Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 03:41

Büdcənin xərcləri artır, pul haradan gələcək?


Manat

Dekabrın 21-də prezident İlham Əliyev Azərbaycanın 2021-ci il dövlət büdcəsinin layihəsini Milli Məclisə təqdim edib.

Xərclər 3 milyard, gəlirlər isə...

Layihəyə əsasən, Azərbaycanın 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 mlrd. 427 mln. manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 mlrd. 303 mln. manat və yaxud 5.4 faiz çoxdur.

Əslində bu, 2021-ci il üçün artıq ikinci büdcə layihəsidir. Birinci layihə sentyabrın əvvəlində təqdim olunmuşdu. Orada gələn ildə dövlət büdcəsinin gəlirləri 24 mlrd. 327 mln. manat proqnozlaşdırılırdı.

Mövcud layihədə xərclər isə 28 mlrd. 543 mln. manat nəzərdə tutulur. Bu da 2020-ci ilə nisbətən 1 mlrd. 50.8 mln. manat və ya 3.8 faiz çoxdur. 4 ay əvvəlki layihədə isə büdcəsinin xərcləri 25 mlrd. 847.5 mln. manat götürülmüşdü. Deməli, xərclər 3 milyard manata yaxın, gəlirlər isə 1 milyard manatdan çox artırılıb.

Yeni layihədə dövlət büdcəsinin sosialyönlü xərcləri də 11 mlrd. 111.9 mln. manat proqnozlaşdırılıb. Bu da 2020-ci illə müqayisədə 563.8 mln. manat və ya 5.3 faiz çoxdur.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 mlrd. 116 mln. manat məbləğində nəzərdə tutulur. Bu isə 2020-ci illə müqayisədə 0.6 faiz azdır.

Qarabağ üçün azı 25 milyard manat lazım olacaq
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Azad olunan ərazilərinin bərpası və...

Layihədə qeyd olunub ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası və yenidən qurulmasına gələn ilin dövlət büdcəsindən 2.2 milyard manat ayrılacaq.

Gələn il üçün müdafiə xərcləri də artırılıb. Müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması üçün 2021-ci il dövlət büdcəsi xərclərinin 23.4 faizi həcmində və ya 6 mlrd. 678.6 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2020-ci ilə nisbətən 937.7 milyon manat və ya 16.3 faiz çoxdur.

Burada neftin 1 barelinin qiyməti 40 ABŞ dolları götürülüb (Builki və 4 ay əvvəlki layihəyə nisbətən 5 dollar çox).

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi isə 12 mlrd. 200 mln. manat nəzərdə tutulur. Əvvəlki layihə ilə müqayisədə burada elə bir fərq yoxdur.

R.Quliyev
R.Quliyev

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan" İnformasiya Agentliyinə bildirib ki, büdcənin özünün artımı var: "1.3 milyard büdcə artımı var. Güman edilir ki, büdcə kəsiri də artıq ola bilər. Amma bu, heç bir iqtisadi problem yaratmayacaq. Bizim makroiqtisadi stabilliyimiz üçün qızıl, valyuta ehtiyatlar kifayət qədərdir. Özəlləşmədən də müəyyən qədər vəsait büdcəyə daxil olacaq. Vergilərin təkmilləşdirilməsi hesabına da vəsait daxil olacaq. Bütün bunlar sinergetik effekt verəcək ki, Qarabağ üçün büdcədən daha çox vəsait ayrılsın".

"Bu, sadəcə, fundamentdir"

Deputat hesab edir ki, büdcə layihəsinin ən vacib hissələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılan xərclərdir: "Bu məqsədlə 2.2 milyard manat pul ayrılıb. Bu, əsasən, infrastruktur layihələrdir. Təbii ki, iqtisadiyyatı qurmaq üçün əvvəl iqtisadi mühitin yaranması vacibdir. İqtisadi mühiti nəzərə alanda infrastruktur tam bərpa olunmalıdır. Bu, yollardır, kommunal xidmətlərdir, energetikadır. Orada evlər tikilməlidir, şəhərlər bərpa olunmalıdır. Lakin bununla biz kifayətlənməyəcəyik. Bu, sadəcə, fundamentdir. Bu fundamentin üstündə artıq istər dövlət, istərsə də biznes tərəfindən inkişaf gözlənilir. Şərait yaradılandan sonra Qarabağ regionunda sürətlə, hətta deyərdim ki, Azərbaycanın ümum daxili məhsulunun artımından da artıq artım müşahidə olunacaq".

Deputat qeyd edib ki, yeni büdcə layihəsində növbəti il üçün neftin bir barelinin qiyməti 5 dollar çox götürülüb: "Neftin qiyməti 35 dollardan 40 dollara qaldırılıb. Bunun gələn ilin Azərbaycan büdcəsinə xüsusi təsiri olacaq".

Şuşada biznes qurmaq üçün nə lazımdı?
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

"Həmin layihələrə əl gəzdiriləcək"

R.Quliyev bildirib ki, nəzərdə tutulmuş bütün sosialyönümlü layihələr həyata keçiriləcək: "Bizdə həmişə sosial siyasətin həyata keçirilməsi nömrə bir olub. Amma ikinci dərəcəli layihələr də var. İndi həmin layihələrə əl gəzdiriləcək".

Müdafiə xərclərinin artırılmasına gəlincə, deputat deyib ki, Azərbaycanda həmin xərclər artmalıdır: "Bəli, biz tam qələbə çaldıq, cənab prezidentin qoyduğu bütün məsələlər həll olundu, amma, ruslar demişkən, sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bizim buna xeyli imkanlarımız var".

R.Quliyev vurğulayıb ki, Azərbaycan büdcəsində sosialyönümlü məsələlər həmişə ən önəmli məsələ olub: "Ona görə də yaşayış minimumu 3.1 faiz qalxdı. Təbii ki, biz çalışırıq inflyasiyanın qarşısını alaq və onu 2.5-3 faiz civarında saxlayaq. Bizdə inflyasiya ilə mübarizədə uğur var. İnflyasiya ilə işsizlik bir-birinə sıx bağlıdır. Biz işsizlik ilə əlaqədar proqramlar həyata keçiririk, amma təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, bu gün Azərbaycanda da koronavirus pandemiyasına görə karantindir. Amma burda bir maraqlı məsələ var - Qarabağ regionu təzədən qurulur və orada kifayət qədər işçi qüvvəsi lazım olacaq. Təbiidir ki, iqtisadi sıçrayış olan regionda, ölkədə işsizlik sürətlə azalır".

"10 ölkələrdən biri Azərbaycandır"

Deputat qeyd edib ki, ölkənin ən əsas məqsədi sosial siyasətdir: "O, Azərbaycanda inkişaf edir, amma mövcud olan karantin tədbirləri bizim iqtisadiyyatımıza da təsir göstərir. Düzdür, başqa ölkələrlə nisbətdə vəziyyət o qədər də pis olmasa da, biz də itkilərlə üzləşirik. Ümumiyyətlə, cənab prezidentin siyasətində praqmatizm var və həmin praqmatizm Azərbaycan iqtisadiyyatını fəlakətlərdən qorumağa kömək edir. Dünyada koronavirus təsirindən az itkilərlə çıxan 10 ölkələrdən biri Azərbaycandır. Bizdə hələ inkişaf da var".

N.Cəfərli
N.Cəfərli

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, növbəti il üçün büdcə layihəsinin təqdim edilməsində gecikmə olub: "Bu gecikmənin əsas səbəbi 44 günlük Qarabağ savaşı olub. İşğaldan azad olunmuş ərazilərdə görüləcək işlər ilə bağlı ümumi təsəvvürlərin yaradılması ilə əlaqədar idi”.

"Əgər böyük kataklizmlər yaşanmasa..."

O, büdcədə neftin qiymətin artırılması ilə bağlı bunları deyib: "Neftin ilkin qiyməti 35 dollardan 40 dollara qaldırıldı. Bu, əsasən, Neft Fondunun büdcəsini maraqlandıran məsələdir və icmal büdcəyə təsir göstərir. Yəni, neft qiymətinin birbaşa büdcənin gəlir hissəsinə təsiri yoxdur. Bu il Neft Fondunda böyük kəsir var, çünki 13.2 milyard manat büdcəyə transfert olundu və büdcədən kənar xərclər də var idi".

İqtisadçının vurğulamasına görə, Fondda ən yaxşı halda 7.5 milyard manata yaxın gəlir gözlənir: "Təqribən 5 milyarda yaxın kəsirin olması gözlənilir. Əslində əgər böyük kataklizmlər yaşanmasa, neft qiymətinin 40 dollardan götürülməsi normaldır və hakimiyyət üçün müəyyən manevrlər etmək üçün imkan yaradır".

Şəxsən siz işğaldan azad olunan torpaqlarda bərpa və abadlıq üçün hansı işləri görə bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Amma N.Cəfərlinin fikrincə, büdcə kəsirləri ilə bağlı problemlər yaşanacaq: "İcmal büdcəni götürəndə təqribən 7.5 milyarda yaxın büdcə kəsirinin olması gözlənilir. Maliyyə Nazirliyin buna belə bir izahı var ki, bu ya özəlləşmə hesabına, ya borclanma hesabına qapadılacaq. Amma mən düşünmürəm ki, gələn il çox qısa bir müddətdə milyardlarla manatlıq özəlləşməyə getmək mümkün olsun".

"Bu büdcədən devalvasiya iyi gəlir"

İqtisadçının qənaətincə, büdcə kəsiri devalvasiyanın hesabına qapadıla bilər: "Maliyyə Nazirliyinin "manata olan basqılar artıb, məzənnəyə olan təsirlər artıb" cümləsini nəzərə alsaq, büdcə kəsirinin qapadılmasının yolu yəqin ki, devalvasiya olacaq. Çünki devalvasiya olsa, Neft Fondundan götürüləcək valyutanın həcmi azalacaq, amma manat ekvivalenti artırmaq mümkün olacaq. Ona görə də, obrazlı desək, bu büdcədən devalvasiya iyi gəlir".

N.Cəfərlinin sözlərinə görə, sosial xərclərdə müəyyən artım var və bu, pandemiyanın vurduğu zərərlərlə əlaqədardır.

XS
SM
MD
LG