Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:34

ABŞ Azərbaycanda demokratik islahatlara diqqəti artırırmı?


Barri Louvenkron siyasi partiya liderləri ilə görüşür, 19 dekabr 2006
Barri Louvenkron siyasi partiya liderləri ilə görüşür, 19 dekabr 2006
ABŞ Dövlət katibinin köməkçisi Barri Louvenkronun səfərinə, onun demokratik islahatların vacibliyi ilə bağlı çağırışlarına Azərbaycanda reaksiyalar necədir? Bütün bunlar Azərbaycanda ABŞ-ın apardığı siyasətlə bağlı əvvəlki təsəvvürləri dəyişirmi?

2003-cü il prezident seçkisindən sonra, Amerika Birləşmiş Ştatlarının Azərbaycanda apardığı siyasətlə bağlı cəmiyyətdə müəyyən anlaşılmazlıqlar var idi. Xüsusilə də müxalifət düşərgəsində bəzi siyasətçilər hesab edirdilər ki, Birləşmiş Ştatlar Azərbaycanda demokratik islahatlardan çox, təhlükəsizlik və enerji məsələlərində maraqlıdır.


«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov deyir ki, ABŞ Dövlət katibinin köməkçisi cənab Louvenkronun Azərbaycana səfəri bu təsəvvürləri bir qədər dəyişib. Ancaq o, hesab edir ki, bu təsəvvürlərin tam dəyişməsi bir səfərin işi deyil. Cənab Mirqədirov deyir ki, onun həm jurnalist Elmar Hüseynovun qəbrini ziyarət etməsi, həm müxalifət partiyaları və hüquq müdafiəçiləri ilə görüşü, həm də siyasi islahatların vacibliyini dönə-dönə vurğulaması göstərdi ki, Birləşmiş Ştatlar demokratiya məsələlərinə az önəm vermir. Onun sözlərinə görə, bu səfər Azərbaycanda demokratiyanın vəziyyətindən narahatlıqdan irəli gəlir və Birləşmiş Ştatlar hökuməti situasiyanın dəyişməsini istəyir. Rauf Mirqədirovun fikrincə, əgər bir ölkədə demokratik islahatlar aparılmırsa, həmin ölkə qlobal və enerji təhlükəsizliyi məsələlərində də etibarlı tərəfdaş ola bilməz. O, hesab edir ki, məhz bu səbəbdən də ABŞ Azərbaycanda demokratik islahatlara diqqəti artırmaq məcburiyyətindədir.


Oxşar fikirlərə Müsavat Partiyasının başqanı İsa Qəmbərin də mövqeyində rast gəlmək olur. Onun sözlərinə görə, birinci dəfədir ki, Amerika Birləşmiş Ştatları Dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Azərbaycana gəlir.


«Azərbaycan hökuməti düşünə bilər ki, Gürcüstanın enerji təminatı ilə bağlı Bakının əhəmiyyəti artdığından bu təzyiqlər sərt təpkilərə keçməyə bilər»
Üstəlik, demokratik islahatların vacibliyi ilə bağlı çox ciddi çağırışlar səslənir. Cənab Qəmbər deyir ki, bu, çox ciddi mesajlardır və Birləşmiş Ştatlar hökumətinin Azərbaycanla bağlı müəyyən narahatlığından xəbər verir:

«Demokratiyaya zidd mövqe tutmaqla Azərbaycan hakimiyyəti Rusiyaya yaxınlaşır. Cənab Louvenkronun dediyi prinsiplər məlum həqiqətlərdir. Onlar həm qlobal, həm enerji, həm də demokratik islahatlar istiqamətində əməkdaşlıqda maraqlıdır. Ancaq bunlar bir-biri ilə o qədər bağlıdır ki, onları ayırmaq mümkün deyil».


Azərbaycan həm qlobal, həm də enerji təhlükəsizliyi məsələləri ilə bağlı Birləşmiş Ştatlarla sıx əməkdaşlıq edir. Ancaq bəzi müşahidəçilər hesab edirlər ki, bu iki sahədən fərqli olaraq demokratiya və insan hüquqları məsələlərində əməkdaşlıqda müəyyən problemlər özünü göstərir. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov deyir ki, bu da Azərbaycan hakimiyyətinin demokratik islahatlara hələ hazır olmamasından irəli gəlir.


Ancaq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyir ki, onlar Birləşmiş Ştatlarla hər üç sahədə əməkdaşlıqda eyni səviyyədə maraqlıdırlar. O, fikirlərinin təsdiqi üçün dövlət başçısı İlham Əliyevdən də sitatlar gətirir: «Azərbaycan demokratiyanın inkişafı baxımdan Qərbə yaxınlaşmasa, neft gəlirlərini ölkənin inkişafına yönəldə bilməyəcək».


Cənab Seyidov deyir ki, islahatlar üçün əsas şərt hakimiyyətin iradəsidir. Hakimiyyət də onun fikrincə, belə bir iradəyə malikdir.


Cənab Louvenkron Azərbaycandakı görüşlərində həm seçki islahatları, həm sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı bir sıra tövsiyələr vermişdi. Səməd Seyidov deyir ki, Azərbaycan hər iki məsələylə bağlı ATƏT-lə danışıqlar aparır. Onun sözlərinə görə, bu da o deməkdir ki, Bakı həmişə siyasi islahatlarda maraqlıdır. Ancaq o, hesab edir ki, bu istiqamətdə konkret nəticələr gözləmək hələ ki, tezdir. Səməd Seyidovun sözlərinə görə, Azərbaycanın Qərb ölkələri ilə demokratiya sahəsində əməkdaşlığı elə inkişaf etdirilməlidir ki, bu qlobal və enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlığa problemlər yaratmasın.


«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə hesab edir ki, Azərbaycanın Birləşmiş Ştatlarla demokratiya məsələsində əməkdaşlığının taleyi hadisələrin gələcək inkişafından asılı olacaq. Cənab Mirqədirov deyir ki, Azərbaycan hökuməti qlobal və enerji təhlükəsizliyi məsələləri ilə bağlı əməkdaşlıqdan bir qayda olaraq özünü demokratik islahatlardan sığortalamaq üçün istifadə etməyə çalışıb və indi də bu amildən bəhrələnməyə cəhd edə bilər: «Azərbaycan hökuməti düşünə bilər ki, Gürcüstanın enerji təminatı ilə bağlı Bakının əhəmiyyəti artdığından bu təzyiqlər sərt təpkilərə keçməyə bilər».


Cənab Mirqədirov deyir ki, əgər Birləşmiş Ştatlar demokratik islahatlarda israr etsə, Azərbaycan hökuməti geri çəkilməli olacaq. Ancaq onun sözlərinə görə, cəmiyyət də bu islahatlarda maraqlı olduğunu həm hökumət, həm də Qərb qarşısında nümayiş etdiriməlidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG