Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:01

Əfqanıstan hökumətilə Taliban sülh danışıqlarına başlaya bilər


Ashraf Ghani Loya Jirqa-nın iclasında

Əfqanıstan hökuməti ilə Taliban silahlı qruplaşması ölkədə 20 ilə yaxındır gedən müharibəyə son qoymaqdan ötrü sülh danışıqlarına başlaya bilərlər. Əfqanıstan Prezidenti Ashraf Ghani bundan öncə deyib ki, 400 talibançının azadlığa buraxılmasını təsdiqləyəcək.

Bu addımı Kabildə 3 min 400 tanınmış əfqanın iştirakıyla keçirilən üçgünlük Loya Jirqa (böyük məclis) tövsiyə edib.

Hökumətdəki mənbələr Ghani-nin müvafiq fərmanı avqustun 10-da imzalayacağını bildirib.

Fevralda Vaşinqtonla Taliban arasında bağlanmış sülh sazişində silahlı qruplaşmayla Kabilin danışıqlara başlamasından ötrü məhbusların buraxılması şərt qoyulub.

Danışıqların bir neçə günə Qətərin paytaxtı Dohada başlanacağı gözlənir. Bunu ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad Twitter-də yazıb.

“Biz məhbuslarımız buraxılandan sonra bir həftə içində danışıqlar masasına əyləşməyə hazırıq. Biz hazırıq”, – Talibanın sözçüsü Suhail Shaheen avqustun 10-da “Reuters” agentliyinə deyib.

Ancaq Shahee Ghani-nin Talibanın atəşkəsə əməl etməsinə dair xahişini şərh etməyib, buna danışıqlarda qərar veriləcəyini deyib.

Fevralda imzalanmış razılaşmada 5 min talibançının buraxılması nəzərdə tutulurdu, Kabil onlardan 4 min 600-nü artıq azad edib.

Taliban sənədə uyğun olaraq min hökumət məhbusunu azad etdiyini bildirir, bu səbəbdən qalan 400 talibançının buraxılmasını tələb edirdi.

XS
SM
MD
LG