Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:35

Türkanda aclıq edən ahıl qadınların vəziyyəti pisləşib


Tamara Süleymanova
Tamara Süleymanova

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində saxta sənədlərlə torpaq sahələrinin əllərindən alınmasına etiraz olaraq aclıq edən 80-90 yaşlı ahıl qadınların durumu pisləşib. Bu üzdən Təcili Tibbi Yardım çağırılıb, onlara tibbi müdaxilə olunub.

76-yaşlı Tamara Süleymanovanın vəziyyəti aprelin 12-də ağırlaşıb, saat 19:00 radələrində təcili yardım həkiminin tibbi müdaxiləsindən sonra durumu nisbətən düzəlib. Buna baxmayaraq, Süleymanova aclığı dayandırmaq niyyətində olmadığını bildirib.

"Həkim deyir ki, "nənə, sənin yaşında aclıq eləmək ölümə getmək deməkdir". And verir ki, yeyim. Deyirəm, ay bala, onsuz da məmurlar haqsızlıqlarla öldürürlər. Ya elə öldüm, ya belə, nə fərqi var. Onsuz da balamı şərləyib salıblar ora, hər yemək yeyəndə, su içəndə yadıma düşürdü, boğazımdan keçmirdi. Adamlar sağ ola-ola ölüm kağızı düzəldib, camaatın torpaqlarını satanları türmədən buraxırlar, günahsızı tutub içəri salırlar", – Süleymanova AzadlıqRadiosuna belə deyib.

Onun ailə üzvləri bildirib ki, Təcili Tibbi Yardımın həkimi insult riski olduğunu deyib.

Xumara Şabanova
Xumara Şabanova

"Məni vadar eləyirlər ki, özümü asım"

91-yaşlı Xumara Şabanova artıq intihar həddinə çatdığını vurğulayıb. Onun sözlərinə görə, övladları və nəvələri maddi baxımdan çox ağır vəziyyətdədir. Deyir ki, sağ olduğu halda, vəfat etmiş şəxs kimi rəsmiləşdirilib, ələ keçirilən torpağı övladlarının güman yeri idi. 36 yaşında həyat yoldaşını itirib, altı uşağı tək böyütdüyünü deyən Şabanova əlavə edib ki, sözügedən torpaq sahəsi də ona qayınatasından qalmışdı: "Məni vadar eləyirlər ki, özümü asım. Özüm də yazım qoyum ki, mənim işimə düzgün baxmadıqlarına görə buna məcbur oldum. Mənim bu yaşda dövlət orqanlarını gəzən, ekranlarda göstərilən vaxtım deyildi. Onsuz, əvvəl də gündə bir dəfə çörək yeyirdim, iki gündür onu da ləğv eləmişəm. Mən 36 yaşından altı uşaqla dul qalıb zülmlə övladlarımı böyütmüşəm. Uşaqlarımın gümanıdır o torpaq...".

Şabanovaya tibbi yardım göstərməyə gəlmiş həkim də israrla ondan aclığı dayandırmasını istəyib.

Şabanova onlara vəkil tapmaqda yardım etmiş qəsəbə sakini Natiq Məhəmmədsoyun (Tamara Süleymanovanın oğlu-red.) həbsinə də etiraz edir.

"Ya xəcalətdən öldüm, ya acından..."

80-yaşlı Əzizəxanım Atayeva da saxta sənədlə zəbt olunub satılan torpağının geri qaytarılmasıyla yanaşı, Məhəmmədsoyun da azadlığa buraxılmasını tələb edir: "Bir kəndin içidir, xəcalətimdən ölürəm ki, mənim qabağıma düşdüyünə görə qonşumun balasını tutub orada çürüdürlər. Ya xəcalətdən öldüm, ya acından, heç bir fərqi yoxdur. Natiqin uşaqları var, ailəsi var, onların qarşısında özümü günahkar hiss edirəm. Belə bəla olar ki, bizi salıblar?! Dövlət orqanları da bizi get-gələ salıb. Bu məsələlər həll olunana qədər aclıq eləyəcəm".

Əzizəxanım Atayeva
Əzizəxanım Atayeva

Adları çəkilən qadınlar da daxil, aksiya keçirən Türkan sakinlərini aprelin 12-də baş prokurorun köməkçisi qəbul edib. Onlara bildirilib ki, torpaqla bağlı problem həllini tapacaq, bu işə görə həbs olunanların işi üzrə istintaq davam edir.

Natiq Məhəmmədsoyun həbsinə gəlincə, bildirilib ki, bunun torpaq məsələsinə aidiyyəti yoxdur.

Xatırlatma

Atayeva və Şabanovanın əmlakını saxta sənədlərlə satmağa görə üç nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, qəsəbə sakini Çingiz Səfərov və Daşqın Nəsirovdur. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2-(rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Babayev və Səfərov daha öncə həbs edilib, Nəsirov isə axtarışa verilib. O, 2020-ci ilin dekabrında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Nəsirov səhhətindəki problemlər əsasıyla ev dustaqlığına buraxılıb. Amma zərərçəkmişlər bunu bəhanə sayır.

55-yaşlı Natiq Məhəmmədsoy isə CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. O isə iddia edir ki, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahı ora polislər özləri qoyub. Səbəb isə qəsəbə sakinləri Şabanova və Atayevaya yardım etməsidir.

Qadınlar uzun müddət müxtəlif dövlət orqanlarına şikayət etdikdən sonra cinayət işi başlanıb və üç nəfər məsuliyyətə cəlb olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG