Sentyabrın 17-də dünyada yeni koronavirusa təsdiqlənmiş yoluxmaların sayı 30 milyonu keçib. Birləşmiş Ştatlar, Hindistan və Braziliya həm yoluxmalar, həm də ölüm hallarına görə öndə gedir.
Dünya Səhiyyə Təşkilatı (DST) isə Avropa boyunca yoluxmaların “yayılma sürətinin həyəcan təbili çaldığını” bildirir. Artıq Avropada bir sıra ölkələr yeni qadağalar tətbiq etməyə hazırlaşırlar.
Cons Hopkins Universitetinin apardığı statistika əslində real mənzərəni göstərmir, çünki bir çoxları testdən keçmir, xəstəliyi simptomsuz keçirənlər də az deyil.
Dünya üzrə koronavirusdan ölüm hallarının sayı 945 minə yaxınlaşır.
İsrail ikinci karantinə gedir
DST-nin Avropadakı 53 üzvündə indiyədək 5 milyona yaxın yoluxma, 227 mindən çox ölüm halı qeydə alınıb.
Hazırda gündəlik yoluxma sayı 40 min – 50 min arasında dəyişir ki, bu da aprelin 1-dəki pik səviyyə ilə müqayisə olunur. Hazırda bir çox ölkələrdə aparılan testlərin sayı da ciddi şəkildə artıb.
Sentyabrın 18-dən Britaniya, Çexiya Respublikası, Fransa və İspaniya böyük şəhərlərdə yeni qadağalar tətbiq edəcəklər.
Koronavirus statistikasına görə dünya üzrə birinci yerdə gedən Birləşmiş Ştatlarda 6,6 milyondan çox yoluxma, 197 mindən çox ölüm təsdiqlənib. İkinci yerdə 5,1 milyondan çox yoluxma və 83 mindən artıq ölümlə Hindistan, üçüncü yerdə 4,4 milyondan artıq yoluxma və 134 mindən çox ölümlə Braziliya gəlir.
Yaxın Şərq üzrə uyğun rəqəmlər 1 milyon 750 mindən artıq yoluxma və 41 mindən çox ölüm, Afrikada 1 milyon 380 mindən artıq yoluxma və 33 mindən çox ölümdür.
İsrail sentyabrın 18-dən ikinci karantin tətbiq edən ilk inkişaf etmiş ölkədir. Aylardır ölkədə yoluxmalar artır. Üç həftəlik karantin yəhudi Yeni ilindən öncəyə təsadüf edir, Yom Kippur daxil olmaqla digər dini bayramlar da bu müddətə düşəcək.
Sağalandan 60 gün sonra...
Koronavirusla bağlı əsas diqqət xəstəxanaya yerləşdirilənlərə və ölüm hallarına ayrılıb. Amma indi virusun qurbanlar sağalandan sonra da da onlara təsir edə biləcəyi sarıdan narahatlıq artır.
Sentyabrın 18-də dərc olunmuş yeni araşdırmada deyilir ki, İrlandiyada bir xəstəxanada Covid-19-a yoluxmuş pasiyent və əməkdaşların yarıdan çoxu ilkin xəstəliyi keçirəndən sonra da davamlı halsızlıqdan əziyyət çəkib.
Digər araşdırmalar, dəlillər simptomların sağalandan sonra da qaldığını göstərib. Buraya təngnəfəslik, halsızlıq, dadbilmə və iybilmə qabiliyyətinin itməsi də daxildir.
İyulda İtaliyada sağalmış xəstələr üzərində araşdırma üzə çıxarıb ki, xəstələnəndən 60 gün sonra belə onlar azı bir simptomdan əziyyət çəkiblər.
London Kral Kollecinin tədqiqatçılarının hesablamasına görə, sağalanları izləyən tətbiqdən istifadə edən hər 10 nəfərdən birində 30 gün sonra belə simptomlar olur, yaxud bəziləri aylarla özünü yaxşı hiss etmir.