Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:56

'Bəlkə İlham Əliyev məni pəncərədən görüb maraqlanar...'


Türkanlı nənələri 'öldürüb' torpaqlarını ələ keçiriblər
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Türkanlı nənələri 'öldürüb' torpaqlarını ələ keçiriblər

Bakının Türkan qəsəbəsində aprelin 12-dən aclıq aksiyası keçirdiyi bildirilən 80-90 yaşlarında qadınlar deyir ki, vəziyyətləri yaxşı deyil, hər gün bir neçə dəfə onlara tibbi yardım göstərilir. Buna baxmayaraq, aclığı dayandırmaq istəmirlər.

"Üç uşağı, cavan yoldaşı qalıb başlı-başına"

80-yaşlı Əzizəxanım Atayeva AzadlıqRadiosuna bildirib ki, bir neçə gündür həkimlərin tibbi yardımı, köçürülən sistemlər sayəsində sağ qalıblar. Onun sözlərinə görə, təcili tibbi yardımın həkimləri ilk növbədə aclığın dayandırılmasını istəyir: "Deyir ki, bu yaşda aclıq eləmək ölüm deməkdir. Deyirəm, ay bala, mən də bilirəm, əlimdən başqa heç nə gəlmir axı. Getdik prokurorluğa, heç bir nəticəsi olmadı. Gücüm qalmayıb ki, bir stəkan suyu özüm götürüb içim...".

İndi Atayevanın əsas tələbi qəsəbə sakini Natiq Məhəmmədsoyun həbsdən buraxılmasıdır. Deyir ki, ona və, onun kimi, yaşadığı halda, adına saxta ölüm haqqında şəhadətnamə çıxarılıb torpaqları satılmış digər türkanlılara kömək etdiyinə görə onu şərləyib həbs ediblər: "Ölürəm xəcalətimdən, elə vəziyyətdəyəm ki, heç torpağımı da istəmirəm. Üç uşağı, cavan yoldaşı qalıb başlı-başına, onu buraxsınlar, mənə heç nə lazım deyil. Məni bu həddə gətirdilər. Yoxsa biz öləcəyik, amma dayanmayacağıq".

"Göz görə-görə evə şeyləri qoyub..."

Atayeva əlavə edib ki, yaxın günlərdə Prezident Administrasiyasının qarşısında yorğan-döşək salıb aclığı orada davam etdirmək niyyətindədir: "Bəlkə İlham Əliyev pəncərədən məni görüb maraqlanar ki, bu qoca arvad ora niyə gəlib, nə istəyir?".

Natiq Məhəmmədsoyun anası, 76-yaşlı Tamara Süleymanovaya görə hər gün bir neçə dəfə həkim çağırırlar. Tibbi müdaxilədən sonra onun durumu nisbətən yaxşılaşsa da, bir qədər sonra vəziyyəti yenidən pisləşir. O deyir ki, ölənə qədər aclığı dayandırmaq niyyətində deyil: "Başqa yolum yoxdur axı, neyləyim? Prokurorluğa getmişik, deyir ki, oğlun əvvəl məhkum olunub, cinayət törədib. Əvvəl cinayət törədib, cəzasını da çəkib. Sən indidən danış. Göz görə-görə evə şeyləri qoyub, balamı şərlədilər. Bundan sonra mənim üçün nə yaşamaq?!".

"Xəcalətimdən ölürəm"

91-yaşlı Xumara Şabanovanın durumu nisbətən ağırdır. AzadlıqRadiosuna danışır ki, bütün həyatı çətinliklə keçib, 36 yaşından həyat yoldaşını itirdiyinə görə altı övladını təkbaşına böyüdüb. Bu çətinliklər də səhhətinə təsirsiz ötüşməyib: "Uzun illərdir xeyli xəstəlikdən əziyyət çəkirəm. Amma saxlayan Allahdır, gəlib 91 yaşa çatmışam. Elə olub ki, yemək tapmamışam, uşaqlara verdiyim çörəyin qırıntılarını yemişəm. Amma heç vaxt özümü indiki qədər pis hiss eləməmişəm. O uşağı bizə görə tutublar, xəcalətimdən ölürəm. Üstümə gələn həkimə də dedim, mən belə utancla yaşaya bilmərəm...".

Bakının "Sovetski" adlanan ərazisində evləri sökülən və mülkiyyət hüququnun bərpası tələbi ilə məhkəmədə iddia qaldıran bir qrup qadın aprelin 17-də Türkan qəsəbəsinə gedərək aclıq edən yaşlılara dəstəklərini ifadə ediblər.

Daxili İşlər Nazirliyi Natiq Məhəmmədsoyun şərlənməsi, onun evindən və maşınından tapıldığı iddia olunan silah və narkotikin ora polislər tərəfindən qoyulması haqda iddiaları təkzib edib.

Xatırlatma

Atayeva və Şabanovanın hər birinin 25 sot torpaq sahəsinin saxta sənədlərlə satmağa görə üç nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, qəsəbə sakini Çingiz Səfərov və Daşqın Nəsirovdur. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2-(rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Babayev və Səfərov daha öncə həbs edilib, Nəsirov isə axtarışa verilib. O, 2020-ci ilin dekabrında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Nəsirov səhhətindəki problemlər əsasıyla ev dustaqlığına buraxılıb. Amma zərərçəkmişlər bunu bəhanə sayır.

55-yaşlı Natiq Məhəmmədsoy isə CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. O isə iddia edir ki, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahı ora polislər özləri qoyub. Səbəb isə qəsəbə sakinləri Şabanova və Atayevaya yardım etməsidir.

Qadınlar uzun müddət müxtəlif dövlət orqanlarına şikayət etdikdən sonra cinayət işi başlanıb və üç nəfər məsuliyyətə cəlb olunub.

Məhəmmədsoyun ittiham olunduğu maddələrdə 7 ilə qədər, torpaq sahəsinin saxta sənədlərlə zəbt olunmasına görə təqsirləndirilən şəxslərə verilən maddələrdə isə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG