Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi zamanı ölənlərin cəsədlərini götürməkdən imtina edirdi.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bunu “Hüquqi Özbaşınalıq Əleyhinə” ictimai təşkilatının rəhbəri Larisa Alaveryan deyib:
“Azərbaycan tərəfindən bir çox komandirlər, hətta çağırışlardan sonra da cəsədləri götürməkdən cinayətkarcasına boyun qaçırırdılar”.
Alaverdyan 1990-cı illərdən itkinlərin və əsirlərin problemi ilə məşğul olur.
Azatutyun yazır ki, son günlər Birinci Qarabağ müharibəsində itkin düşənlərin taleyi məsələsi yenidən gündəliyə qayıdıb.
Bu yaxınlarda 8 erməni əsiri qaytaran Azərbaycan bildirib ki, bunun müqabilində Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi və dinc azərbaycanlılar barədə informasiya istəyir. Onların kütləvi məzarlıqlarda basdırıldığı ehtimal olunur.
Daşaltı döyüşündə ölənlər
Fevralın 10-da Ermənistan Milli Məclisində çıxış edən baş nazir Nikol Paşinyan demişdi ki, Azərbaycan tərəfinə heç bir ön şərt qoyulmadan 108 itkinin qalıqları qaytarılıb:
“Biz insan taleləri ilə alver etmirik. Azərbaycan daim deyir ki, Birinci Qarabağ müharibəsindən sonra onların 4000 itkini var. Amma vurğulamalıyam ki, rəsmi rəqəmlərə görə Ermənistan tərəfindən də 777 itklin var”.
Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva bununla əlaqədar demişdi:
“Biz imkan verə bilmərik ki, Ermənistan 3700 azərbaycanlının taleyi barədə daha bir 30 il sussun”.
Sözçü əlavə etmişdi ki, Birinci Qarabağ müharibəsində itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi Bakı üçün prioritetlərdən biridir.
Larisa Alaverdyan isə xatırlayır ki, o vaxt Daşaltıda gedən döyüşlərdə çox sayda azərbaycanlı həlak olmuşdu və onların cəsədlərini heç kim götürmürdü:
“Özünümüdafiə dəstələri gəlib bu cəsədlərin götürülməsi üçün nə qədər çağırış etsələr də onlar gəlmədilər. Ona görə də indi bu sualları havaya vermək lazım deyil. Azərbaycanda və Ermənistanda o vaxtın döyüş komandirlərindən bir çoxları hələ da sağdırlar”.
Azatutyun yazır ki, hələ 2003-cü ildə Qırmızı Xaçın təşəbbüsü ilə keçirilən bir konfransda Larisa Alaverdyan Ermənistan nümayəndəsi kimi iştirak etmişdi.
O həmin konfransda iştirak edən Azərbaycan nümayəndəsinə itkinklərin siyahısı üzrə birgə işləməyi təklif edəndə Azərbaycan nümayəndəsi iki həftə vaxt istəmiş, amma sonra əlaqəyə girməmişdi.
Siyahılar dəqiq deyil
Alaverdyanın sözlərinə görə Azərbaycan tərəfinin təqdim etdiyi rəqəmlər dəqiq deyil və şişirdilib:
“Onlar 6.5 min nəfər rəqəmindən tədricən 4 min rəqəminə endilər və dayandılar. Sonradan siyahılara nə qədər düzəliş verilsə də xeyli dəqiqsizliklər qalır”.
Larisa Alaverdyan Birinci Qarabağ müharibəsi zamanını xatırlayır:
“Hələ o illərdə biz onlardan dəqiq ad və soyadlarından ibarət siyah istəmişdik. Amma Azərbaycan tərəfi heç vaxt qarşılıqlı addım atmadı”.
Alaverdyanın sözlərinə görə o vaxt hələ həlak olanların valideynləri, bu məsələ ilə məşğul olan ictimai təşkilatlarla əlaqə saxlamaq mümkün idi, amma sonralar bu imkan da itirildi.
Əsirlərin, girovların və itkinlərin məsələsi ilə məşğul olan qrupun keçmiş rəhbəri Armen Kaprielyan Azatutyuna deyib ki, o heç vaxt Azərbaycan tərəfinin dərc etdiyi rəqəmlərə etibar etməyib.
Bu qrupa 12 il müddətində rəhbərlik etmiş Kaprielyan deyir ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfinin 1990-cı illərdə itkin düşənlərin siyahısı var. Bunlardan 1000 nəfəri Ermənistan və Dağlıq Qarabağdandır. Onların adları, soyadları, itkin düşmə tarixçiləri var:
“Müxtəlif vaxtlarda dəqiq, yoxlanılmış məlumata, habelə operativ məlumatlara istinadən söhbət təxminən 100 nəfərdən gedir. Dəqiq desək söhbət 98 itkindən gedir”.
Kaprielyanın sözlərinə görə çox sayda informasiya operativ yolla, şəxsi əlaqələr vasitəsilə alınıb.
Alaverdyan narahatdır ki...
Kaprielyan bildirib ki, adamların taleyinin aydınlaşdırılması və onların qaytarılması üçün ikitərəfli əməkdaşlıq lazım idi, amma belə bir işbirliyi yox idi.
O deyib ki, məsələn Arabo, Artsiv və Zeytun dəstələrindən (Azərbaycanda terrorçu dəstələr sayılır – red) 15 döyüşçünün cəsədləri məsələsi olub, lakin Azərbaycan erməni tərəfinin, hətta beynəlxalq təşkilatlar vasitəsilə müraciətlərini qulaqardına vurub:
“Onlar buldozerlə çala qazıb adamların cəsədlərini basdırıblar. Bunu da deyim ki, son vaxtlara qədər orda Azərbaycan postu olub.”
Larisa Alaverdyan iddia edir ki, Azərbaycan indi bu məsələni spekulyasiya məqsədilə qaldırıb:
“Çox illər bundan əvvəl beynəlxalq təşkilatların təşəbbüsü ilə Artsax (Qarabağ-red) tərəfi 6 itkin düşmüş azərbaycanlının cəsədlərini vermişdi. Bundan sonra Bakı beynəlxalq tribunalardan işgəncələr barədə uydurmalar yaymağa başladı. Belə informasiya yayırdılar ki, ermənilər bu 6 nəfəri əsir götürüb sonra öldürüblər...”
Alaverdyan deyib ki, belə bir təhlükə bugün də var. O bildirib ki, Ermənistan hökumətinə və onun başçısına sualları var: Bu 108 itkinin qalığı qaytarılmazdan əvvəl beynəlxalq təşkilatların cəlb olunması ilə peşəkar baxış keçirilibmi?
Alaverdyan ehtiyat edir ki, iki ölkə arasında ab-havanın dəyişdirilməsi üçün başlanan bu prosesdən də “ermənilərə nifrət” təbliğatı üçün istifadə oluna bilər.
Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Avropa İttifaqına (Aİ) sədrliyi qismində bu ölkənin Prezidenti Emmanuel Makronun, Aİ Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçiirlən görüşdə demişdi ki, Birinci Qarabağ Müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşı itkin düşüb.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Ötən il isə tərəflər bölgədə nəqliyyat əlaqələrinin bərpa və inkişafı ilə bağlı daha iki bəyanat imzalayıblar.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.