Türkiyə səmasında üçüncü raket vurulub
Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, İrandan atılan və Türkiyəyə doğru irəliləyən ballistik raket vurulub. Bu, Türkiyə ilə bağlı artıq üçüncü belə hadisədir.
"İrandan buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatı NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə vasitələri zərərsizləşdirib", – nazirlik bildirib.
Bəyanatda raketin harada tutulduğu dəqiq göstərilməyib, insidentin detallarını aydınlaşdırmaq üçün İranla məsləhətləşmələr aparıldığı vurğulanıb.
Daha öncə yayılmış xəbərlərə görə, ötən gecə Türkiyənin cənubunda ABŞ qüvvələrinin yerləşdiyi İncirlik hərbi hava bazasının yaxınlığında partlayış səsi eşidilib, yaxınlıqdakı pəncərələr titrəyib.
Tramp: İranın donanması məhv edilib, hava qüvvələri 'artıq yoxdur'
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, fevralın 28-də Tehrana qarşı hərbi əməliyyatlar başlayandan hava zərbələri İranı “hərbi, iqtisadi və digər sahələrdə” məhv edib.
“İranın donanması məhv edilib, hava qüvvələri artıq yoxdur, raketlər, dronlar, hər şey məhv edilir, liderləri yer üzündən silinib. Misilsiz atəş gücümüz, tükənməz sursatımız, xeyli vaxtımız var”, – Tramp martın 13-də Truth Social platformasında yazıb.
O, martın 13-də ABŞ və İsrailin hava zərbələrinin yenidən ağır olacağı ilə bağlı xəbərdarlıq edib, “bu gün nə baş verəcəyini görərsiz” deyə yazıb.
Miçiqan ştatında sinaqoqa hücum olub
Naməlum silahlı şəxs Miçiqan ştatının Detroyt şəhəri yaxınlığındakı sinaqoqda mühafizəçilərə atəş açıb.
Oklend dairəsinin şerifi Maykl Buşar jurnalistlərə deyib ki, "atəş açan şəxsdən başqa kiminsə xəsarət aldığı barədə məlumat yoxdur".
"The Associated Press" xəbər verir ki, silahlı şəxs sinaqoqun mühafizəçiləri tərəfindən güllələnərək öldürülüb. Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.
WDIV-TV telekanalının polisdəki mənbələrinə görə, hücum zamanı o, yük maşını ilə sinaqoqa girib, maşın alovlanıb, sonra atışma başlayıb.
Hadisənin ABŞ və İsrailin İrandakı hərbi əməliyyatları ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.
İsraildə azərbaycanlılar İran raketlərindən necə qorunurlar
"Hücumların ilk günlərində yorğan-döşəyini də özü ilə götürüb metroya sığınanlar var idi".