ABŞ-nin İrana endirdiyi zərbələr genişmiqyaslı hərbi kampaniyanın başlanğıcı deyil, Tehrana ünvanlanmış məhdud xəbərdarlıq mesajıdır. Bunu həm ABŞ rəsmiləri, həm də regional təhlükəsizlik ekspertləri bildirir. İyunun 9-da Vaşinqton İranın bir neçə hava hücumundan müdafiə və radar sistemlərinə zərbələr endirib, bunun "Apache" helikopterinin vurulmasına cavab olduğunu açıqlayıb.
ABŞ rəsmilərindən biri AzadlıqRadiosuna bildirib ki, əməliyyat davam edir və əsas diqqət hava hücumundan müdafiə vasitələri ilə radar qurğularına yönəlib. İran dövlət mediası isə Hörmüzqan vilayətinin Sirik, Bəndər-Abbas, Minab və Qeşm adası da daxil olmaqla bir neçə bölgəsində partlayışlar barədə xəbər yayıb.
Bu arada Tramp administrasiyası Tehranla danışıqları davam etdirir.
Bir neçə ABŞ rəsmisi jurnalistlərə deyib ki, hərbi əməliyyatların diplomatik səyləri pozacağını gözləmirlər. Bir vəzifəlinin sözlərinə görə, prezident Donald Tramp hələ də İranla sülh sazişinin mümkün olduğuna inanır. Digər rəsmi isə zərbələri "xəbərdarlıq atəşi" adlandırıb. Bu o deməkdir ki, Vaşinqton hərbi cavab verməyə hazır olduğunu nümayiş etdirir, amma eyni zamanda daha geniş münaqişəyə yol aça biləcək addımlardan çəkinir.
Konqres cavab tələb edir
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson jurnalistlərə açıqlamasında İrana qarşı endirilən "müdafiə xarakterli və hədəfli" zərbələr barədə məlumatlandırıldığını bildirib.
Konqresdəki respublikaçılar daha açıq danışıblar. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers deyib ki, ABŞ helikopterinin vurulmasına cavabsız qalmaq olmaz: "Biz qətiyyətli cavab verməliyik. Heç kim bizim helikopterimizi vurub cavabsız qala bilməz".
Nyu-Cersi ştatından olan demokrat konqresmen Coş Qotthaymer İranın amerikalı hərbçiləri öldürməyə cəhd etdiyini bildirib və hərbçilərin “cəsarətini və sürətli reaksiyasını” tərifləyib.
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu yazır ki, hər iki partiyanın ortaq mövqeyi ABŞ hərbçilərinə edilən hücumların Vaşinqtonda güclü siyasi təzyiq yaratdığını göstərir. Halbuki, tərəflərin Yaxın Şərq siyasətinə fərqli yanaşmaları var.
Ekspertlər: Bu zərbələr müharibəyə aparmır
AzadlıqRadiosuna danışan təhlükəsizlik ekspertləri zərbələrin çəkindirici məqsəd daşıdığını, diplomatiyaya yer saxladığını deyirlər.
İstefada olan vitse-admiral Robert Marrett əməliyyatı məhdud müdafiə tədbiri kimi qiymətləndirib. O, CENTCOM-un zərbələri "proporsional" adlandırmasına diqqət çəkir, bu ifadənin qarşıdurmanı genişləndirmək deyil, nəzarətdə saxlamaq niyyətindən xəbər verdiyini vurğulayır.
Ekspertin fikrincə, həm Vaşinqton, həm də Tehran mümkün razılaşmaya təhdid yaradacaq addımlardan qaçmağa çalışır. Onun qənaətincə, hərbi təzyiq və diplomatiya paralel şəkildə davam edir, amma uzunmüddətli məhdud qarşıdurma ehtimalı qalır.
Vaşinqtondakı Amerika Universitetinin eksperti, keçmiş israilli diplomat Den Arbell deyir ki, "Apache" helikopteri insidentindən sonra Vaşinqton ABŞ qüvvələrinə hücumların cavabsız qalmayacağını göstərməyə məcbur idi. Eyni zamanda o, əməliyyatı "cərrahi dəqiqliklə" və "taktiki" həyata keçirilmiş, məhdud xarakterli güc tətbiqi kimi qiymətləndirib.
Arbellə görə, Tehrana ikibaşlı mesaj göndərilib: ABŞ öz personalına edilən hücumlara cavab verəcək, eyni zamanda gərginliyin azaldılması, dəniz yollarının açılması və İranın nüvə proqramı ilə bağlı mübahisələrin həlli üçün danışıqlara sadiq qalır.
Diplomatiyanın sınağı
İndi ABŞ administrasiyası müttəfiqlərinə və rəqiblərinə göstərməlidir ki, hərbi cavab və diplomatiya bir-birini çıxdaş etmir.
ABŞ rəsmiləri zərbələri "xəbərdarlıq atəşi" adlandıraraq danışıqların "hələ də yaxın" olduğunu vurğulayır. Bu isə Ağ evin çəkindirmə ilə diplomatiya arasında balans yaratmağa çalışdığını göstərir.
Tehranın bu əməliyyatı necə qəbul edəcəyi isə növbəti mərhələni müəyyənləşdirəcək. Əgər İran cavab verməsə, bu zərbələr daha geniş diplomatik prosesin qısa, amma mühüm epizoduna çevrilə bilər. Əgər Tehran hərbi cavab versə, Konqres və regional tərəfdaşlar Vaşinqtona daha sərt addımlar atması üçün təzyiqi artıra bilər ki, bu da administrasiyanın danışıqları davam etdirmək imkanlarını sınağa çəkəcək.