Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:15

Tofiq Yaqubluya qan köçürülüb


T.Yaqublu
T.Yaqublu

"City Hospital"da olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya qan köçürülüb.

Bu barədə AzadlıqRadiosuna həkim Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, T.Yaqubludan bu gün, sentyabrın 16-da qan analizi götürülüb: "Tofiq Yaqublunun vəziyyəti aclıq aksiyasına adekvatdır. Həm çəkisində, həm qan göstəricilərində xeyli dəyişiklik var. Qan göstəricilərinin aşağı düşməsi tendensiyası, bədənin isə müəyyən autoliz elementləri var. Bütün bunlara görə biz bu gün, sentyabrın 16-da məcburən qan plazmasının köçürülməsi işinə başladıq. Bunun fonunda vəziyyətini stabil hesab etmək olar, amma təbii ki, 15 gün aclıq aksiyasının gedişinə uyğundur. Huşu yerindədir".

"O bu mübarizəni M.Ə.Rəsulzadəyə ithaf edib"

T.Yaqublunun qızı Nigar Həzi də sentyabrın 16-da atası ilə telefonla danışdığını və vəziyyətinin ağır olduğunu bildirdi: "Səsi çox zəif gəlirdi. Vəziyyəti çox pisdir, dəhşətli dərəcədə halsızdır. Dedi ki, köməksiz ayağa dura bilmir, sümükləri çox sızıldayır, gözü çox pis görür, artıq eynək belə kömək etmir. O, həmçinin, artıq taqəti qalmadığını dedi. Dedi ki, nə qədər ömrü qaldığını bilmir, lakin bilməyimi istədi ki, o bu mübarizəni M.Ə.Rəsulzadəyə ithaf edib. Bildirdi ki, hakimiyyət tez bir zamanda qərar verməlidir…".

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

"City Hospital"ın önünə gələn Azərbaycan Xalq Cəbhəsi Partiyasının qadın fəallarını ərazidən polis uzaqlaşdırıb. Polis bunu karantin rejiminin tələbləri ilə əsaslandırıb.

Onların əynində üstündə hazırda həbsdə olan və siyasi məhbus sayılan şəxslərin şəkli olan köynəklər olub.

Rəsmilər isə Azərbaycanda siyasi məhbusların olması fikrini qəbul etmir. Rəsmilərin fikrincə, siyasi məhbus siyahısında yer alanlar məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

T.Yaqublunun vəkili: 'Əllərini belə yummağa çətinlik çəkir'

Bu gün, sentyabrın 16-da vəkil Aqil Layıc "City Hospital"ın reanimasiya şöbəsində olan və həbsinə etiraz olaraq aclıq aksiyası keçirdiyi bildirilən Tofiq Yaqub ilə görüşüb.

Bu barədə vəkil özü bildirib. Onun deməsinə görə T.Yaqublu aclıq aksiyasını 15-ci gündür ki, davam etdirir: "Fikri aydın olsa da, ifadə etməkdə fizioloji çətinlik çəkir, gözlərinin görməsində problem yaranıb. Əllərini belə yummağa çətinlik çəkir. İndiyə kimi qidadan və qidalandırıcı sistemlərdən imtina edir. Tofiq Yaqublu deyib ki, ona münasibətdə ədalətsizliyə son qoyulmasa, sudan belə imtina edəcək".

Vəkilin deməsinə görə, o, ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir. "Penitensiar Xidmətin əməkdaşlarının davranışlarından çox razılıq bildirdi", - vəkil qeyd edib.

Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

'Elnur Həsənovun səhhəti pisləşib'

Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya dəstək aksiyasının 14 gündür davam etdiyi bildirilir.

Bunu bu gün, sentyabrın 16-da Müsavat Partiyasının qərargahında aksiya iştirakçılarından biri olduğunu söyləyən hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib: "Hazırda aclıq aksiyasını 3 nəfər davam etdiririk. Mən, Elnur Həsənov və Ayət İsmayıl. Elnurun Həsənovun səhhəti pisləşib, təzyiqi qəfildən yüksəlib. Dünən, sentyabrın 15-də təcili yardımdan gələn həkimlər ona aksiyanı dayandırmağı təklif etsələr də, bundan imtina etdi".

Bu açıqlamaya, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, əvvəlcə sentyabrın 3-dən cəbhəçilərdən Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başlayıblar. Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətiriliblər. Elə həmin gün, sentyabrın 7-dən də Müsavat Partiyasının fəalı Elman Quliyev aksiyaya qoşulduğunu açıqlayıb. Onlardan indiyə kimi T.Məmmədovun və E.Quliyevin aksiyanı dayandırdığı açıqlanıb. Z.Əhmədovun isə sentyabrın 13-dən aclıq edənlərə qoşulduğu bildirilir.

T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı deyilir.

T.Yaqublu saxlandığı 3 saylı İstintaq Təcridxanasından özəl klinika olan "City Hospital"a sentyabrın 12-də köçürülüb. Onun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib. Penitensiar Xidmətdən bundan öncə açıqlamaya görə isə, T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – "City Hospital"a köçürülüb.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublu elə həmin gün həbsinə etiraz olaraq (sentyabrın 2-dən) aclıq aksiyası keçirdiyini bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG