Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:25

Əli Əhmədov Tofiq Yaqubludan bunları yazıb


Ə.Əhmədov
Ə.Əhmədov

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov həbsinə etiraz olaraq 15 gündür aclıq aksiyası keçirdiyi bildirilən müxalifətçi Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb.

O, Facebook səhifəsində yazıb ki, müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən "Tofiq Yaqublu faktoru" vasitəsilə çıxmağa çalışır: "...Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib. Bu gün üçün aktual olan müxalifətçinin elan etdiyi aclıqla əlaqədar səhhətində yaranmış problemlərin aradan qaldırılmasıdır. Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək. Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir".

YAP müavinin yazmasına görə, "görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır".

"O ki qaldı Tofiq Yaqublunun..."

Ə.Əhmədov sonra da yazıb: "O ki qaldı Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmündən narazı qalmasına, onu həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir. Xüsusilə də, əgər bundan kimlərsə siyasi reytinqini yüksəltmək məqsədilə faydalanmağa çalışırsa. İnsanın həyatı və sağlamlığı heç bir halda siyasi alver və ya mübarizə predmeti olmamalıdır. Azərbaycanı bu cür çirkin siyasətdən qorumalıyıq".

T.Yaqublu saxlandığı 3 saylı İstintaq Təcridxanasından özəl klinika olan "City Hospital"a sentyabrın 12-də köçürülüb. Onun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib. Penitensiar Xidmətdən açıqlamaya görə isə, T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – "City Hospital"a köçürülüb.

Son günlər müxalif və ictimai fəallar onun müdafiəsi ilə bağlı bir sıra aksiyalar keçirməkdədirlər.

S.Həzi
S.Həzi

"...təhlükəli plandan xəbər verir"

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, T.Yaqublunun kürəkəni Seymur Həzi də Ə.Əhmədovun statusuna münasibət bildirib.

S.Həzinin qeyd etməsinə görə, baş nazirin müavini və YAP icra katibi Ə.Əhmədovun T.Yaqublunun aclıq aksiyasına verdiyi qiymət son dərəcə təhlükəli plandan xəbər verir.

S.Həzi bildirib ki, Ə.Əhmədovun açıqlaması vəziyyətin yumşalmasına deyil, daha da gərginləşməsinə hesablanıb: "Kimin hansı bəyanat verməsindən və hansı "plan qurması"ndan asılı olmayaraq, baş verənlərin və verəcəklərin məsuliyyəti də, dividenti də hakimiyyətin aktivinə yazılır. Əli Əhmədov anlamalıdır ki, qanunsuz həbs bir səhvdir, bu qərarda israr iki səhvdir. Bu qərardan imtina isə birinci səhvi neytrallaşdıra bilər. Məgər, bunu anlamaq çox çətindir?".

S.Həzinin gəldiyi nəticəyə görə, bu cür yanaşma prezident İlham Əliyevə dəstək yox, onun vəziyyətini daha da ağırlaşdırmaqdır: "Eləcə də, nəticəsindən asılı olaraq cəmiyyəti heç bir halda arzuolunmaz vəziyyətə sürükləməkdir. Tofiq Yaqublunun bu aksiyasından ən böyük dividenti Azərbaycanın məhkəmə hakimiyyəti götürə bilər, onun birinci instansiyada pozulmuş hüququnu bərpa etməklə".

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublu elə həmin gün həbsinə etiraz olaraq (sentyabrın 2-dən) aclıq aksiyası keçirdiyini bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG