Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bu həftə administrasiya rəsmilərinə təqdim etdiyi məxfi təhlilə görə, İran ABŞ-nin dəniz blokadasına ən azı üç-dörd ay tab gətirə bilər. "The Washington Post" sənədlə tanış olan dörd nəfərə istinadən yazır ki, bu nəticə prezident Donald Trampın müharibənin başa çatacağına dair nikbinliyi barədə yeni suallar yaradır.
Qəzetin yazdığına görə, ABŞ kəşfiyyat icmasının təhlilində o da deyilir ki, ABŞ və İsrailin həftələrlə davam edən intensiv bombardmanına baxmayaraq, Tehran ballistik raket imkanlarını qoruyur.
Bir ABŞ rəsmisinin sözlərinə görə, İran müharibədən əvvəlki mobil raket qurğularının 75 faizini və raket ehtiyatlarının 70 faizini qoruyub saxlaya bilib. Hətta rejimin yeraltı anbarlarının, demək olar, hamısını yenidən istifadəyə qaytarmasına və zədələnmiş raketlərin bir qismini təmir etməsinə dair sübutlar var.
Prezident isə İranın raket arsenalının böyük hissəsinin məhv edildiyini, əvvəlki ehtiyatın cəmi 18-19 faizinin qaldığını bildirib.
"The Washington Post"a danışan ABŞ rəsmilərindən birinin qənaətinə görə, İranın uzunmüddətli iqtisadi təzyiqlərə tab gətirmək potensialı hətta CIA-nın qiymətləndirməsindən də yüksəkdir: "Oxşar rejimlərin illərlə embarqolar və intensiv hava zərbələri şəraitində belə öz mövcudluğunu qoruyub saxladığını görmüşük".
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hava zərbələrinə başlayandan sonra Tehran Vaşinqtonun Fars körfəzindəki müttəfiqlərinə raket və dron hücumları həyata keçirib, Hörmüz boğazını faktiki olaraq bağlayıb. Müharibəyədək dünyada neft və qaz tədarükünün 20 faizi bu boğazdan keçirdi.
Mayın 4-də ABŞ prezidenti Donald Tramp Fars körfəzində blokadada qalmış gəmiləri müşayiət etmək və boğazın açılmasına nail olmaq üçün dəniz əməliyyatına başlanıldığını elan edib. Vaşinqton özünün son sülh təklifinə Tehrandan cavab gözlədiyi üçün bu təşəbbüs az sonra dayandırılıb.
İran iqtisadiyyatı isə müharibənin fəsadlarından, artan inflyasiyadan və iqtisadi yanlış idarəetmədən əziyyət çəkir.