Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:33

Komitə: 600 min nəfər qeyri-rəsmi çalışan var


Azərbaycan parlamenti, 2019

Fevralın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə birinci oxunuşda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Komitə sədri qeyd edib ki, Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Onun vurğulamasına görə, dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır.

“Qeyd edilib ki, Azərbaycanda rəsmi statistikaya əsasən 600 min nəfər qeyri-rəsmi çalışan işçi var. Bu, həmin insanların əmək, istirahət, digər sosial təminat münasibətlərinə, habelə pensiya təminati məsələlərinə mənfi təsir göstərir. Vətəndaşların işlə təmin edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, onların sosial müdafiəsi məsələsi gücləndirilməlidir”, məlumatda yazılıb.

Layihə barədə parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. Qeyd edib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər vergi, məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma və əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədardır.
Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Xatırlatma

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artaraq 1691,8 min nəfər olub.

Ötən il yanvarın 1-i vəziyyətinə görə, isə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 190,1 min nəfər olub. Onlardan 4 938,5 min nəfərini məşğul əhali təşkil edib.
Həmin vaxt məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı da 81,3 min nəfər olub. Bəzi vətəndaşlar iddia edirlər ki, ölkədə işsiz olub, işsiz kimi rəsmi qeydiyata düşmək iş tapmaqdan belə çətindir

XS
SM
MD
LG