Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:08

Avropa Birliyi ilə qonşuluqda Azərbaycanın üzləşəcəyi çətinliklər...


Avropa Birliyinin prioritetləri ekspertlərdə fikir ayrılıqları yaradır
Avropa Birliyinin prioritetləri ekspertlərdə fikir ayrılıqları yaradır
Noyabrın 14-də Avropa Birliyi (AB) ilə Azərbaycan arasında «Qonşuluq Siyasəti»nə dair Fəaliyyət Planı imzalandı. Planda əsas prioritetlər kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə AB-nin yardım göstərməsi, Azərbaycanda azad və demokratik seçkilər yolu ilə demokratiyanın gücləndirilməsi, ölkədə insan haqları, fundamental azadlıqlar və qanunun aliliyinin təmin olunmasına yardım edilməsi, enerji və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, Fəaliyyət Planında on prioritet sahə müəyyənləşib.

Hansı şərtlər Azərbaycan üçün daha çətindir?


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Fəaliyyət Planında Azərbaycanın üzləşəcəyi ən ciddi məsələ Dağlıq Qarabağ münaqişəsinin həllində gücdən istifadənin istisna olunmasıdır. Əslində, Bakının ATƏT və Avropa Şurası qarşısında da belə öhdəliklər götürdüyünü xatırladan ekspert, hesab edir ki, beynəlxalq qurumların Azərbaycanla əməkdaşlığında bu xətt təkrarlanmaqla yanaşı, həm də getdikcə güclənməkdədir. Bu baxımdan Azərbaycanın götürdüyü bu öhdəliyə necə əməl edəcəyi xeyli suallar doğurur. Qaldı kı, demokratik inkişaf, azad və ədalətli seçkilər keçirməklə demokratiyanı inkişaf etdirməklə bağlı digər öhdəliklərə, cənab Oruclu bu məsələdə Azərbaycanın elə də ciddi problemlə üzləşəcəyinə inanmır:


«Qonşuluq Siyasəti»nin iştirakçısı olan Liviya, İordaniya və Misir insan hüquqları baxımından heç də Azərbaycandan irəlidə getmir. Ona görə də, burda kimisə qonşuluqdan çıxarmaq məsələsi yoxdur»
«Çünki təcrübə göstərdi ki, bir çox beynəlxalq qurumlar bu kimi məsələlərlə bağlı çox sərt tələblər irəli sürmürlər. Yəni bu, hardasa danışıqlar və ya təzyiq predmeti kimi istifadə edilir. Burda hansısa qəti addımlar atılmır. Keçirilən son iki seçki də bunu göstərdi».

Ərəstun Oruclu hesab edir ki, bu gün Avropa Birliyi üçün əsas məsələ enerji təhlükəsizliyidir. Bu baxımdan Bakı öz öhdəliklərini yerinə yetirəcəksə, birliyin seçki, insan hüquqları və digər məsələlərlə bağlı ciddi şəkildə Azərbaycandan nə isə tələb edəcəyi az inandırıcı görünür.


Politoloq Rasim Musabəyov isə, Fəaliyyət Planında tərəflər arasındakı öhdəliklərin vaxtilə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən elə də fərqlənmədiyini deyir. O, hesab edir ki, yeganə fərq planda müddətin qeyd olunmamasıyla bağlıdır. Qaldı ki, nəyin daha çox hökumət üçün çətin qəbul ediləcəyinə, politoloqa görə, bu, ölkədə demokratik mexanizmin yaradılmasıyla bağlı olacaq: «Mənə elə gəlir ki, tələb olunan dəyişikliklər kifayət qədər çətindir. Baxın, qonşu Türkiyə azadlıq yolunda Azərbaycandan xeyli çox iş görüb, amma onların da qarşısında bir çox problemlər var».


Öhdəliklər yerinə yetirilməzsə, AB-nin Azərbaycanla əməkdaşlığı dərhal dayandıra bilməsiylə bağlı deyilənlərə gəlincə, cənab Musabəyov hesab edir ki, «Qonşuluq Siyasəti»nə elə ölkələr qoşulub ki, həmin dövlətlərdə insan hüquqlarıyla bağlı vəziyyət daha pisdir: «Qonşuluq Siyasəti»nin iştirakçısı olan Liviya, İordaniya və Misir insan hüquqları baxımından heç də Azərbaycandan irəlidə getmir. Ona görə də, burda kimisə qonşuluqdan çıxarmaq məsələsi yoxdur».


Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus isə, hesab edir ki, bəzi iqtisadi prioritetləri çıxmaq şərtilə, öhdəliklərin əksəriyyəti kağız üzərində həllini tapacaq ki, birliklə hər hansı gərginlik yaşanmasın.


Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə, demokratik proseslərin həyata keçirilməsilə bağlı Azərbaycanın hər hansı problemi olmadığını deyir. Əsas çətinliyin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı götürülən öhdəlik olduğunu deyən cənab Qurbanlı, bildirir ki, bu işdə Azərbaycana həm Avropa Birliyi, həm də digər beynəlxalq qurumlar yardım etməlidir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG