Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:07

Onlayn elmi dərəcələr 'legitimləşərsə'...


Cuzeppe Paterno, 96 yaşında. İtaliyanın ən yaşlı tələbəsi onlayn imtahan verir. 2020
Cuzeppe Paterno, 96 yaşında. İtaliyanın ən yaşlı tələbəsi onlayn imtahan verir. 2020

Uzun zaman cəmiyyətdə onlayn təhsilə müəyyən şübhə ilə yanaşılıb, bilavasitə universitet divarları arasında alınan təhsilə daha çox üstünlük verilib. Bəs görəsən, bu uzun sürən pandemiya cəmiyyətin onlayn təhsilə yanaşmasını dəyişəcəkmi?

BBC yazır ki, 32-yaşlı Bler Körri ötən il London Universitetindən kompüter elmləri sahəsində bakalavr dərəcəsi almağa başlayıb. Ancaq Körrinin Londona səyahət etmək fikri də olmayıb. O, təhsilini Nyu-Cersidəki rahat evindən uzaqlaşmadan alıb. Özü də bu prestijli universitetdə təhsilini ABŞ-da ala biləcəyi təhsilin yarı qiymətinə alıb. Onlayn təhsilin verdiyi rahatlıqlar da öz yerində. Körri yüksək səviyyəli təhsil ala-ala, eyni zamanda, ölkəsinin müxtəlif ştatlarına və hətta xarici ölkələrə səyahət edə bilərdi.

320 faiz artım

Tam onlayn dərəcə və sertifikat proqramları son illər get-gedə daha da populyarlaşır. Ancaq bu proqramların həmişə müəyyən imic problemi olub. Buna baxmayaraq, pandemiya onlayn təhsil proqramlarına marağı artırıb. Çünki ənənəvi universitetlər belə təhsili onlayn məcraya keçirib. Görəsən, bizə bu qədər dəyişikliklər yaşatmış bu il virtual dərəcələrə yanaşmanın dəyişməsində də dönüş nöqtəsi olacaqmı?

"Coursera" onlayn tədris platformasının baş icraçı direktoru Ceff Macionkalda deyir ki, martın ortasından bəri 24 milyon insan ilk dəfə qeydiyyatdan keçib. Bu isə bir il əvvəl eyni dövrə aid göstəricidən 320 faiz çoxdur. 2012-ci ildə Stenfordun iki kompüter elmləri professorunun yaratdığı platforma hazırda 20 dərəcə və minlərlə qısa kurs təklif edir.

Körrinin London Universitetindən "Coursera" vasitəsilə qoşulduğu proqramın tələbə sayı 62 faiz artıb. Bu proqramda 143 ölkədən yaşı, əsasən, 30 və 40-larda olan tələbələr təmsil olunub.

İş tapmağa təsiri

Ancaq bu, hələ onlayn dərəcələrə hörmətin artacağı demək deyil. Körri ilə eyni kursda oxuyan 24-yaşlı Ebiqeyl Qomes Leytau onlayn təhsillə bağlı stiqmanın hələ də qaldığını deyir. O, bunun onun iş tapmaq şanslarına təsir edə biləcəyindən narahatdır.

Qomes Leytau deyir ki, onun hazırkı onlayn dərəcə proqramı, əslində, əvvəllər bilavasitə kampusda aldığı təhsildən də çətindir. Bu proqram tələbələrdən müstəqil çalışmağı tələb edir. Onun sözlərinə görə, bu proqram ona kampusda aldığı təhsildən daha çox ötürülə bilən bacarıqlar verib. Ötürülə bilən bacarıqlara yazılı və şifahi kommunikasiya, şəxsi motivasiya, dinləmə, vaxta nəzarət, tədqiqat və təhlil bacarıqları da daxildir.

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun 2012-ci ildə birgə yaratdığı edX onlayn kurs və dərəcə platformasının CEO-su Adam Medros deyir ki, üç-dörd il əvvəl siz magistr dərəcələrinin adlarının qarşısında "i", yaxud "e" hərfi görə bilərdiniz. Məsələn, "iMBA", yaxud "eMasters". Onun sözlərinə görə, o zaman universitetlərin özləri də hələ onlayn təhsil məsələsində özlərini sınayırdılar və hələ brendlərini qorumaq şərtilə "ayaq barmaqlarını suya salırdılar".

Stiqma azalır...

Ancaq artıq 2019-cu ildə nüfuzlu Harvard Biznes Məktəbi öz onlayn təhsil platformasının adını "HBX"dən "Harvard Business School Online"a dəyişib. Bir növ, üzbəüz və onlayn təhsil arasındakı fərqi daha az hiss etdirməyə başlayıb. Britaniyanın Ali Təhsil Siyasəti İnstitutundan Reyçel Hyuit ümid edir ki, post-pandemiya dövründə onlayn təhsilə qarşı stiqma aradan qalxacaq.

Hazırda bütün tələbələr onlayn təhsil alır. Pandemiya birbaşa onlayn təhsil şəklində başlayan proqramlarla üzbəüz keçilən proqramlar arasında sərhədi qarışdırıb. Bu günlərdə, demək olar, hamı hansısa onlayn kurslara yazılıb.

Maraqlıdır ki, artıq pandemiyadan əvvəl onlayn tədris mühitində olan insanların müəyyən üstünlüyü var. Macionkalda deyir ki, ənənəvi universitetlərin hələ də bu məsələdə çətinlik çəkdiyi dövrdə əvvəldən onlayn olan proqramlar və bu mühitdə təhsil alanlar özlərini kifayət qədər rahat hiss edirlər.

Bəzi universitetlər artıq onlayn təhsilin daha da legitimləşdirilməsinə xidmət edən innovasiyalar üzərində çalışırlar. Əvvəllər virtual tədrisi çətin və qeyri-mümkün sayılan fənləri onlayn keçməyin yollarının tapılması da bu məqsədə xidmət edə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG