Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətinə baxılacaq tarix bəlli olub.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.
Vəkilin vurğulamasına görə, bu cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi ilkin baxış iclasını sentyabrın 28-nə təyin edib.
T.Yaqublunun həbsinə etiraz olaraq 16 gündür aclıq aksiyası keçirdiyi bildirilir.
'Tofiq Yaqublu hər an komaya düşə bilər'
Müxalifətçi Tofiq Yaqublunun artıq 16 gündür aclıq aksiyasını davam etdirdiyi bildirilir.
T.Yaqublunu müalicə edən doktor Adil Qeybulla sentyabrın 17-də bildirib ki, aclığın davam etdirilməsi koma vəziyyətini qaçılmaz edir: "Bu gün 16-cı gündür aclığı davam etdirir. Vəziyyəti 16 sutka aclıq edən şəxsin vəziyyətinə adekvatdır. Xeyli zəifləyib, çəki itirib, halsızlaşıb. İradəsi ziddinə olsa da, tibbi korreksiyalar edilir. Amma qida qəbul etmir. Onun durumu elədir ki, hər an komaya düşə bilər, aclıq keçirən insanda hər şey ola bilər. Ona görə də çalışırıq ki, ağırlaşma olanda vaxtında müdaxilə edə bilək".
"Hakimiyyət T.Yaqublunun səhhətinin pisləşməsində maraqlı deyil"
Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bu gün, sentyabrın 17-də parlamentin İnsan hüquqları komitəsinin iclasında T.Yaqublu məsələsinə toxunulub.
"Hakimiyyət orqanları qətiyyən Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı deyil", - APA-nın xəbərinə görə, komitə sədri Zahid Oruc deyib. Onun iddiasına görə, T.Yaqublunun səhhətinin pisləşməsində maraqlı olan qüvvələr var.
"Aksiya iştirakçısının səhhəti pisləşib"
Milli Şura və Müsavat Partiyasının üzvü T.Yaqubluya dəstək aksiyasının 15 gündür davam etdiyi bildirilir.
Bunu AzadlıqRadiosuna bu gün, sentyabrın 17-də aksiya iştirakçılarından biri olduğunu söyləyən hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib: "Aclıq aksiyasının iştirakçısı Elnur Həsənovun səhhəti ağırlaşıb. Hərəkət koordinasiyası itib, otaqdan ayaqyoluna belə çətin gedir. Əvvəlki günlərdə gecələr otağın qarşısında gəzişə bilirdik, indi onu da edə bilmir. Ancaq uzanıqlı vəziyyətdə qalır, danışığında da fərq var, fikri ifadə etməkdə çətinlik çəkir".
Z.Əhmədov bildirib ki, ona aclığı dayandırmaq təklif edilsə də, o, imtina edib: "Dünən, sentyabrın 16-da təcili yardım çağırdıq, sinəsində ağrılar vardı, iynələr vuruldu...".
Bu açıqlamaya, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, əvvəlcə sentyabrın 3-dən cəbhəçilərdən Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başlayıblar. Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətiriliblər. Elə həmin gün, sentyabrın 7-dən də Müsavat Partiyasının fəalı Elman Quliyev aksiyaya qoşulduğunu açıqlayıb. Onlardan indiyə kimi T.Məmmədovun və E.Quliyevin aksiyanı dayandırdığı açıqlanıb. Z.Əhmədovun isə sentyabrın 13-dən aclıq edənlərə qoşulduğu bildirilir.
T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı deyilir. O, sentyabrın 12-də saxlandığı 3 saylı İstintaq Təcridxanasından özəl klinika olan "City Hospital"a köçürülüb. Onun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib. Penitensiar Xidmətdən bundan öncə açıqlamaya görə isə, T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – "City Hospital"a köçürülüb.
Xatırlatma
T.Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".
T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.