Böyük Britaniya biznesmen Roman Abramoviçin "Çelsi" futbol klubunun satışından əldə etdiyi 2.5 milyard funt sterlinqin (3 milyard ABŞ dolları) Ukraynanın humanitar ehtiyacları üçün köçürülməsini tələb edir. AzadlıqRadiosunun rus xidməti Londonun buna lisenziya verdiyini yazır.
Lisenziyanın şərtlərinə görə, vəsait Ukraynada humanitar məqsədlərə yönəldilməlidir. Gələcəkdə əldə oluna biləcək mənfəət isə bütün dünyada münaqişə qurbanlarına yardıma xərclənə bilər. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, Abramoviç vəsaiti köçürməzsə, hökumət məhkəməyə müraciət etməyə hazırdır.
"Bugünkü lisenziya vaxt uzatmağa yer qoymur. Roman Abramoviç "Çelsi"nin satışı zamanı qoyulan öhdəliyi yerinə yetirməli, 2.5 milyard funt sterlinqi Ukrayna üçün humanitar məqsədlərə köçürməlidir. Bunu könüllü etməzsə, hökumət buna məhkəmə yolu ilə nail olmağa hazırdır. Hər bir qəpik Putinin qanunsuz müharibəsinin qurbanlarına çatmalıdır", – Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib.
Vəsaitin Ukraynaya yardım fonduna köçürülməsi London klubunun satışı üzrə razılaşmanın şərtlərindən biri idi. Sövdələşmə 2022-ci ilin mayında bağlansa da, pullar hələ də köçürülməyib. Hazırda vəsait Abramoviçə məxsus şirkətlərdən birinin dondurulmuş hesabında saxlanılır. "The Daily Mail" yazıb ki, Abramoviç vəsaitin köçürülməsi ilə bağlı sazişi imzalamaqdan imtina edir, pulların bir hissəsinin müharibədən zərər görmüş rusiyalılara yönəldilməsini istəyir.
Rusiya Ukraynaya müdaxiləyə başlayandan R.Abramoviç Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ehtimalına görə yaşadığı Böyük Britaniyada sanksiya siyahısına salınıb. Sanksiyalar onun aktivlərinin dondurulmasını nəzərdə tuturdu. Amma hakimiyyət Abramoviçə "Çelsi"ni amerikalı biznesmen Todd Bouli və "Clearlake Capital" özəl investisiya şirkətinə satmağa icazə verib. Amma şərt qoyulub ki, satışdan əldə olunan 2.5 milyard funt sterlinq Ukraynada müharibədən zərər çəkənlərə yardım qurumlarına ianə edilsin.