Türklərin təxminən 30%-i qanunların şəriətə əsaslanmasının tərəfdarıdır. 40% isə hesab edir ki, qanunlar şəriətdən qaynaqlana bilməz.
İran tam şəriət qanunlarıyla idarə olunur. Misir prezidentin idarə etdiyi respublika olsa da, dini partiyaların nüfuzu şəriətə etimadın böyük olduğunu göstərdi. Parlamentli respublika Türkiyədə isə tam dünyəvi konstitusiya hakimdir.
Azərbaycan prezidentin idarə etdiyi konstitusiyalı respublikadır. Bəs Azərbaycanda şəriət nə vaxtsa konstitusiyadan üstün tutulmaz ki?
Filosof Niyazi Mehdi deyir ki, Azərbaycanda çox adam şəriətin nə olduğunu bilmir:
«Mən bu sahədə araşdırma aparmamışam, amma onu deyə bilərəm ki, Azərbaycanda çoxları şəriətin nə demək olduğunu bilmir. Kimsə desə ki, şəriətə üstünlük verir, düşüncəylə deməyəcək, çünki şəriət çoxları üçün sadəcə ilahi əsası olan qanunlardır. Amma belə deyil. Məncə, əhaliyə hər şey düzgün başa salınsa, konstitusiyaya üstünlük verəcək, nəinki şəriətə».
Dinin ictimai həyatda rolu müsəlman dünyasında, eləcə də Qərbdə mübahisələrə səbəb olan mövzulardan biridir.
Və şəriətə qarşı çıxan çox vaxt qadınlar olur. Amma «Gallup»ın apardığı sorğu göstərib ki, şəriətlə bağlı qadınlarla kişilərin mövqeyində elə bir fərq yoxdur. Hər halda Türkiyə, İran və Misirdə sorğunun nəticələri belə deməyə əsas verir.
İranda kişilərin 62, qadınların isə 64%-i deyib ki, qanunlar şəriətə əsaslanmalıdır. Misirdə qadınların da, kişilərin də üçdə ikisi hesab edir ki, şəriət qanunların yeganə mənbəyi olmalıdır. Türkiyədə isə qadınların da, kişilərin də 40%-i qanunların şəriətə əsaslanmasının əleyhinədir.
Sorğu onu da göstərib ki, şəriət tərəfdarlarının çox yaşlılardır.
|
|
|
|
|