Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 22:27

Hökumət bloqer Əbdül Əbilova azı 4 min avro kompensasiya ödəməli olacaq

Əbdül Əbilov
Əbdül Əbilov

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı növbəti qərarı bloqer Əbdül Əbilovun şikayəti üzrə çıxarıb. Məhkəmə 2013-cü ildə narkotik ittihamıyla həbs olunmuş bloqerə münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusunu tanıyıb. Azərbaycan hökumətinin üzərinə ona mənəvi zərərə görə 3 min 600 avro, məhkəmə xərclərinə görə isə 500 avro kompensasiya ödəmək öhdəliyi qoyub.

Ə.Əbilov “Facebook” sosial şəbəkəsində “Yaltaqlara dur deyək” səhifəsini idarə edirdi. Avropa Məhkəməsinə ərizəsində də vurğulanıb ki, narkotik ittihamı saxta idi, həbsi sərf bloqer fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıyıb. Bu üzdən ərizəsində Avropa Konvensiyasının 6-cı maddəsiylə yanaşı, 10 (ifadə azadlığı) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmaması) maddələrinin də pozuntusunun tanınması məsələsi qoyulmuşdu. Lakin bu pozuntular tanınmayıb.

Avropa Məhkəməsi özəlliklə Ali Məhkəmədə Ə.Əbilovun ədalətli mühakimə hüququnun pozulduğu qənaətinə gəlib. Aşağı instansiya məhkəmələrində onun hüquqlarını müdafiə etmiş Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verildiyindən Ali Məhkəmədə o, yeni vəkillə müqavilə bağlamalı olub. Bu vəkil də cinayət işinin materiallarıyla tanışlıq üçün Ali Məhkəmədən əlavə vaxt istəsə də, ona bu imkan verilməyib. Ali Məhkəmə müdafiə tərəfinin iştirakı olmadan Ə.Əbilovun kassasiya şikayətinə baxıb.

Avropa Məhkəməsi də bütün bunları pozuntu kimi dəyərləndirib.

Xatırlatma

1982-ci il təvəllüdlü Əbdül Əbilov 2013-cü ilin noyabrında Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 5 il 6 ay həbs cəzası kəsilib. Yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxlayıb.

2017-ci ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan bloqer narkotik ittihamının saxta olduğunu, sosial mediadakı paylaşımlarına görə cəzalandırıldığını bəyan edib.

Rəsmilər bir qayda olaraq, vurğulayırlar ki, ölkədə söz azadlığı var, heç kim peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var ki, onların da bir hissəsi jurnalist və bloqerlərdir.

XS
SM
MD
LG