Moskva hesab edir ki, BMT Baş Assambleyasının qəbul etdiyi «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı qətnamə yalnız Bakının maraqlarına cavab verir. Ancaq bəyan edir ki, Rusiya regionda vəziyyəti nizamlamaq üçün səylərini davam etdirəcək.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) martın 15-də yaydığı bəyanatda bildirilir: «ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adıçəkilən qətnaməyə qarşı səs veriblər. Birgə bəyanatda onlar mövqelərini onunla əsaslandırıblar ki, Azərbaycan tərəfinin bu cür addımı birtərəfli, vaxtsız və səmərəsizdir. Bu mövqe dəfələrlə və müxtəlif səviyyələrdə Bakının diqqətinə çatdırılıb».
Rusiya XİN-i vurğulayır ki, «qətnaməyə münaqişənin nizamlanmasına dair baza prinsiplərinin içərisindən yalnız Azərbaycanın maraqlarına cavab verənləri daxil edilib. Məsələn, qətnamədə Dağlıq Qarabağın yekun hüquqi statusunun onun əhalisi arasında ümumxalq səsverməsi yoluyla müəyyənləşdirilməsi barədə müddəa əksini tapmayıb».
Bəyanatda bildirilir ki, «bu cür yanaşma qətnamə layihəsini erməni tərəfi üçün qəbuledilməz edib və Ermənistanın yeni prezidenti vəzifəsinin icrasına başladıqdan sonra yüksək səviyyədə Ermənistan-Azərbaycan danışıqlarının tezliklə bərpası perspektivini pisləşdirib».
Bununla belə, Rusiya XİN-i qeyd edir ki, «Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmaq üçün ABŞ və Fransa ilə birlikdə fəal vasitəçiliyi davam etdirməyə hazırdır».
Martın 14-də BMT Baş Assambleyası Bakının irəli sürdüyü «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı qətnaməyə səs verib.