Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:29

Çin minlərlə vətəndaşına peyvənd vurdurur – Qərb mediası


Çində laboratoriya işçiləri

Hələ iyulda Çin vaksindən fövqəladə istifadə proqramını işə salıb

Çin eksperimental koronavirus vaksinini onminlərlə vətəndaşına vurdurur və hazırladığı dərmanlara beynəlxalq maraq oyadır. “Reuters” agentliyi standart sınaqdan keçməyən dərmanların təhlükəsizliyi ilə bağlı narahatlığın qaldığını yazır.

Hələ iyulda Çin vaksindən fövqəladə istifadə proqramını işə salıb. Bunun üçün Sinopharm dövlət şirkəti və ABŞ-ın siyahısında olan Sinovac Biotech-in hazırladığı üç eksperimental vaksin təklif olunur. CanSino Biologics şirkətinin hazırladığı dördüncü vaksin isə iyunda Çin ordusu tərəfindən istifadəyə təsdiqlənib.

“Heç bir yan təsir baş verməyib”

Bu vaksinlər artıq ehtiyatlarını görmək istəyən hökumətlərin də diqqətini çəkib. Agentlik yazır ki, bu arada Çinin pandemiyanın yayılmasından rolu barədə təsəvvürlər də sanki yenidən formalaşmış olur.

Di gəl, Pekin tibb, nəqliyyat, ərzaq bazarında çalışanlara vurulan peyvənd barədə rəsmi informasiya paylaşmır.

Sinopharm və Sinovac artıq azı onminlərlə insana peyvənd vurulduğunu təsdiqləyiblər. Çin Milli Biotex Qrupu (CNBG) yüzminlərlə doza payladığını bildirib. Bu vaksin hər bir fərdə 2, ya 3 dəfəyə vurulur.

Çin Xəstəliklərə Nəzarət və qarşısının Alınması Mərkəzinin biotəhlükəsizlik üzrə baş eksperti bu həftənin əvvəlində açıqladı ki, apreldə ona da peyvənd vurulub, noyabradək vaksinlərdən azı bəzilərinin ictimai istifadəyə hazır ola biləcəyini söylədi.

“İndiyədək peyvənd vurulan şəxslərdən heç kəs xəstələnməyib. Peyvəndləmə sxemi yaxşı işləyib. Heç bir yan təsir baş verməyib”,Quijen Vu dövlət televiziyasında deyib.

“Reuters” yazır ki, Çinin yanaşması bir çox qərb ölkələrinin təcrübəsinə ziddir. Qərbdə ekspertlər vaksinlərdən sınaqlar tamamlanmamış fövqəladə istifadəylə bağlı xəbərdarlıq edirlər, uzunmüddətli effekt və potensial yan təsirlərlə bağlı bilginin vacibliyini önə çəkirlər.

“Xeyli problemli” yanaşma

Elə Cons Hopkins Universitetində peyvənd araşdırmaçısı Anna Durbin də Çinin fövqəladə istifadə proqramını “xeyli problemli” hesab edir, standart nəzarət qrupu üzərində klinik sınaq aparılmadan effekti müəyyənləşdirməyin mümkün olmadığını söyləyir.

“Adamlara peyvənd vurursan, amma onları qoruyub-qorumayacağını bilmirsən”, – Durbin agentliyə deyib.

Ötən həftə AstraZeneca şirkətinin apardığı son mərhələ klinik sınaqlar zamanı bir könüllü xəstələndi və bundan sonra vaksin təhlükəsizliyi məsələsi daha kəskinliklə diqqət mərkəzinə keçdi. Artıq şirkət Britaniyada sınaqları bərpa edib.

Rusiya da eksperimental vaksindən istifadəyə icazə vermiş azsaylı ölkələrdəndir. “Sputnik V” vaksini müəllimlər daxil olmaqla müəyyən qruplar üçün məcburi elan olunub. Hindistan da özəlliklə yaşlılar və yüksək riskli işlərdə çalışanlar üçün vaksinin fövqəladə təsdiqlənməsini nəzərdən keçirir.

Artıq bu həftə BƏƏ Sinopharm vaksinindən fövqəladə istifadəni təsdiqləyib və Çin vaksinlərindən ilk beynəlxalq istifadənin yolunu açıb. Cəmi altı həftə öncə bu Körfəz ərəb ölkəsində insan üzərində sınaqlar başlanmışdı. BƏƏ rəsmiləri vaksinin yumşaq və gözlənən yan təsirlərinin, kəskin fəsadların üzə çıxmadığını bildiriblər.

Çin avans tələb eləmir

“Reuters” mənbəyə istinadla CanSino-nu bir sıra ölkələrin gözaltı etdiyini yazır, görünür, ordunun onu təsdiqləməsi xarici marağı cəlb edə bilib. Ancaq mənbə danışıqlara hansı ölkələrin qatıldığını açıqlamayıb.

CanSino Pakistanda və Rusiyada sınaqlar planlaşdırır. Ancaq agentlik şirkətdən şərh ala bilməyib.

CNBG-nin vitse-prezidenti Janq Yuntaonun agentliyə bildirməsinə görə, xarici ölkələr onun şirkətinin eksperimental vaksinin 500 milyonadək dozasının alışına maraq göstəriblər.

“Aydındır ki, Çin pandemiyanın səbəbi deyil, həll yolu olması təsəvvürünü yaratmağa çalışır”, – ABŞ-dakı Xarici Əlaqələr Şurasının qlobal səhiyyə üzrə aparıcı əməkdaşı Yanjonq Huanq deyib.

“İronik olan odur ki, bu interpretasiya getdikcə daha inandırıcı səslənir, çünki Trampın Öncə Amerika yanaşması bir çox ölkələrin ABŞ istehsalı olan vaksinlərə çıxışını məhdudlaşdırır”, – o vurğulayıb.

Filippin Prezidenti Rodriqo Duterte bazar ertəsi deyib ki, ölkəsi vaksin bazarlığında Çin və Rusiyaya üstünlük verəcək və hökumət hər iki ölkəylə danışıqlara artıq başlayıb. Onun sözlərinə görə, Çin digər ölkələrdən fərqli olaraq “bron haqqı”, yaxud avans ödəniş istəmir.

“Çinlə bağlı yaxşı məqam odur ki, yalvarmalı, xahiş etməli deyilsən. Qərb ölkələrinin səhvi bundadır: qazanc, qazanc, yenə də qazanc”, – Duterte vurğulayıb.

XS
SM
MD
LG