Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:26

Tarif Şurasının qərarlarına yozumlar... 'Elektromobillərə subsidiya verilsin'


Yanvarın 5-dək Aİ-92 benzini 90 qəpik, dizel 60 qəpik idi...
Yanvarın 5-dək Aİ-92 benzini 90 qəpik, dizel 60 qəpik idi...

Yanvarın 4-də Tarif Şurası Azərbaycanda benzinin və dizel yanacağının qiymətlərini artırdı. Aİ-92 markalı benzin 10, dizel isə 30 faizdən çox bahalaşdı. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının isə 80 qəpik müəyyən edildi.

Tarif Şurasının arqumentləri...

Qurum bunu əsaslandırmaq üçün, əsasən, üç arqument göstərib. Birincisi, avtomobil idxalının artması, ikincisi, qonşu ölkələrdə benzinin qiymətinin Azərbaycandan baha olması və ən nəhayət, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin yüksəlməsi.

Tarif Şurasından bildirilib ki, bununla bağlı təklif Dövlət Neft Şirkətindən (SOCAR) gəlib. Qurum habelə, ekoloji mühitin yaxşılaşdırılması məsələsindən də bəhs edib: "Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb".

Şuradan həmçinin bildirilməsinə görə, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır: "... Yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək".

Sürücü: 'Benzinin keyfiyyəti - sıfır'
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Kompensasiya və subsidiya

Tarif Şurası habelə qeyd edib ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək: "Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq".

Qurum vurğulayıb ki, bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumətin ayırdığı subsidiyaların məbləğinə də yenidən baxılacaq.

Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü, Aİ-92 markalı benzinlə bağlı isə 2017-ci ildə aparılıb. "2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66, pensiyalar 73 faiz artıb...", - qurum izah edib.

"Dünya standartlarına inteqrasiya..."

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də "Turan" agentliyinə bildirib ki, benzinin və dizel yanacağının qiymətlərinin artması yanacağa olan dünya standartlarının yüksəlməsi ilə bağlıdır: "Təbii ki, bu, ekoloji problemlərin həllinə yönəlib. Biz öz standartlarımızı artıraraq onları dünya standartlarına yaxınlaşdırırıq. Bu isə ona görə lazımdır ki, Azərbaycan dünya təsərrüfat sahəsinə inteqrasiya olunur. Ona görə də biz bu standartları yanacaq sahəsində də tətbiq edirik. Dünya standartlarına inteqrasiya isə neft emal edən zavodların yenidən qurulmasına yönələn əlavə investisiyalar deməkdir. İdxaldan söhbət gedirsə, bu, yüksəkkeyfiyyətli yanacağın idxalı olmalıdır. Hər iki məsələdə bu, xərc deməkdir. Xərc isə həmişə maya dəyərinə daxildir və bu, qiymətdə əks olunur".

R.Quliyev
R.Quliyev

"Koronavirus pandemiyası..."

Deputat vurğulayıb ki, benzinin və dizel yanacağının qiymətlərinin artması həmçinin, koronavirus pandemiyası ilə bağlıdır: "Bütün bunlar dünya ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatına təsir göstərir. Pandemiya inflyasiyanın, işsizliyin artımına, devalvasiyaya, iqtisadi artımın mənfi göstəricilərə qədər aşağı düşməsinə gətirib çıxarır. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda ümum daxili məhsulun (ÜDM) və iqtisadi artımın azalması digər hətta inkişaf etmiş ölkələrə nisbətən daha az müşahidə olunur. Azərbaycanda ÜDM-in azalması və inflyasiya artımı 2020-ci ilin proqnozlarına uyğundur və digər ölkələrin göstəriciləri ilə müqayisədə qənaətbəxşdir. Bu, cənab prezidentin keçirdiyi sosial-iqtisadi siyasətin nəticəsidir".

Deputat qeyd edib ki, koronavirus həmçinin, səhiyyə və sosial sahəyə yükün artmasına təsir göstərir. O bildirib ki, ölkənin əsas sosial-iqtisadi və maliyyə sənədi illik büdcədir və onu inkişaf etdirmək üçün daxilolmaları təmin etmək lazımdır. Onun fikrincə, qiymətlər qalxmasa, büdcəyə pul yığmaq çətinləşəcək: "Büdcənin gəlir hissəsi olmasa, xərc hissəsi icra olunmayacaq və ya bu şərtlərlə xərc hissəsi icra olunarsa, böyük defisit yaranacaq. Büdcə defisitini bağlamaq üçün pulların əlavə emissiyasını etmək lazım gələcək. Bu isə birbaşa inflyasiyaya gətirib çıxaracaq. Və ya daxili kreditləri götürmək lazım olacaq. Bu isə o deməkdir ki, problem növbəti illərə uzadılacaq. Ölkədaxili kreditlər götürülürsə, bunun faizinin da ödəmək lazımdır".

Deputat əlavə edib ki, büdcənin iqtisadi tərəfindən əlavə sosial tərəfi də var: "Sosial məsələlərin icra edilməsi çox vacibdir".

R.Ağayev
R.Ağayev

"Fermerlər üçün kompensasiya mütləq olmalıdır"

İqtisadçı Rövşən Ağayev isə deyib ki, Azərbaycanda dizel yanacağının 70 faizə yaxını nəqliyyat, 30 faizə qədəri isə aqrar sektorda istifadə edilir: "Hazırkı qiymət artımı aqrar sektor üçün 1 il ərzində əlavə 70 milyon manata yaxın izafi xərc yaradacaq".

İqtisadçı bildirib ki, fermerlər üçün kompensasiya mütləq olmalıdır: "Çünki aqrar sektorun bütün fəaliyyəti dizel yanacağı üzərində qurulub".

Ekspert qeyd edib ki, eyni zamanda, benzin və dizel bahalaşması nəqliyyat sektoru üçün əlavə 300 milyon manata yaxın xərc yaradacaq.

R.Ağayev hesab edir ki, dizel yanacağının qiymətini artırmaq ekologiya qayğı ilə əlaqələndirilirsə, hökumət bunu başqa yolla da sübut edə bilər: "Yanacağın qiymətinin artmasından əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınların gətirilməsinə subsidiya verilsin. Məsələn, dəyəri 20 min dollara qədər olan maşınlara idxal qiymətinin 25 faizi, 20 min-30 min dollar intervalında olanlara isə 20 faiz qədər subsidiya ödənsin. Əlavə olaraq, həm hibrid, həm də elektromobillər 0 sıfır rüsum və vergisiz idxal edilsin".

N.Cəfərli
N.Cəfərli

"...Kənd təsərrüfatı məhsullarının qiymətlərində hiss edəcəyik"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, hökumətin arqumentləri absurd səslənir: "Hansısa ekoloji məsələlərlə bu artımın izah edilməsi absurd səslənir. Çünki ekoloji məsələlərlə bağlı görüləsi çox işlər var. Məsələn, elektrik və hibrid avtomobillərinin gömrük rüsumlarını sıfırlamaq olar...".

Ekspert hesab edir ki, yanacaq qiymətlərinin artırılmasının əsas səbəbi SOCAR-a büdcədən ayrılan dotasiyaların azalmasıdır: "Bu il həmin dotasiyalar azaldı. Bunun yerinə qiymət artırma yolu ilə SOCAR-ın müəyyən maliyyə problemlərinin həll edilməsi yönündə addım atdılar".

N.Cəfərli sonra da deyib: "Logistikaya və aqrar sektora ən çox təsir edən məhz yanacaq qiymətləridir. Logistikada maya dəyərinin təqribən 50 faizə yaxınını və kənd təsərrüfatında 30 faizə yaxınını məhz yanacaq təşkil edir. Ona görə də dizelin az qala 34 faizə yaxın artması bu sahələrdə ciddi fəsadlar doğuracaq. Dizel yanacağının və benzinin qiymətlərinin artmasını aprel-may aylarında kənd təsərrüfatı məhsullarının qiymətlərində hiss edəcəyik...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG