Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:52

Kilo yarım kürü ilə 300 nəfəri yola vermək olar


Azərbaycandan ixrac olunan və Qərbdə satılan kürünün kilosu 3000 dollardır
Azərbaycandan ixrac olunan və Qərbdə satılan kürünün kilosu 3000 dollardır
Bakı sakinləri dediklərindən belə aydın olur ki, heç kim bazardan və ya mağazadan balıq kürüsü alıb yeməyib. Yeyənlərin hamısı kürünün dadına toylarda, şadlıq saraylarında baxıblar. Bəs dillər əzbəri olan kürünü, Xəzər dənizindən tutulan nərə balığının kürüsünü alıb yemək vətəndaşlar üçün niyə əlçatmaz olub?

Könlü kürü istəyənin…

Dillər əzbəri olan kürünü, Xəzər dənizindən tutulan nərə balığının kürüsünü alıb yemək vətəndaşlar üçün niyə əlçatmaz olub? Bakıdakı «Təzə Bazar»da ən yaxşı kürü hesab edilən bölgə kürüsünün bir kiloqramı 700-800 dollara satılır. Amma, piştaxtaların üstündə nərə, uzunburun və bölgə balığı açıq satılsa da, kürünü almaq üçün gərək bir qədər söhbətləşəsən. Necə deyərlər gərək satıcı sənin kürü almaq istəyinə tam inansın. Burda çox sorğu sual sənin kürü almaq istəyini puça çıxara bilər. Sözün kəsəsi kürü alırsansa çox danışmağa nə hacət. Onda səni ya hüquq mühafizə orqanlarında çalışan adama və ya gizli səs yazmaq istəyən jurnalistə bənzədirlər. Balıq satılan piştaxtaların üzərində kürü bankaları olsa da onların içərisinə qara kürü əvəzinə qara günəbaxan tumu yığılır. Bu həm ehtiyat igidin yaraşığıdır deyiminə düz gəlir, həm də kürü piştaxta üzərində saatlarla qalıb xarab ola bilər. Əgər kiməsə kürü lazımdırsa və qiymətlə razı deyilsə piştaxta arxasında duran satıcı həmin müştəriyə belə bir təklif edir «gedək müdirin yanına bəlkə o, sizə kürünü bir az ucuz verdi». Bayaq şəhərdə söhbətləşdiyim adamlardan birinin vaxtilə 1 manat 40 qəpiyə aldığı 113 qramlıq bankalarda olan bölgə kürüsünün bir bankası indi «Təzə Bazar»da 280 min manata satılır.


Bir toya kilo yarım kürü bəs edir


Bazarda gördüklərimə və eşitdiklərimə bir qədər ara verib, həmsöhbətlərimin ancaq, şadlıq saraylarında yediyi kürüdən danışmaq istəyirəm. «Neoalit» restoranının inzibatçısı Elnurun dediyinə görə, 300 nəfərlik toyda stollara cəmi kilo yarım qara və qırmızı kürü qoyulur. «Müxtəlif qiymətlərə alırıq, misal üçün 300, 250, 400 dollara. Bu uzunburun-sveryuqa ikrasıdır. Bölgə-belyuqa kürüsü çox bahadır axı, 3 milyon köhnə manata satılır».


Həmin toya gələnlərin hər birinə təxminən 5 qram kürü düşür. Elə söhbətləşdiyim və sonuncu dəfə toyda kürü yemişəm deyənlərin bir neçə müddət əvvəl yediyi 5 qram kürü Xəzər dənizindən ovlanan nərəkimilərin kürüsündəndir.


Kürü elə bazarda emal olunur


Beş-altı il bundan əvvəl Təzə Bazarda nərə balığı və kürü satmağa başlayan Fərid Qəmbərovun dediyinə görə, həmin kürünü bir az ucuz da satmaq olur. Amma necə? Burda hər hansı fırıldaq işlədilmir ki? Əlbəttə də ki yox, sadəcə, bu kürünün hazırlanmasından və keyfiyyətindən asılıdır. Misal üçün duzu az olan bölgə balığının kürüsü ən baha kürüdür, çox duzlu kürü isə bir az ucuz satılır. Fərid deyir ki, kürünün hazırlanması da elə bazarda həyata keçirilir. Onun dediyinə görə, Nabranda, Lənkəranda və Neftçalada tutulan balığın kürüsü götürülür və balıqla birgə Bakıya gətirilir. Əsasən gecə saatlarında gətirilən kürü dərhal duzlanır və xüsusi süzgəclərdən keçirilir və şüşə bankalara yığılır. Nərə və uzunburun kürüsü isə bölgə kürüsündən bir qədər ucuzdur. İki növ balığın kürüsü təxminən bazarda 400-450 dollara satılır. Bu «Təzə Bazar»da olan qiymətlərdir. Mağazalarda isə qiymətlər bir az da bahadır. Misal üçün Bakının Xəqani küçəsindəki «Xəzər balığı» mağazasında 113 qramlıq bölgə kürüsünün bir bankası 84 manata, eyni çəkidə olan bir banka nərə kürüsü 75 manat, uzunburun kürüsü isə 60 manata satılır. Satıcının dediyinə görə, mağazada satılan bütün kürülər Lənkəranda qablaşdırılır. Qabların üzərində ingiliscə hansı müəssisədə qablaşdırıldığı yazılsa da kürünün istehsal və saxlama müddəti haqqında heç bir məlumat yoxdur. Satıcısının dediyinə görə, 113 qramlıq kürünün saxlama müddəti iki aydır. Amma, elə mən mağazada olanda bir banka kürü alan alıcı qabın üzərində heç bir məlumat olmadığından satıcını xeyli sorğu-suala tutdu. Yalnız, «biz bu məhsullara başımızla cavab veririk» sözündən sonra alıcı 113 qramlıq bankanı alıb mağazadan çıxdı. Söhbət açdığım mağazada 500 qramlıq qablarda olan bölgə kürüsü 330, 1 kiloqramı isə 660 manata və ya 760 dollara satılır.


Nərə balığı tutmaq üçün gərək Yalamaya tərəf gedəsən


Mütəxəssislər nərə tutmaq üçün indi Yalamaya tərəf getməyi məsləhət görsələr də sovet dövründən balıq alveri ilə məşğul olan Ağa adlı alverçinin «Hesabat» jurnalına dediyinə görə, həmin vaxtlar gündə 4-5 ton balıq tutulurmuş, o, özü isə hər dəfə 500-600 kiloqramdan az balıq götürmürmüş. İndi gündə 500 kiloqramdan çox nərə tutulmadığını deyən alverçinin sözlərinə görə, həmin tutulan balığın da yüz müştərisi olur.


Bölgə kürüsünün bahalılığının əsas səbəblərindən biri, Xəzərdə bu balıq növünün azalmasıyla izah edilir. Bu məlumat Xəzərin su bioresursları komissiyası tərəfindən verilib. Beş sahil ölkəsinin təmsil olunduğu komissiya Xəzərdə ağ balıq ehtiyatlarının azalmasını əsas gətirərək, onun ov kvotalarını aşağı salmağı qərara alıb. Ağ balıq kürüsünün yerli bazarda qiymətinin yuxarı olmasını dünya bazarlarındakı bahalılıqla da əlaqələndirilir. Mütəxəssislərin fikrincə, Qərbin bahalı balıq dükanlarında bölgə kürüsünün bir kiloqramı təxminən 3000 ABŞ dollarına satırlar.


Kürü daşınır? Rəsmi qurumlar təkzib edir…


“Hürriyyət” qəzetinin bölgə müxbiri Vidadi Bayramov kürünün qiymətlərinin bahalaşmasını nərə balığının az oalanması ilə yox, baş qa amillə izah edir. Jurnalist iddia edir ki, qiymətlərin bahalaşmasına səbəb məhsulun ölkə xaricinə daşınmasıyla bağlıdır. O, Neftçala rayonundan Gürcüstana kürü daşındığını bildirir. Bu məsələləri araşdırmaq üçün təxminən 10 gün vaxt sərf etdiyini deyən müxbirin sözlərinə görə, Neftçala sakini Tahir Məmmədova (ad şərtidir) məxsus 8 balıqçı gəmisilə hər gün fasiləsiz balıq ovlanır. Ovlanan balıqlar həmin şəxsin həyətində yerin altında iri soyuducuların quraşdırıldığı kameralara yığılır. Qiymətlər ucuzlaşmasın deyə həmin soyuduculardan balıqlar satışa tədricən çıxarılır. Həmin balıqlardan alınan ən yaxşı kürü isə müəyyən proseduralardan sonra Gürcüstana aparılır, yerdə qalan nisbətən keyfiyyətsiz kürü isə Bakı, Salyan və Neftçala bazarlarında satılır: «Bizdə olan məlumata görə, Gürcüstana aparılan kürünün topdan satış qiyməti 1200-1500 dollar arasındadır». Amma ölkədən xaricə kürü daşınması və qanunsuz kürü istehsalını rəsmi qurumlar təkzib edir.


Xəzər kürüsü niyə əlçatmazdır?


Bakıdakı «Caspian Fish Co. Azerbaijan» şirkətinin balıq məhsullarının qiymət cədvəlində isə nərə cinsli balıq kürüsünün qiyməti bazar və mağazalarda satılan kürülərdən təxminən 2 dəfə bahadır. Həmin qiymət cədvəlində 1 kiloqram bölgə kürüsü 1800, nərə kürüsü 1500, uzunburun kürüsü isə 1200 dollara satılır. Amma 30, 50 və 100 qramlıq qablarda olan bu kürü daha çox xarici bazar üçün nəzərdə tutulur. Bu şirkətdən Avropa ölkələrinə kürü aparmaq istəyən şəxs və ya firma minimum 100 kiloqram kürü götürməlidir. Şirkətin bundan başqa kürü alanlara bir şərti də var. Əgər alıcı həmin kürünün 30, 50 qramlıq bankalara qablaşdlırılmasını istəyirsə onda hər banka üçün 30 dollar, 100 qramlıq banka üçünsə 20 dollar qablaşdırılma məbləği əlavə olunur. Bundan başqa əgər kimsə Avropa ölkələrinə kürü aparmaq istəyirsə o, Avropa üçün tibbi sertifikatdan tutmuş SİTES sertifikatına qədər 8 sənəd hazırlamalıdır. Yəqin hamı üçün aydın oldu ki, dillər əzbəri olmuş məşhur Xəzər kürüsü onun sahilində yaşayan insanlar üçün niyə əlçatmazdır.


Nərəkimilər kökünün kəsilməsi təhlükəsi olan balıq növlərinə aid olduğu üçün onun ticarəti BMT-nin Nəsli Kəsilməkdə olan Yabanı Flora və Fauna Növlərinin Ticarəti üzrə Beynəlxalq Konvensiya –qısaca «CİTES» Konvensiyası tərəfindən tənzimlənir. Azərbaycan 1998-ci ildən bu konvensiyaya qoşulub. 1993-1998-ci illərdə Azərbaycanın kürü ixracı kvotası 8 tondan artıq olsa da, konvensiyaya qoşulandan sonra kvota 1.2 tona endirilib. 2006-cı ildə isə Azərbaycana kvota ayrılmayıb. Bu il isə kvota daha 15 faiz azaldılıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG