Tehran hesab edir ki, Rusiya prezidenti Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasından ABŞ-la birgə istifadə etmək niyyətində deyil.
Bunu iyunun 17-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Məhəmmədəli Hüseyni bildirib.
O deyib ki, Tehranda Rusiya və Azərbaycan səfirləri ilə görüşdə bu planın həyata keçməsinə Putinin özünün imkan verməyəcəyinə eyham vurulub. Bu barədə məlumat verən «Associated press» agentliyi İran XİN-nin sözçüsünə istinadla yazır:
«Çox ehtimal ki, Rusiya yerləşdiyi regionda qeyri-sabitlik və etibarsızlıq yarada biləcək qərarlar qəbul etməyi planlaşdırmır».
Vladimir Putin iyunun 7-də Almaniyada «Böyük Səkkizliyin» sammiti çərçivəsində amerikalı həmkarı Corc Buşa Rusiyanın Azərbaycanda icarələdiyi Qəbələ RLS-dən birgə istifadəni təklif etmişdi.
Bu yaxınlarda Albaniyaya səfəri zamanı ABŞ prezidenti deyib ki, Putinin Qəbələ RLS-dən müştərək istifadəyə dair təklifini «məntiqli» sayır: «Biz mütləq bu təklifə baxacağıq və bütün məsələləri Vladimir Putinlə bizim iyulda keçiriləcək görüşümüzdə müzakirə edəcəyik».