Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:05

Azərbaycan 56300 avro təzminat ödəməlidir


AİHM

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, martın 11-də Azərbaycandan göndərilən bir neçə şikayət üzrə qərarlarını elan edib. Bu qərarlar üzrə hökumət ərizəçilərə ümumilikdə 56300 avro təzminat ödəməlidir.

Bu barədə AzadlıqRadiosuna danışan hüquqşünas Xalid Ağaliyev deyib ki, Vüqar Əliyev Ağamməd Məmmədov ilə bağlı işlərdə AİHM hökumətin təktərəfli bəyannamə təkliflərini qəbul edib. V.Əliyevə 6000, A.Məmmədova 3800 avro təzminat ödəniləcək.

Onun vurğulamasına görə, "Rəvan Səbzəliyev Azərbaycana qarşı", "Natiq Mirzəyev Azərbaycana qarşı", "Durnisə Əhmədova Azərbaycana qarşı" işlərində də tərəflər dostca anlaşıblar. R.Səbzəliyevə 4500 avro, N.Mirzəyevə 1500 avro, D.Əhmədovaya isə 3000 avro təzminat ödənilməlidir.

Hüquqşünasın qeyd etməsinə görə, "Rzamov və başqaları (9 nəfər) Azərbaycana qarşı" iş də dostca anlaşma ilə başa çatıb. Hökumət ərizəçilərin hər birinə 3750 avro (cəmi 37 min 500) təzminat ödəməlidir.

Bu qərarlara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayib. Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, ölkədə bütün fundamental hüquqlar qorunur.

Xatırlatma

Siyasi fəal Vüqar Əliyev qanunsuz silah saxlamağa görə, məhkum olunmuşdu. Ərizəçi ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququna müdaxilə olunduğunu iddia edirdi.

Ağamməd Məmmədovun şikayəti isə mülkiyyət hüququnun pozulması ilə bağlı olub.

Rəvan Səbzəliyevin ilahiyyatçı Səid Nursinin dini məzmunlu məqalələrini evində azyaşlılara tədris etdiyi üçün həbs olunduğu bildirilir. 10 ay həbsdə olan ərizəçi dini etiqad azadlığına müdaxilə olunduğunu iddia edirdi.

Natiq Mirzəyev Durnisə Əhmədova isə ədalətli mühakimə hüquqlarının pozulduğunu bildiriblər.

Rzamov və başqaları (10 ərizəçi) dini toplantıların keçirilməsinə görə saxlandıqlarını, qanunsuz rəftara məruz qaldıqlarını iddia ediblər. AİHM qarşısında azadlıq, toxunulmazlıq, dini etiqad azadlığı, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə olunması məsələsini qaldırıblar.

XS
SM
MD
LG