Tramp CBS-ə müsahibəsində: 'Müharibə tezliklə bitə bilər'
ABŞ prezidenti Donald Tramp "CBS News" müxbiri Vey Cyana müharibənin tezliklə bitə biləcəyini söyləyib. Müxbir X hesabında ABŞ prezidentindən sitat gətirir: "Düşünürəm ki, müharibə, demək olar ki, bitib. Onların nə donanması, nə rabitəsi, nə də hava qüvvələri var".
Trampın İrandakı müharibənin "tezliklə" bitəcəyini deməsindən sonra "Brent" markalı neftin qiyməti 85 dollara düşüb.
Bu azərbaycanlıların Dubaydan təxliyə edilə bilmədiyi deyilir
Dubayda yaşayan Qəmər Babayeva təəssüflənir ki, heç də hər kəs təxliyə oluna bilmir. Təxliyə üçün yalnız AZAL və "Air Arabia" şirkətlərinə aid biletləri olanlar qeydiyyatdan keçə bilərlər: "Səfirlik, konsulluq vətəndaşların təhlükəsizliyi baxımından uçuş təşkil edirsə, bu, kommersiyayönümlü olmamalıdır".
Əliyev Xameneini təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Müctəba Xameneini İran İslam Respublikasının Ali rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm", - Əliyev əlavə edilib.
Martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası dron hücumlarına məruz qalmışdı. Həmin hücumdan sonra prezident Əliyev çıxış edərək baş verənlərə görə İranı günahlandırmışdı. Bundan sonra Azərbaycan iki ölkə arasında yükdaşımaları da dayandırmışdı. Amma martın 8-də İran prezidenti Məsud Pezeşkianın Əliyevə zəngindən sonra iki ölkə arasında münasibətlər bir qədər dəyişib.
AZƏRTAC-ın xəbərinə görə, Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək hadisənin araşdırılacağını vurğulayıb.
Martın 9-dan yükdaşımalar bərpa edilib.
Türkiyə səmasında ikinci raket vurulub
"NATO-nun Şərqi Aralıq dənizi regionundakı havadan müdafiə sistemləri İrandan atılmış ikinci ballistik raketi vurub". Bunu Türkiyə Müdafiə Nazirliyi martın 9-da bildirib.
Ötən həftə də NATO-nun hava hücumundan müdafiə sistemləri İrandan Türkiyə hava məkanına doğru atılan ballistik raketi vurub. NATO üzvü Ankara martın 7-də İrana onun istiqamətinə raket buraxmamaqla bağlı xəbərdarlıq edib.
Türkiyə martın 9-da Şimali Kiprə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Kiprin cənub hissəsində yunan administrasiyası Avropa İttifaqına üzvdür. Ankara isə yalnız adanın şimalındakı türk Kiprini tanıyır.