Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Qərb mediası cəbhədən nə yazır


Tərtər, 29 sentyabr, 2020-ci il
Tərtər, 29 sentyabr, 2020-ci il

“Karnegi” fondunun əməkdaşı Tomas de Vaal (Thomas De Waal) Birləşmiş Ştatların yaratdığı boşluğun münaqişəni daha da dərinləşdirə biləcəyini qeyd edir

Azərbaycanla Ermənistan arasında son hərbi əməliyyatlar Qərb mediasının aparıcı mövzusu olaraq qalır. Sentyabrın 30-na olan məlumata görə cəbhəboyu intensiv döyüşlər davam edir.

“Karnegi” fondunun əməkdaşı Tomas de Vaal (Thomas De Waal) Birləşmiş Ştatların yaratdığı boşluğun münaqişəni daha da dərinləşdirə biləcəyini qeyd edir.

Beynəlxalq başağrısı

1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunandan sonra ən ağır toqquşmalar sentyabrın 27-də başlanıb. Müəllif iki faktorun münaqişəni daha da dərinləşdirə biləcəyini, kütləvi dağıntıların miqyasını böyüdəcəyini qeyd edir.

Birinci faktor Recep Tayyip Erdoganın başçılıq etdiyi Türkiyənin Azərbaycanı açıq dəstəkləməsi, ikinci faktor isə Birləşmiş Ştatların bu dəfə məsələyə, demək olar, qarışmamasıdır.

“Bazar günü əməliyyatlar başlanandan Vaşinqton bəyanat verən sonuncu böyük beynəlxalq oyunçu oldu və bununla da regionda maraqlı olmadığını göstərdi. Bu, Prezident Donald Trampın – Bakıda heç vaxt tamamlanmayan Tramp Qülləsinin sponsorunun – Ermənistan və Azərbaycana yalnız biznes perspektivindən baxmasıyla əlaqədar ola bilər”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, son toqquşmalar dünyada daha bir tendensiyanın simptomu sayıla bilər – ABŞ daha regional münaqişələri səngitməyə çalışmır. Dağlıq Qarabağ Türkiyə və Rusiyanın Suriya və Liviyadan sonra üz-üzə gəldiyi üçüncü münaqişədir. Avropa Birliyi isə bu münaqişədə, Balkanlardan fərqli olaraq, xüsusi rol oynamayıb.

“Avropalılar və amerikalılar sonucda bu münaqişə ilə ciddi məşğul olmalı olacaqlar. Türkiyənin iştirakı, İranın yaxınlığı, Rusiyanın rolu, böyük neft-qaz kəmərlərinin mövcudluğu bu regionu sürətlə beynəlxalq başağrısına çevirə bilər”, – "Qara bağ" kitabının müəllifi vurğulayır.

AB-nin ümumi təchizatının 3 faizi

“Bloomberg” Dağlıq Qarabağ münaqişəsinin neft-qaz təchizatına təsirinə toxunur. Enerji bazarları döyüşlərə sakit reaksiya verib, baxmayaraq ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə hücum potensialı qalır.

BTC günə 1.2 milyon barrel neft daşıya bilər, amma normalda onun yarısını nəql edir. Agentlik yazır ki, bazarda təchizatın yüksək, tələbin isə az olduğunu nəzərə alsaq, hətta neftin nəqlinin dayanması belə neftin qiymətinə böyük təsir göstərməyə bilər.

“BTC boyunca uzanan Cənubi Qafqaz kəməri 2019-cu ildə Türkiyəyə 9.2 milyard kubmetr qaz nəql edib, gələn aydan Yunanıstan və İtaliyaya AB-nin ümumi təchizatının 3 faizi qədər qaz daşıyacaq. Ancaq yenə də tələb zəifdir. 30 illik münaqişə dövründə Ermənistan heç Azərbaycandakı kəmərlərə hücum etməyib”, – məqalədə deyilir.

Danışıqların əhəmiyyəti

“The Moscow Times” qəzetində Sergey Markedonov mövcud vəziyyətin mümkün nəticələrini təhlil edir. Onun fikrincə, ən böyük ehtimal odur ki, bu döyüşlər kiçik, amma strateji əhəmiyyətli torpaqlar uğrunda aparılır ki, simvolik “qələbə” elan olunsun. Amma bu halda münaqişəni plan üzrə dayandırmaq xeyli qəliz ola bilər.

Bu eskalasiya danışıqlara hazırlığın bir hissəsi də ola bilər, yəni, məqsəd danışıqların bərpasından öncə rəqibə təzyiqi artırmaqdır.

“Silahlı toqquşmaların pərdəarxasından asılı olmayaraq bir məsələ aydındır: Dağlıq Qarabağ sülh prosesində hərbi qüvvənin əhəmiyyəti günbəgün artır. Danışıqların keçirilməməsi kritik məsələyə çevrilir. Qarabağ kəfkiri indi düzəldilməsə, generallardan diplomatlara keçməsə, bərpaolunmaz hala gələr. Bundan sonra daha bir regional müharibənin yenidən başlaması ekspertlərin proqnozlaşdırdığı ssenari olmaqdan da çıxar”, – müəllif yazır.

XS
SM
MD
LG