Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 08:01

Evdən işləyənlər ‘kefə baxmırlar’


Fransada evdən işləyən şirkət işçisi, may, 2020-ci il
Fransada evdən işləyən şirkət işçisi, may, 2020-ci il

Beynəlxalq Əmək Təşkilatı (BƏT) yanvarın 13-də açıqladığı hesabatda bildirir ki, evdən işləmək iş dünyasının vacib elementlərindən biridir, amma əmək bazarını idarə edən qurumlar indiyədək evi iş yeri kimi nəzərə almayıblar

Dünyada COVID-19 pandemiyasının yayılması işçi qüvvəsinin böyük hissəsini evdən işləməyə vadar elədi. Onillərdir evdən işləyən yüzmilyonlarla insanın sıraları beləcə genişləndi.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) yanvarın 13-də açıqladığı hesabatda bildirir ki, evdən işləmək iş dünyasının vacib elementlərindən biridir, amma əmək bazarını idarə edən qurumlar indiyədək evi iş yeri kimi nəzərə almayıblar. Ancaq evdən işləyənlərin sayında qəfil artım bu amilin həm işçilərə, həm də işəgötürənlərə təsirini dəyərləndirməyi vacib edir. Qurumun mövqeyincə, karantin səbəbiylə məsafədən işləyənlərin sayının artması onlar üçün daha böyük qorumanı önə çəkir. Məsələ ondadır ki, evdən işləyənlərə ofisdən işləyənlərdən daha az pul verilir.

Gözdən uzaq, könüldən iraq

Pandemiyadan qabaq dünya üzrə işçilərin cəmi 7.9 faizi – 260 milyon nəfər evdən işləyirdi. İndi bu rəqəm ikiqat artıb.

“Evdən işləyənlər uzun müddət gözdən-könüldən uzaq qalmışdılar. Ancaq pandemiya dövründə bu sahədəki partlayış milyonlarla insanın pis şəraitdə işləməsini gün işığına çıxardı”, – təşkilatın iqtisadçısı Canin Berq “Reuters” agentliyinə deyib.

Hesabatda deyilir ki, Britaniyada evdən işləyənlər evdən kənarda işləyənlərdən 13 faiz, Birləşmiş Ştatlarda 22%, Cənubi Afrikada 25%, Argentina, Hindistan və Meksikada isə 50 % az qazanırlar.

BMT-nin agentliyi olan BƏT “sənaye sektorunda evdən işləyənlər”in problemlərini nəzərdən keçirib. Buraya geyim, elektronika malları, əl işləri, rəqəmsal iş platformaları üzrə işləyənlər daxildir.

Kasıbın balası necə oxusun? Onlayn təhsilin acı reallığı
Gözlə

No media source currently available

0:00 0:07:05 0:00

Həmin sahələrdə çalışanlara görülən işə görə pul verilir. Onlar sığorta ərizələrini emal edir, onlayn kontentə baxır, redaktə edir, süni zəka sistemləri ilə məşğul olurlar.

BƏT bildirir ki, evdən işləyənlərin kənardan işləyənlərlə eyni səviyyədə sosial müdafiəsi yoxdur, onlar həmkarlar ittifaqlarında eyni dərəcədə iştirak etmirlər və sairə. Onlar alətlər, kimyəvi maddələrlə işlərkən səhhət və təhlükəsizliklərinə daha böyük risk yaranır.

Hesabatın həmmüəllifi olan Berq deyir ki, əsas məsələ evdən işləyənlərin çoxunun müstəqil kontraktor kimi qeydə alınması və əmək qanunlarından kənar qalmasıdır.

Tövsiyələr

BƏT hökumətləri qeyri-formal iqtisadiyyat sahələrində evdən işləyənlərə münasibətdə də əmək və sosial təhlükəsizlik qanunvericiliyinin tətbiqinə səsləyir.

Qurum rəqəmsal platformalar üçün işləyənlərin problemlərinə də diqqət çəkir. Onlar çox vaxt onlayn platforma və müştəri üçün başqa ölkədən işləyirlər.

Onların çoxu minimum maaşa çalışır, işdən çıxarılanda müstəqil arbitrləri də olmur. Hesabatda tövsiyə olunur ki, bu işçilərin gördüyü işlə əlaqədar onların iş şəraitinin monitorinqi aparılsın.

Berqin proqnozuna görə, texnologiyada irəliləyiş və COVID-19 pandemiyası evdən işləyənlərin sayını həmişəlik artıra bilər.

“Bu elə də pis şey deyil, bəziləri bunu xoşlayırlar. Ancaq söhbət potensial risklərdən xəbərdar olmaqdan gedir. Pandemiya bu məsələləri aktuallaşdırıb”, – o vurğulayıb.

Evdən işləməyin ən böyük mənfi tərəfi işlə şəxsi zamanın bir-birinə qarışmasıdır. Artıq Fransa, Çili, Belçika, Ekvador və İtaliyada yeni qaydalar işçilərə imkan verir ki, “rabitəni kəsmək hüququ”ndan istifadə etsinlər, müdirlər də işlə özəl həyat arasındakı sərhədi gözləsinlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG