Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Ermənistan Azərbaycana bir il ərzində 108 itkinin qalıqlarını verib


Nikol Paşinyan parlamentdə keçirilən “hökumət saatı” zamanı
Nikol Paşinyan parlamentdə keçirilən “hökumət saatı” zamanı

Nikol Paşinyan daha sonra deyib ki, Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolunun bərpası barədə də razılaşma əldə olunub

"Azərbaycan itkin düşmüş şəxslərlə bağlı məsələni gündəlikdə saxlayır"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin onun ölkəsinə bir il ərzində Birinci Qarabağ müharibəsindən bəri itkin sayılan 108 nəfərin qalıqlarını verilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

O, əvvəlcə sual edib: "Maraqlıdır ki, hələ birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş 4 minə yaxın azərbaycanlı barədə hər hansı məlumatı təqdim etmək üçün Ermənistanın 30 il gözləməyinin səbəbi nə olub?".

Onun vurğulamasına görə, bununla bağlı indiyədək Ermənistan hökuməti hər hansı açıqlama verməmişdi: "30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olunmuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır".

L.Abdullayevanın bildirməsinə görə, Azərbaycan tərəfi itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayır: "Hələ də taleyi barədə hər hansı məlumat olmayan 3 min 700 dən çox azərbaycanlı barədə, o cümlədən kütləvi məzarlıqların yerinin müəyyən olunması üçün bu məsələdə bilavasitə məsuliyyət daşıyan Ermənistan tərəfinin növbəti 30 il susqunluğuna icazə verməyəcək".

İtkin əsgər yaxınları haralara müraciət edə bilər?
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

+++

Ermənistan bir il ərzində Azərbaycana Birinci Qarabağ müharibəsindən bəri itkin sayılan 108 nəfərin qalıqlarını verib, bu yaxınlarda daha iki nəfərin qalıqları veriləcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bu barədə məlumatı fevralın 9-da baş nazir Nikol Paşinyan parlamentdə keçirilən “hökumət saatı” zamanı iqtidaryönlü deputat Arusyak Culxakyanın sualına cavab olaraq verib.

Paşinyan parlamentin bu iclasında habelə bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri arasında Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş videodanışıqların təfərrüatlarıbarədə məlumat verib.

Paşinyanın sözlərinə görə, bu danışıqlarda müzakirə olunan ən mühüm məsələlərdən biri də humanitar problemlərin həlli idi.

Baş nazir vurğulayıb ki, məhz bu danışıqlardan sonra Azərbaycan Ermənistana 8 əsiri qaytarıb.

O əlavə edib ki, erməni tərəfi də Azərbaycana heç bir ön şərt qoymadan 108 nəfərin qalıqlarını verib:

“Biz bu məsələnin hər hansı alver predmeti olmasını düzgün saymırıq. Çünki humanitar məsələlər alış-veriş mövzusu olmamalıdır. Biz elə minalı sahələrin xəritələrini də heç bir şərt qoymadan vermişik ki, bu, alver predmetinə çevrilməsin. Biz hesab etmirik ki, insan taleləri alver mövzusu olamalıdır”.

Ermənistanı rekord həddə adam tərk edib
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Azərbaycandan müsbət cavab alınan kimi...

Paşinyan daha sonra deyib ki, Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolunun bərpası barədə də razılaşma əldə olunub.

Paşinyanın sözlərinə görə, bu məqsədlə işçi qrup yaradılıb və bu qrup dəmir yolu tikintisinin təşkilati, texniki və layihələrin maliyyələşdirilməsi işi ilə məşğuldur:

“Biz razılaşmışıq ki, dəmir yolu beynəlxalq qaydalara müvafiq, habelə iki ölkənin qanunvericiliyi və suverenliyi çərçivəsində işləməlidir. Bu isə o deməkdir ki, sərhəd məntəqəsində sərhəd, gömrük və başqa yoxlama prosedurları həyata keçirilməlidir”.

Paşinyan deyib ki, Brüssel və Soçi görüşlərinin nəticəsi olaraq təkliflər hazırlanıb və Azərbaycandan müsbət cavab alınan kimi Ermənistan habelə avtomobil yollarının bərpası və tikintisinə hazırdır:

“Biz bu avtomobil və dəmir yolları layihəsini Erməni qovşağı adlandırırıq. Bu qovşaqdan istifadə Ermənistan iqtisadiyyatının inkişafı və onun maliyyə potensialının möhkəmləndirlməsində dönüş məqamı ola bilər”.

Delimitasiya və demarkasiya nə yerdədir?

İqtidar deputatları Paşinyana habelə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesinin hansı mərhələdə olmasına və Ermənistanın qoşunların simmetrik olaraq sərhəddən çəkilməsi üçün Azərbayacana verdiyi təklifin mahiyyətinə dair sual veriblər.

Baş nazir bildirib ki, bu mövzuda çoxsaylı əsassız şayiələr mövcuddur. Bunlardan biri də müxalifətin belə bir iddiasıdır ki, guya bu proses nəticəsində bəzi erməni kəndləri müdafiəsiz qalacaq.

Paşinyan deyib ki, belə bir məsələ yoxdur və təklif paketində hər şey nəzərə alınıb:

“Bizim verdiyimiz təkliflər Ermənistan üçün heç də 100 faiz sərfəli deyil və ya Azərbaycan üçün sərfəsiz deyil. Sərhəd xətti var və biz hesab edirik ki, qoşunların simmetrik geri çəkilməsi bu xətt üzrə olmalıdır. Habelə deməliyən ki, bu, demarkasiyanın gələcək nəticələrini şərtləndirmir, amma müvafiq danışıqların mövzusu olmalıdır. Vəziyyətin düzgün şərh edilməməsi bəzi qüvvələr tərəfindən sərhəddə yeni eskalasiyanın qızışdırılması üçün istifadə oluna bilər. Bizim üçün çox mühümdür ki, legitim və hüquqi reallıqları təsdiqləyək. Yəni təsdiqləyək ki, gələcək eskalasiyanı önləyəcək belə bir mexanizm var”.

Bundan əvvəl rəsmi Bakı Yerevanın delimitasiya və demarkasiya ilə bağlı təklifini rədd etdiyini bildirib.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG