«Bu aksiyalar təşkil olunub». Təhsil naziri Misir Mərdanov iyunun 13-də keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, mərkəzləşdirilmiş testdən kəsilmiş şagirdlərin valideynlərini kimlərsə məqsədli şəkildə yönəldir: «Aksiyaçılar üçün xüsusi avtobuslar da təşkil olunur. Onlar bizim gördüyümüz müsbət işə qarşı çıxan qüvvələrdir. Onlar istəyirlər ki, bu iş pozulsun».
Təhsil naziri təklif edir ki, parlament, Prezident Aparatı nümayəndələri, valideynlər və mətbuatın iştirakı ilə testdən kəsilənlər yenidən imtahan versinlər:
«Özlərini bir də yoxlasınlar. Əgər anlaşılmazlıq olubsa, cavab versinlər və qiymət alsınlar».
Misir Mərdanov testin nəticələrindən razı olduğunu da deyib: «Doqquz min şagirdin imtahandan kəsilməsini faciəyə çevirmək olmaz».
Təhsil naziri narazı valideynlərlə də görüşüb. Onlara təkrar imtahanların keçirilməsinə razı olduğunu deyib: «Bu il güzəştlər olacaq, amma gələn il yaşayarıq görərik».
İyunun 6-da orta məktəblərin 11-ci sinif şagirdləri sonuncu mərkəzləşdirilmiş test imtahanı veriblər. Testdə ölkə üzrə 43 faiz şagird iştirak edib. İyunun 10-u axşam testin nəticələri açıqlanıb. Nəticələrə görə, 52.000 şagirddən 9 mini kəsilib.
İyunun 11-i və 12-də imtahandan kəsilmiş bir qrup şagird və onların valideynləri Təhsil Nazirliyi, Prezident Aparatı və Milli Məclisin qarşısında aksiya keçiriblər.
Aksiyalarda Təhsil naziri Misir Mərdanovun istefası tələbləri səslənib.
Mərkəzləşdirilmiş testdən qabaq şagirdlər bir neçə dəfə sınaq imtahanları veriblər.
Gələn il testin bütün orta məktəblərdə keçirilməsi planlaşdırılır.
Mərkəzləşdirilmiş test imtahanı Azərbaycanda ötən ildən tətbiq olunur.