İran bildirib ki, Omanda ABŞ ilə danışıqlar tərəflərin "etimadsızlıq divarı"nı aşmağa çalışdığı bir vaxtda yaxşı başlanğıc olub.
İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 6-da Məsqətdə Omanın vasitəçiliyi ilə keçirilən görüşdən sonra dövlət televiziyasına açıqlamasında deyib: "Bu, danışıqlar üçün yaxşı başlanğıc idi. Danışıqların davam etdirilməsi ilə bağlı anlaşma var. Necə davam ediləcəyi paytaxtlarda koordinasiya ediləcək".
ABŞ rəsmiləri danışıqlarla bağlı hələlik açıqlama verməyiblər. Əraqçi isə bildirib ki, görüşün gündəliyi sırf Tehranın nüvə proqramına həsr olunub: "Sonrakı addımlar paytaxtlarımızla məsləhətləşmələrdən asılı olacaq".
ABŞ-nin nümayəndə heyətinə Stiv Uitkoff, İran təmsilçilərinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
"Bu danışıqlar getdiyi vaxtda İran rejiminə xatırlatmaq istəyirəm ki, prezidentin ixtiyarında diplomatiyadan başqa xeyli seçim var, o, dünya tarixində ən güclü ordunun ali baş komandanıdır", – Ağ evin mətbuat katibi Kerolayn Livitt fevralın 5-də jurnalistlərə deyib.
Əraqçi görüşdən öncə sosial media postunda yazıb ki, Tehran danışıqlara "yaxşı" inamla gedir, danışıqlar bərabər əsasda keçirilməlidir.
"Bərabər mövqe, qarşılıqlı sayqı, qarşılıqlı inam ritorika deyil, davamlı razılaşmanın tələbi, sütunlarıdır", – o yazıb.
Tərəflər arasında son konfrontasiya İranda iki həftə çəkən iğtişaşlar fonunda yaranıb. İnsan haqları qrupları minlərlə etirazçının öldürüldüyünü bildirir. Tramp isə İranı etirazçıların həbs, yaxud edam olunacağı halda vurmaqla hədələmişdi.
Tramp hərbi variantları açıq saxlayır, amma həm də İranın nüvə proqramını cilovlamağa çalışır. Tehran nüvə proqramının dinc məqsədli olduğunu bildirir.
Vaşinqton Türkiyədə çoxtərəfli sammit keçirməkdə, Tehran isə Omanda ikitərəfli görüşdə israr edirdi. Regional tərəfdaşların müdaxiləsindən sonra ABŞ Məsqətə razılaşıb.
Dövlət katibi Marko Rubio fevralın 4-də deyib ki, ABŞ danışıqların yalnız nüvə üzrə aparılmasında maraqlı deyil.
Rubio həmçinin İran rəhbərliyi ilə xalqı arasında kəskin xətt çəkərək deyib ki, "İranın dini səviyyədə rəhbərliyi İran xalqını əks etdirmir".