyir ki, Hörmüz boğazı bağlı qalmalıdır. O, Hörmüzün düşmənə təzyiq aləti kimi bağlı qalmalı olduğunu vurğulayıb.
Martın 12-də İranın dövlət televiziyasında M.Xameneinin ali lider seçiləndən bəri ictimaiyyətə ilk müraciəti yayımlanıb. Müraciəti qadın aparıcı oxuyub.
Ali lider müraciətində onu da deyib ki, regiondakı ABŞ bazalarının hamısı dərhal bağlanmalıdır və bu bazalara hücum ediləcək.
O, Tehranın ABŞ və İsraildən kompensasiya tələb edəcəyini, bu alınmasa, onların aktivlərini dağıdacağını söyləyib.
İrana bağlı hakerlər Amerika şirkətinə hücum edib
"Handala" haker qrupu ABŞ-də tibbi texnologiya şirkətinə kiberhücuma görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Bu qrupun İranın Kəşfiyyat Nazirliyi ilə əlaqəli olduğu bildirilir.
Hücuma məruz qalan "Stryker" şirkəti Miçiqan ştatında yerləşir, geniş çeşiddə tibbi avadanlıq və texnologiyalar istehsal edir.
Şirkət əməkdaşı NBC telekanalına anonim deyib ki, işçilərə şirkətin verdiyi mobil telefonlar işləməyib, həmkarlarla əlaqə tamamilə kəsilib.
Hücumun necə gerçəkləşdirilməsinin detalları məlum deyil. Açıq məlumatlara görə, hakerlər şirkətin "Microsoft" hesabına giriş əldə etmiş ola bilərlər. Bir mütəxəssisin sözlərinə görə, "Handala" bu hesabdan bəzi əməkdaşların cihazlarını zavod parametrlərinə sıfırlayıb.
NBC bu hadisəni iki ölkə arasında müharibə başlayandan İranın ABŞ şirkətinə qarşı ilk ciddi kiberhücumu olduğunu bildirir.