Əraqçi: Vaşinqtonla danışıqlar daha gündəmdə deyil
İranın xarici işlər naziri Abbas Əraqçi deyir ki, Vaşinqtonla danışıqlar daha İranın gündəmində deyil. O xəbərdarlıq edib ki, Tehran raket hücumlarını "nə qədər çəkərsə" davam etdirməyə hazırdır.
"Fikrimcə, amerikalılarla danışmaq daha bizim gündəliyimizdə olmayacaq", – Əraqçi martın 9-da ABŞ-nin "PBS News" televiziyasına deyib.
"Onlara raketlərimizlə hücumları nə qədər lazımdırsa, nə qədər çəkərsə, davam etdirməyə yaxşı hazırlaşmışıq", – o bildirib.
Azərbaycan İrana humanitar yardım göndərir
Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsullarının daxil olduğu açıqlanıb. Yardıma 10 ton un, 6 ton düyü, 2.4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Trampa görə, İran 'bir neçə gün əvvəl' təslim olmalı idi
ABŞ İranı tamamilə darmadağın edib, Tehran "bir neçə gün əvvəl" təslim olmalı idi, - ABŞ prezidenti Donald Tramp Mayamidəki otelində mətbuat konfransında bildirib.
"İran böyük və güclü ölkə olmalı idi. Biz onları dəhşətli dərəcədə darmadağın etdik. Nə vaxt "təslim oluruq" deyəcəklərini bilmirəm, amma bunu iki gün əvvəl etməli idilər, elə deyilmi?", - Tramp sual edir.
Onun sözlərinə görə, İranın "heç nəyi qalmayıb".
Bundan əvvəl, martın 6-da Tramp İranla qeyd-şərtsiz kapitulyasiyadan başqa heç bir razılaşma olmayacağını bildirmişdi.
Tramp Putinə zəng edib
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan birsaatlıq söhbətdə əsas diqqət İran və Ukrayna ətrafındakı münaqişələrə, Venesueladakı vəziyyətə yönəlib.
Söhbət zamanı Putin "İran münaqişəsinin tezliklə siyasi-diplomatik həllinə yönəlmiş bir sıra fikir və mülahizələrini səsləndirib". O, Fars körfəzi ölkələrinin liderləri, İran prezidenti Pezeşkian və bir sıra digər ölkələrin liderləri ilə təmaslar barədə məlumat verib.
Təfərrüatlar məlum deyil. Amerika tərəfi hələlik söhbətlə bağlı məlumat yaymayıb.