Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Razılaşdırılmayan bir məsələ…


Elmar Məmmədyarov: «Bir məsələ qalıb. Əgər onu da yerindən tərpətsək, irəliləyiş olacaq»
Elmar Məmmədyarov: «Bir məsələ qalıb. Əgər onu da yerindən tərpətsək, irəliləyiş olacaq»

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan müzakirələrin indiyə qədər 8-9 prinsipin razılaşdırılmasına həsr olunduğunu deyir. Bu prinsiplərin hansılar olduğu barədə detallı məlumat olmasa da, rəsmilər və ekspertlər mediadakı müzakirələrdə söhbətin əsasən Dağlıq Qarabağın ətrafındakı rayonların boşaldılması, Laçın və Kəlbəcər rayonlarına kimin nəzarət edəcəyi və sair məsələlərdən getdiyini bildirirdilər. Ancaq indi nazir razılaşdırılmayan bir məsələ qaldığını bildirsə də, onun nə olduğunu konkret demir: «Bir məsələ qalıb. Əgər onu da yerindən tərpətsək, irəliləyiş olacaq. Ancaq bu barədə iki tərəfin razılığı olmadan açıqlama versək, bu, sülh prosesinə zərbə vura bilər».


Elmar Məmmədyarov deyir ki, həmin bir məsələdə əldə olunan razılaşma ictimaiyyətin müzakirəsinə çıxarılacaq. Xarici İşlər nazirinin bu bəyanatı, ondan əvvəl isə prezident İlham Əliyevin danışıqların son mərhələyə yaxınlaşması barədə dedikləri hazırda Azərbaycan ictimaiyyətində və siyasi dairələrdə müzakirə olunmaqdadır. Minskdə razılaşdırılanların və axıra qalan məsələnin nədən ibarət olduğu haqda yanaşmalar müxtəlifdir.


Politoloq Rasim Musabəyov düşünür ki, əldə edilən əsas razılaşma Laçın və Kəlbəcər rayonlarının taleyi, hələ açıq qalan son məsələ isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi üçün irəli sürülən referendumun vaxtı və mahiyyəti ola bilər. Cənab Musabəyovun məlumatına görə, Ermənistan bu referendumun həm qısa zamanda - beş il ərzində, həm də «Dağlıq Qarabağ müstəqil olsun; hə, yox» formasında bir sual qoyulmaqla keçirilməsində israr edir. Azərbaycan isə bunun əleyhinədir: «Əgər bu referendumun vaxtı və mahiyyəti Azərbaycanla razılaşdırılmalıdırsa, iş təbii ki, Bakının istədiyi kimi həyata keçiriləcək. Mənə elə gəlir ki, bu istiqamətdə səylər davam etdiriləcək».


Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidov isə danışıqların qapalı aparılmasını əsas gətirib, ətraflı bilgi vermədi, yalnız vəziyyətin ümidverici olduğunu söylədi.


Mütəxəssislər razılaşdırılmayan bir məsələnin istənilən halda Dağlıq Qarabağın statusu ilə əlaqəli olduğunu və bunun həllinin o qədər də asan olmayacağını düşünürlər. Ekspertlər arasında belə qənaət var ki, razılaşdırılan məsələlərin daha çox Azərbaycanın maraqlarına uyğun gəlməsi ehtimalı böyükdür. Politoloq Zərdüşt Əlizadə Ermənistanın güzəştə getmək məcburiyyətində qaldığını istisna etmir. O, deyir ki, hazırda bu ölkədə beynəlxalq hüquq normalarını pozduqlarını, regional inteqrasiyadan kənarda qaldıqlarını yaxşı anlayırlar. Digər tərəfdən də Azərbaycanın işğalla bağlı beynəlxalq təşkilatlarda daim məsələ qaldırmasına cavab vermək də asan deyil. Bu məsələlər Ermənistanı müəyyən güzəştlərə sövq edə bilər.


XS
SM
MD
LG