«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabulun martın 28-nə təyin olunmuş məhkəmə prosesi yenidən təxirə salınıb. Bu dəfə proses şirkətin vitse-prezidenti Ömər Günərin vəkilinin gəlməməsi səbəbindən sabaha keçirilib.
Hüseyn Arabul Azərbaycan hökumətinə qarşı Beynəlxalq Arbitraj Məhkəməsində qaldırdığı iddia ilə bağlı da yeniliklərin olduğunu deyib: «Məhkəmə baxışı mayın 18-də olacaq. Əgər hər hansı əskiklik olmazsa, qaldırdığımız bütün vəsatətlərə baxılacaq».
Hüseyn Arabul və «Barmek»in daha yeddi əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında ittiham olunurlar. Arabuldan Azərbaycanı tərk etməmək barədə də iltizam alınıb.
Şirkət Azərbaycan hökumətinin onunla bağladığı müqaviləni birtərəfli ləğv etməsindən Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edib. «Barmek» ona dəyən ziyanın və əldən çıxan faydanın ödənilməsini tələb edir.