Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:54

XİN:Azərbaycan bölgədəki gərginliyin həllinə sadiqdir


XİN
XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkəsinin Ermənistanın suveren ərazisini pozmasına dair iddialara münasibət bildirib.

O, qeyd edib ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub :


"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. "

Onun vurğulamasına görə, bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir.


L. Abdullayevanın deməsinə görə, Azərbaycan hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edir:

"Açar rolunu oynayır"

"Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin delimitasiyası demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur. Ermənistan və Azərbaycan müharibədən yeni çıxmışlar, buna görə də uğurlu sərhəd demarkasiyası, delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır".

L. Abdullayevanın vurğulamasına görə, son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib:

"Hesab edirik ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir. "

O, "beynəlxalq ictimaiyyətin bəzi üzvləri də son sərhəd gərginliyinə reaksiya verdi, bu açıqlamaları necə şərh edərdiniz " sualına da cavab verib və deyib:

"Sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir. Əlbəttə, üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşürük. Hesab edirik ki, belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fundamental səbəblər və məsələlər hərtərəfli araşdırılmalıdır. "

L. Abdullayeva deyib ki, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər edib, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlaıblar.Onun vurğulamasına görə, hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır :


"Ermənistanın bu məsələdən siyasi vasitə kimi... "

"Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir. Aydındır ki, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Ermənistanın bu məsələdən siyasi vasitə kimi istifadə etmək cəhdləri qəbuledilməzdir. "

L. Abdullayevanın qeyd etməsinə görə, Azərbaycan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir :

"Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsi ilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edirik.Bu kimi hallar hər iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir ".

O sonda da vurğulayıb ki, Azərbaycan bölgədəki gərginliyin həllinə sadiqdir .

Xatırlatma

Ermənistanın rəsmi qurumlarının bildirdiyinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğalından azad edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG