Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 10:36

BMT-nin bəyanatına Azərbaycanda yozumlar...


BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

BMT-nin Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycan qüvvələrini Dağlıq Qarabağ regionunda döyüşləri dərhal dayandırmağa çağırıb.

Sentyabrın 29-da 15 üzvlük Şuranın yekdilliklə qəbul etdiyi bəyanatda Baş katib Antonio Quterresin çağırışına dəstək ifadə olunub. Baş katib gərginliyi azaltmağa və mənalı danışıqlara qayıtmağa çağırmışdı.

Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişə zonasındakı təmas xəttində irimiqyaslı hərbi əməliyyatlardan narahatlıq bildirir və gücdən istifadəni qətiyyətlə pisləyir.

E.Şahinoğlu
E.Şahinoğlu

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı AzadlıqRadiosuna deyib ki, hazırda əməliyyatlar ancaq iki şərt daxilində dayana bilər:

"Bunu Ermənistan hakimiyyəti də, Dağlıq Qarabağdakı separatçılar da qəbul etməlidir"

"Birincisi, Ermənistanın qoşunları Azərbaycanın işğal edilmiş ərazilərini tərk edir. Bu, əksini həm də BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə də tapır. İkincisi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyətə razılaşır. Bunu Ermənistan hakimiyyəti də, Dağlıq Qarabağdakı separatçılar da qəbul etməlidir".

Amma politoloq bu iki şərtin yaxın müddətdə qəbul ediləcəyinə inanmadığını söyləyir.

BMT-dəki çağırışlara gəlincə, politoloq hesab edir ki, onlara çox da fikir verilmir.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Əgər BMT-nin təklifi belə çox nüfuzludursa..."

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da mövzu ilə bağlı "Turan" agentliyinə bunları deyib: "Əgər BMT-nin təklifi belə çox nüfuzludursa, bunu 30 ilə Ermənistana niyə qəbul etdirə bilmədi? 1993-cü ildə işğal edilən Azərbaycan torpaqları ilə bağlı dörd qətnamə qəbul edilib. Üstündən 27 il keçir, hələ də tələblərinə əməl olunmayıb. Ermənistan BMT-nin sözünü eşidib? Ermənistan bu qətnamələrin tələblərini yerinə yetirib?".

"Azərbaycan tərəfi danışıqlara hazırdır"

Politoloq Zərdüşt Əlizadəyə görə isə, Azərbaycan əməliyyatların dayandırılması barədə təklifə razıdır:

Z.Əlizadə
Z.Əlizadə

"Amma bu şərtlə ki, Ermənistan tərəf substantiv danışıqlara hazır olsun. Dövlət başçısı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan döyüş gedə-gedə haradasa görüşə bilərlər. Razılığa gələ bilərlər ki, atəşkəs əldə edildikdən 10 gün sonra Ermənistan ordusu Azərbaycandan çıxır. Azərbaycan yeddi rayonu götürür. Daha sonra Dağlıq Qarabağla bu bölgənin gələcək statusunu müəyyən edir. Azərbaycan tərəfi danışıqlara hazırdır, Ermənistan tərəfi hazır deyil".

Prezidentin köməkçisi: "Bu,... Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir"

"Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik".

AZƏRTAC-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev
H.Hacıyev

H.Hacıyev deyib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: "Ermənistan bu günə qədər həmin qətnamələri icra etməyib. Bu, ilk növbədə, Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir. Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar. Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür".

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG