BMT: İsrailin Livana zərbələrindən 700 minədək insan didərgin düşüb
Yaxın Şərqdə münaqişə Livanda humanitar böhranı dərinləşdirib. 84 uşaq öldürülüb, azı 667 min evindən didərgin düşüb. Bunu BMT-nin iki agentliyi martın 10-da bildirib.
Bu ay ABŞ və İsrail İrana zərbələrə başlayandan sonra Tehranın dəstəklədiyi "Hizbullah" Livan qruplaşması İsrailə raket və dronlar atmağa başlayıb. Təl-Əviv isə buna ağır bombardmanla cavab verib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 486 nəfərin öldürüldüyünü, 1 min 313 nəfərin yaralandığını bildirib. Yaralılardan 259-u uşaqdır.
Əraqçi: Vaşinqtonla danışıqlar daha gündəmdə deyil
İranın xarici işlər naziri Abbas Əraqçi deyir ki, Vaşinqtonla danışıqlar daha İranın gündəmində deyil. O xəbərdarlıq edib ki, Tehran raket hücumlarını "nə qədər çəkərsə" davam etdirməyə hazırdır.
"Fikrimcə, amerikalılarla danışmaq daha bizim gündəliyimizdə olmayacaq", – Əraqçi martın 9-da ABŞ-nin "PBS News" televiziyasına deyib.
"Onlara raketlərimizlə hücumları nə qədər lazımdırsa, nə qədər çəkərsə, davam etdirməyə yaxşı hazırlaşmışıq", – o bildirib.
Azərbaycan İrana humanitar yardım göndərir
Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsullarının daxil olduğu açıqlanıb. Yardıma 10 ton un, 6 ton düyü, 2.4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.