Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:37

Bölgə muzeylərinin bitib-tükənməyən problemləri…


Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin kabineti
Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin kabineti

«Pəncərələri görürsünüz? Düzdü, qədim binadır, amma gərək bərpa olunsun». Gəncə sakini Əsmər Seyidova sonra şəhərin tarix-diyarşünaslıq muzeyinin yanında tikilən, yaraşıqlı göydələni göstərir, XIX əsrdə tikilmiş, bir vaxtlar şəhərin ən təmtəraqlı binası sayılan bu mülkün bir az sonra yeni göydələnin kölgəsində qalacağından şikayətlənir. Əsmər xanım istəyir, muzeyin binası elə möhtəşəm olsun ki, vətəninin bütün keçmişini hər daşıyla, hər kərpiciylə özündə əks etdirsin.


Gəncə muzeyi dünyanın məşhur muzeyləri ilə bir sırada dayanmasa da, hər halda eksponat sarıdan kasad deyil. Bələdçimiz Əsmət Qasımova da istəyir ki, biz hər bir eksponata diqqətlə baxıb çox-çox uzaq dövrlərdə, bu torpağın qədim insanlarının işlətdiyi əşyaları canlı müşahidə edək. Ancaq 30 min eksponata bir gündə ayrı-ayrılıqda baxmaq, onu öyrənmək sadəcə mümkün deyil. Əsmər xanım bizə muzeyin ən qiymətli, nadir eksponatlarını tanıdır:


«Baxın, bu, Mingəçevirdə 1946-53-cü illərdə aparılan qazıntılar zamanı tapılmış paleolit dövrünə aid cənub filinin sümükləridir. Bu fil sümükləri bizim eradan əvvəlki minilliklərdə Azərbaycanın iqlimi barədə məlumat verir».


Digər nadir eksponat isə e.ə. II minilliyə aid olduğu güman edilən qadın skeletidir. 2 metr 20 sm olan qadın skeleti isə kurqandan tapılıb.


Muzeydə sərgilənən eksponatlardan biri isə XII əsrdə Atabəylər dövründə Azərbaycana hakimlik etmiş Məhəmməd Cahan Pəhləvanın qızı İnac xatunun daş örtük əşyalarıdır.


e.ə. II minilliyə aid olduğu güman edilən qadın skeleti
Eksponatlara tamaşa etmək turistlərə 2 manata, yerli sakinlərə isə cəmi 20 qəpiyə başa gəlir. Biletin belə ucuz olmasının səbəbi yerli camaatı muzeyə daha çox cəlb etməkdir. Tez-tez gələnlərin əksəriyyəti isə məktəblilər, tələbələr, bir də turistlərdir.


Muzeyin direktoru Nizami Nəbiyev deyir ki, binanın təmirə ehtiyacı var. Eksponatların saxlanma şəraiti də müasir qaydalara uyğun deyil. Elə eksponatların nümayişi üçün işıqlandırma sistemi də yoxdur. Ən əsası muzeyin siqnalizasiya sisteminin sıradan çıxmasıdır. Buna görə də qiymətli daş-qaşları seyfdə saxlayırlar. Nizami Nəbiyev ümid edir ki, bu il muzeyi təmir etdirib, ekspozisiyanı yenidən, daha yaxşı qura biləcəklər.


Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin üç aylıq fəaliyyəti 1918-ci ildə Gəncə ilə bağlıdır. Cümhuriyyət hökumətinin fəaliyyət göstərdiyi binada indi Kənd Təsərrüfatı Akademiyası yerləşir, binanın bir hissəsini isə muzey ediblər. Muzeyin rəhbəri Məlahət Qarayeva deyir ki, burda təkcə Cümhuriyyət dövrünə məxsus əşyalar yox, həm də Azərbaycanın məişətini əks etdirən tarixi eksponatlar saxlandığından yerləri darısqallıq edir. Məsələn, 100-dən çox eksponat bir-birinin içində itib-batıb, bəziləri yerdən düzülüb, bəziləri taxçalara yığılıb.


Bu muzeyin də siqnalizasiya sistemi yoxdur. Amma Məlahət xanım deyir ki, gözətçiləri elə muzeyə bitişik həyətdə yaşadığından bir az rahatdırlar.


Azərbaycanın bölgə muzeyləri təkcə Gəncəylə qurtarmır, demək olar ki, hər şəhərin, hər rayonun öz tarix-diyarşünaslıq muzeyi var və onların sayı 78-ə çatır. Ancaq onların da çoxunun problemi Gəncə muzeylərindən fərqlənmir: əksəriyyətinin ya binaya, ya təmirə, ya da eksponatların zənginləşdirilməsinə ehtiyacı var.


Muzey rəhbərləri gileylənir ki, ölkədə arxeoloji qazıntılar getmədiyindən ekspozisiya zənginləşmir.


Gəncə muzeyində saxlanılan qədim dulusçuluq nümunələri
Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun rəhbəri Azadə Hüseynova isə deyir ki, hər il muzeylərə ekspozisiyanı zənginləşdirmək üçün vəsait ayrılır. O, əmin edir ki, bölgə muzeylərinin təmiri, bərpası üzrə bir neçə prezident fərmanı olduğundan 2010-cu ilə qədər muzey sektorunda diqqət çəkən işlər görüləcək.


Azadə xanım deyir ki, bəzi muzeylərin probleminin həlli isə müşküldür. Bu, Dağlıq Qarabağ müharibəsində qarət olunan, bombalanan neçə-neçə muzey itkisidir: «Statistik məlumatlara əsasən, 100 mindən çox eksponatın qorunduğu 22 muzey qarət olunub. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi bombalanıb, təkcə Kəlbəcər tarix muzeyində 13 min, Laçın muzeyində 5 min eksponat qarət olunub. Şuşada Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri dağıdılıb».


Azadə Hüseynova bildirir ki, Qarabağ müharibəsi zamanı Azərbaycan xalçaları da qarət edilib: «Xalça muzeyinin Şuşa filialında 2 minədək xalça kolleksiyası vardı, oradan yalnız mis qabları götürə bilmişik».


Qarabağda fəaliyyət göstərən 22 muzeydən yalnız 3-ünün rəhbəri çox az sayda eksponatı özüylə götürə bilib. Məskunlaşdıqları bölgələrdə də yer düzəldib xilas olmuş eksponatları saxlayırlar. Öz yurdlarına qayıdacaqları günü isə təkcə məcburi köçkünlər yox, həm də muzeylər gözləyir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG