Çin: İranın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməlidir
Çin ABŞ və İsrailin İranın yeni ali rəhbəri Müctəba Xameneini hədəfə almasına qarşı olduğunu bildirib.
"Pekin istənilən bəhanə ilə digər ölkələrin daxili işlərinə müdaxiləyə qarşıdır, İranın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə hörmət edilməlidir", – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Cyakun belə deyib.
İsrail ordusu martın 8-də X sosial şəbəkəsində yazıb ki, fevralın 28-də ABŞ və İsrail hücumunda öldürülən İranın ali rəhbəri Əli Xameneinin istənilən varisini təqib edəcək.
ABŞ prezidenti Donald Tramp həmin gün "ABC News"a bildirib ki, yeni ali rəhbər "bizim təsdiqimizi almasa, çox davam gətirməyəcək".
Vilqenburq: İran kürdləri Suriya nümunəsindən qorxurlar
"Kürd qrupları Birləşmiş Ştatlardan siyasi tanınma ilə bağlı zəmanət almadan İrana hücuma başlamayacaqlar. Biz Suriyadakı kürd nümunəsini gördük...".
Bunu AzadlıqRadiosuna kürdlər haqda yazan hollandiyalı jurnalist Vladimir van Vilqenburq bildirib.
"Kürd qruplarının İran ilə öz problemləri var, amma onlar hər şeyi itirəcəkləri konfliktə girib risk etmək istəmirlər. Tarix bunu təsdiqləyir. Mahabad Respublikası (1945-1946) sovet dəstəyinin çəkilməsindən sonra dağıldı, 1979-cu il inqilabından sonra isə Xomeyni kürdlərin öz ərazilərinə nəzarəti ələ almasına cavab olaraq onlara qarşı əməliyyata başladı. Onlar Tehrandakı yeni mərkəzi hökumətin belə davranacağından qorxurlar. İraqdakı kürd regionuna bənzər federativ dövlət olmaqla bağlı zəmanət istəyirlər", - deyə o, fikrini əsaslandırır.
Ekspertin müşahidələrinə görə, İrandakı kürdlər həmişə tarixən muxtariyyətə meylli olublar: "Onları müstəqil kürd dövləti maraqlandırmır. Demokratik və dünyəvi federativ İran, habelə İran kürdləri üçün muxtariyyət istəyirlər...".
Müctəba Xamenei yeni ali rəhbər elan edildi. Tramp: ' Görərik nə olacaq'
Müctəba Hüseyni Xamenei İranın üçüncü Ali rəhbəri təyin edilib. Yeni rəhbəri seçməyə məsul Ekspertlər Məclisi bu təyinatı martın 8-də elan edib.
M.Xamenei Ali rəhbər postunda bütün siyasi və hərbi məsələlərdə son söz sahibinə çevrilir, diktator səviyyəsində səlahiyyətlər əldə edir.
Ancaq bu vəzifə onu ABŞ və İsrail qüvvələrinin mümkün hədəfinə çevirir. Onun atası Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana zərbələrinin elə birinci günü qətlə yetirilb.
Bu qərardan öncə ABŞ prezidenti Donald Tramp atasının mümkün varisi sayılan M.Xameneini "qəbulolunmaz seçim", "zəif fiqur" adlandırıb. Tramp bildirib ki, Tehranın seçdiyi şəxs Vaşinqton üçün də qəbulolunan olmalıdır.
"O (növbəti ali rəhbər) bizim təsdiqimizi almasa, çox davam gətirməyəcək", – Tramp ABC News-a deyib, həmin vəzifəyə "uyğun gələ biləcək" çox sayda insanın olduğunu sözlərinə əlavə edib.
Tramp Xameneinin təyinatından az sonra İsrailin "Times of Israel" nəşrinə müsahibəsində bu addımı birbaşa şərh etməyib, "görərik nə olacaq" deməklə kifayətlənib.