Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:39

Yerevanda Mahatma Qandinin abidəsinə yenə hücum edildi


Aprelin 29-da Ermənistanın Xarici İşlər Nazirliyi Yerevandakı Mahatma Qandi abidəsinə vandalizm hücumunu pisləyən bəyanat yayıb.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xəbər verib.

Ermənistan XİN-in bəyanatında deyilir:

“Biz Hindistanın müstəqillik və dövlətçilik rəmzi, sülh uğrunda mübariz və humanist Mahatma Qandinin abidəsinin postamentinin dağıdılmasını və yandırılmasını qətiyyətlə pisləyirik”.

Bəyanatda deyilir ki, “bu hərəkət çoxəsrlik tarixi olan və dinamik inkişaf edən erməni-hind dostluğuna qarşı təxribatdır”.

Ermənistan XİN bildirir ki, bu aktı törədənlər aşkar edilməli və qanuna müvafiq şəkidə məsuliyyətə cəlb olunmalıdırlar.

Ermənistanın Arminfo xəbər agentliyi bildirir ki, bugünlərdə sosial şəbəkələrdə Qandinin alova bürünmüş abidəsinin foto və videoları yayılmışdı.

Agentliyin məlumatına görə bir neçə gün bundan əvvəl heykələ yumurta atılmışdı. Bir qədər sonra isə naməluim şəxslər postamentin bir hissəsindəki üz örtüyünü sındırıb qopartmışdlar.

Birmənalı olmayan münasibət

Xəbərdə deyilir ki, Qandinin Yerevanda abidəsinin qoyulması barədə qərar 2020-ci il aprelin 28-də Ağsaqqallar Şurasının iclasında qəbul edilib.

Abidə Qandinin anadan olmasının 150-ci ildönümünə hədiyyədir və onun xərclərini Hindistan tərəfi öz üzərinə götürüb.

Agentlik Ermənistan mediasına istinadən yazır ki, postamentin örtük daşları dağıdılandan sonra, aprelin 28-də Hindistan səfirliyi Yerevanda keçirilən “Alternativ bələdiyyə” adlı tədbirdə iştirakdan rəsmən imtina edib.

Bu da xəbər verilir ki, Ermənistanda Mahatma Qandiyə münasibət birmənalı deyil.

Bir sıra Ermənistan saytları vurğulayırlar ki, o və onun Hindistan Milli Konqresi partiyası Türkiyənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

Bu da qeyd olunur ki, Qandi “erməni soyqırımı” barədə fikir söyləməkdən yayınıb və Sevr müqaviləsini dəstəkləməyib.

1920-ci ildə imzalanmış Sevr müqaviləsinə görə Türkiyə ordusu 50 min hərbçidən artıq ola bilməzdi. Ölkənin maliyyə sistemi üzərinə beynəlxalq nəzarət tətbiq edilməli idi. Hələ ölkənin işğalının davam etdiyi bir şəraitdə imzalanmış bu sənəd Türkiyəni bir çox ərazilərindən məhruim etməliydi. Sonrakı hadisələr bu müqavilənin mənasını heçə endirdi və o həyata keçmədi.

Bu barədə xəbərlərdə Nikol Paşinyanın Qandi şəxsiyyətinə rəğbətindən, bu abidənin “məxməri inqilabdan” sonra qoyulmasından və onun hələ açılışı ərəfəsində ictimaiyyət və siyasi dairələr arasında hind siyasətçisinə münasibətin birmənalı olmadığından bəhs edilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG