Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:33

Baş prokuror: ‘Arayik Arutunyan barəsində cinayət işi başlanıb’


Baş prokurorluğun binası, arxiv foto

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda yazılıb ki, sentyabrın 27-dən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış təcavüz davam edir. Qeyd edilib ki, Azərbaycan Ordusu əks tərəfə tutarlı cavablar verilməklə mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edib:

“Buna cavab olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan-ın tapşırığı əsasında 4 oktyabr saat 10 radələrində Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub”.

Açıqlamada yazılıb ki, əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Tunar Qoşqar oğlu Əliyev həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb:

“ Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub...”

Açıqlamaya görə, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan-ın Cenevrə konvensiyasının tələblərini birbaşa pozaraq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. A. Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama...), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə) maddələri ilə cinayət işi açıldığı qeyd edilir. Onun habelə, 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma) və 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddə ilə də ittiham edildiyi bildirilir.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Həmsədr ölkələrin liderləri oktyabrın 1-də birgə bəyanat yayaraq tərəfləri atəşkəsə və şərt qoşmadan sülh danışıqlarına çağırıb.

Şərhlər

Multimedia

XS
SM
MD
LG